Hökumət “uşaq pulu”nu bərpa edir? - Pandemiya mövzunu yenidən aktuallaşdırıb

Hökumət “uşaq pulu”nu bərpa edir? - Pandemiya mövzunu yenidən aktuallaşdırıb

 

Koronavirus pandemiyasının ailələrin gəlirinə mənfi təsir etməsi, çoxlu sayda işsizin yaranması, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayının artması "uşaq pulu” mövzusunu yenidən aktuallaşdırıb. Ölkəmizdə 2006-cı ilə qədər tətbiq edilən "uşaq pulu” həmin tarixdən ünvanlı sosial yardımla əvəzlənib.

 

Ünvanlı sosial yardımı "uşaq pulu”ndan fərqli olaraq bütün uşaqlı ailələr yox, yalnız ehtiyacı olan, yoxsul ailələr ala bilər. Karantin rejiminin tətbiqindən sonra ünvanlı sosial yardım almaq istəyi ilə müraciətlər artsa da onların hamısına müsbət cavab verilməyib. Bunu nəzərə alaraq bir çox ekspertlər hesab edir ki, subyektiv qiymətləndirməni aradan qaldırmaq üçün "uşaq pulu”nun bərpası vacibdir.

 

 

Bəs, həqiqətənmi "uşaq pulu”nun bərpasına ehtiyac var?


Sfera.az xatırladır ki, dünya təcrübəsində "uşaq pulu”, uşaqlara görə ailə başçılarına müavinətin verilməsi yalnız 2 prinsip əsas götürülərək tətbiq olunur. Əsas prinsip əhalinin təbii artımının stimullaşdırılmasıdır. Son 40-50 ildə dünyanın bir sıra ölkələrində təbii artımın zəifləməsi, hətta dayanması faktlarına rast gəlinir. Bu ölkələrdə əhalinin təbii artımını dəstəkləmək üçün uşaqların sayına görə ailə başçılarına müavinət verilir. Müavinət müəyyən edilən zaman uşaqların sayı əsas götürülür. İlk uşağa görə verilən müavinət az olur, ikinci uşağa görə artır, üçüncü uşağa görəsə daha böyük məbləğ müəyyənləşdirilir. Uşaqların sayı ona görə əsas götürülür ki, ailədə ən azı 2 və ya 3 uşaq olsun. Buna nail olunduqda, əhalinin sayı azalmır və ölkədə əmək qabiliyyətli insanların sayı yetrəli olur.

 

Belə vəziyyətdə olan ölkələrə yaxın tanıdıqlarımızdan Ermənistanı, Gürcüstanı, Rusiyanı, Ukraynanı göstərmək olar. SSRİ dağılanda Ermənistanda 4 milyon əhali olduğu halda hazırda 2,9 milyon, Gürcüstanda 5,5 milyon olduğu halda indi 3,5 milyon, Rusiyada 148 milyon əhali olduğu halda hazırda 144 milyon, Ukraynada 48 milyon əhali olduğu halda hazırda 42 milyon əhali var. Azərbaycanda təbii artım problem yoxdur və əhalinin sayı hər il artır. Bu səbəbdən SSRİ dağılanda 7,3 milyon əhalisi olan ölkəmizin indi 10 milyondan artıq vətəndaşı var.

 

Elə ölkələr var ki, onlarda təbii artım baş verir. Amma ərazisi çox böyük olduğuna görə, əhali sayının artırılmasını stimullaşdırır. Bu vəziyyətdə olan ölkələrdə də "uşaq pulu” tətbiq edilib. Qazaxıstan, Kanada, Avstraliya bu cür vəziyyətdə olan ölkələrdir. Azərbaycan torpağın ölçüsünə görə də əhali sayının artımını stimullaşdırmağa ehtiyacı olmayan ölkələrdəndir. Adam başına düşən torpaq sahəsinə görə Azərbaycan dünyada ən imkansız vəziyyətdə olan ölkələrdəndir.

 

Sadalanan prinsiplərə əsaslansaq ölkəmizdə "uşaq pulu”na ehtiyac yoxdur. Lakin ölkəmizdə çoxlu sayda ailə var ki, onlarda adambaşına düşən gəlir yaşayış minimumundan azdır. Belə ailələlərdə yaşayan uşaqların zəruru mal və xidmətlərlə təmin edilməsi məsələsində çətinlik yaşanır. Bu məsələnin həlli üçün 2006-cı ildən ünvanlı sosial yardımın tətbiqinə başlanılıb. Ünvanlı sosial yardımın tətbiqi təsiretmə imkanlarına görə "uşaq pulu”ndan daha əhatəlidir. Məsələn, ailələrdə yaşı 18-i keçənlərə, tənha olanlara "uşaq pulu” verilmədiyi halda həmin insanlar ünvanlı sosial yardım ala bilir.

 

Ancaq məsələyə "hər bir şəxsin xərci varsa, gəliri də olmalıdır” prinsipi ilə yanaşdıqda əmək qabiliyyəti olmayan və ya işləməyinə qanunla icazə verilməyən bütün uşaqların minimum səviyyədə gəliri təmin edilməlidir. Bu prinsiplə Azərbaycanda 15 yaşına (bu yaşdan əmək fəaliyyətinə icazə verilir) qədər olan bütün uşaqlara görə müavinət verilməlidir. Buna əks arqument kimi deyilə bilər ki, valideynlər uşaqların xərclərini ödəməyə borcludur. Bu prinsiplə əlil uşaqlara, yaşı 65-i keçən şəxslərin böyük əksəriyyətinə də müavinət verilməməlidir.

 

Qanunvericiliyə əsasən uşaq valideynin himayəsində böyüməli, əmək qabiliyyətini itirən şəxsə isə övladları varsa, onlar baxmalıdır. Bu hal Konstitusiyada öz əksini tapıb. Amma dövlət əlil olan və yaşlı olan şəxslərə müavinət verir. Bu doğru yanaşmadır, ona görə ki, əmək qabiliyyətini itirən həmin şəxslərin zəruri mal və xidmətlərlə təmin edilməsi lazımdır. Həmin şəxslər kimlərin himayəsində yaşamasından asılı olmayaraq onlar xərclərini ödəyə biləcək səviyyədə gəlirə sahib olmalıdırlar. Məhz bu prinsiplə əmək fəaliyyətinə icazə verilməyən yaşda olan uşaqlara da dövlət müavinət ("uşaq pulu”) verməlidir.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR