Həyəcan təbili çalmaq lazımdır, vəziyyət kirtikdir - Deputat

Həyəcan təbili çalmaq lazımdır, vəziyyət kirtikdir - Deputat
Bakının Bülbülə qəsəbəsində bir ailənin, yəni ana və üç azyaşlı uşağın dəm qazından zəhərlənərək dünyasını dəyişməsi xəbəri məni çox sarsıtdı.

Bu sözləri millət vəkili Elmira Axundova Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Deputat bildirib ki, artıq bununla bağlı həyəcan təbili çalmaq lazımdır:

"Günahın 50-60 faizi insanlarda olsa da, 50 faizi də "Azəriqaz”dadır. Bütün ömrümü demək olar ki, köhnə məhəllədə yaşamışam. Buna görə də Sovetski, Yuxarı Dağlıq, Mustafa Sübhi küçələrində qazla bağlı məsələlərə indi də yaxşı bələdəm. Yaxınlarım bildirir ki, bu ərazilərdə qaz keçmişdə olduğu kimi qeyri-stabil verilir, yəni gündüz saatlarında qaz təzyiqi zəifləyir, gecə saatlarında isə 3-4 dəfə güclənir və ya soyuq havada qaz tamamilə kəsilir. Əhali isə bu barədə əvvəlcədən məlumatlandırılmır. Bunun nəticəsində onlarla bədbəxt hadisə baş verir”.

Millət vəkili vurğulayıb ki, belə bəlaların qarşısının alınması üçün ilk növbədə hər bir evdə avtomatik təhlükəsizlik qurğuları yerləşdirilməlidir:

"Azəriqaz”, SOCAR rəhbərliyindən təkidlə xahiş edərdim ki, qaz xətləri yeni qurulan zaman evlərdə sayğacla yanaşı, dəm qazını hiss edən avtomatik təhlükəsizlik qurğusu da yerləşdirilsin. Artıq mövcud olan abonentlərin mənzillərində isə bu qurğular məcburi qaydada quraşdırılsın. Ən əsası isə "Azəriqaz”ın əməkdaşları evlərdə baca, qaz aparatlarının düzgün quraşdırılması ilə bağlı genişmiqyaslı yoxlamalara başlasınlar”.

Deputat bununla əlaqədar bir il öncə hazırladığı qanunun yenidən nəzərdən keçirilməsini təklif edib:

"Düşünürəm ki, "Qaz təchizatı haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin bəzi bəndlərində həmin məsələ ilə bağlı müvafiq olaraq konkretliyi təmin etmək və cəzaları bir az da sərtləşdirmək üçün əlavə dəyişikliyə ehtiyac var. Məsələn, "Qaz təchizatı haqqında” Qanunun 6-cı, "Yoxlama, ödəmə və cərimələr, bu Qanunun pozulmasına görə məsuliyyət” bölməsində müvafiq qanunun pozulmasına görə sadəcə vətəndaşların məsuliyyətindən bəhs edilir. Fikrimcə, buraya "Yoxlama və nəzarəti həyata keçirən orqanın məsuliyyəti” adlı yeni maddəni və "Qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab verib-verməməsi, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törədib-törətməməsi haqqında yanlış rəy verən müvafiq icra hakimiyyəti orqanı, ya onun nümayəndəsi qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır” bəndi əlavə edilməlidir.

İnzibati Xətalar Məcəlləsinin 279-cu "Qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulması” maddəsində isə dövlət energetika və qaz ekspertizasının həyata keçirilməsi tələblərinin pozulmasına, yaxud yanlış ekspert rəyinin verilməsinə görə vəzifəli şəxslərə min manatdan min beş yüz manata qədər cərimə nəzərdə tutulub. Hesab edirəm ki, bu kifayət qədər yüngül bir cəzadır. Çünki elə hallar olur ki, qanun pozuntusuna göz yumaraq yanlış rəy verilməsi nəticəsində böyük bir binada yanğın baş verir və nəticədə onlarla ailəyə külli miqdarda ziyan dəyir, insanlar həyatını itirirlər. Təklifim bundan ibarətdir ki, 279-cu maddəyə 279.0.8-ci bənd əlavə edilsin. Belə ki, fiziki şəxslər 400 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilsin.

Eyni zamanda, nəzarətsizlik şəraitində ağır bədbəxt hadisə və kütləvi şəkildə insan tələfatı baş verərsə, bununla əlaqədar Cinayət Məcəlləsində də dəyişiklik edilməlidir. Yəni vəzifəli və hüquqi şəxslər 3 ilədək cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.Axar

OXŞAR XƏBƏRLƏR