Hər cür kitaba deyil, lazım olana həvəsi artırmalıyıq- ekspert

Hər cür kitaba deyil, lazım olana həvəsi artırmalıyıq- ekspert

"Uşaqlarla bu istiqamətdə işləmək, yaranmış boşluğu doldurmaq üçün elmi yanaşmaya ehtiyac var. Təəssüf ki, bu gün ölkəmizdə belə bir elmi yanaşma yoxdur”

 

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda uşaqların kitaba olan sevgisini qaytarmaq üçün  hansı addımların atılmalı olduğuna münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun fikrincə, bu istiqamətdə proqram hazırlanmalıdır:

 

"Uşaq psixologiyasını yaxşı bilən, ekspert qismində iştirak edən valideynlərin iştirakı ilə birlikdə bu istiqamətdə fəaliyyət proqramı hazırlanmalıdır. Onda aydınlaşacaq ki, müasir dövrün uşaqlarını hansı addımlarla kitaba həvəsləndirmək olar. Uşaq vaxtı mənim üçün ən böyük hədiyyə elə kitab idi. Bu heç də qeyri-adi qabiliyyətimdən xəbər vermirdi. Bu əslində həmin dövrün mühitinin kitaba olan münasibətilə bağlı idi. Həmin illərdə kitaba böyük hörmət olub. Kənddəki kitabxanaçı belə hörmətli adam sayılırdı. Kitabxanaya üzv yazılanda özümüzü ən xoşbəxt hesab edirdik. İndi isə mühit, dəyərlər dəyişib. Habelə uşaqların informasiya almaq mənbələri dəyişib. Amma eyni zamanda, daha keyfiyyətli nəsil yetişdirmək problemi daha da aktuallaşıb. Qloballaşmanın sürətlə getdiyi bir vaxtda yetişməkdə olan nəslin daha keyfiyyətli olmasına çalışmalıyıq. Təbii ki, həmin keyfiyyətin yüksək olmasında da mütaliyə, kitabın rolu böyükdür. Ona görə də çalışmalıyıq aydınlaşdıraq ki, valideynlər burada hansı işi görə, televiziyalarda hansı xüsusi proqramlar ola bilər. Uşaqlıq dövründə qonşunun uşağı ilə müqayisədə daha çox kitab oxuyurdum. Ancaq atası hər oxunan kitaba görə, uşağına şirnikləndirici təkliflər verməklə həmin oğlanın  daha çox kitab oxumasına nail oldu. Hər uşağın bir psixologiyası, keyfiyyəti var. Ona görə də sosioloq olaraq bu məsələyə heç zaman bir sualla cavab verə bilməyəcəyik”.

 

Həmsöhbətimiz onu da vurğuladı ki, indi heç də hər kitaba məhəbbət aşılanmamalıdır:

 

"Ən aktual sual hazırda keyfiyyətli yeni nəsil barədə düşünürək uşaqlarımızın kitaba münasibətini formalaşdırmaqdan ibarətdir. Özü də hər kitaba yox. İndi ortaya bir başqa problem də çıxıb. Bizim dövrümüzdə sovet ideologiyasına uyğun olsa da, ortada olan kitabların mütləq əksəriyyəti tərbiyyəvi xarakter daşıyırdı. İndi isə bazarda olan kitabların bəziləri neqativ xarakter daşıyır. Ona görə uşaqlarda kitaba həvəsi artırmaqla yanaşı, həm də hər cür kitaba deyil, lazım olana həvəsi artırmalıyıq. Başqa ölkələrdə aşağı yaşlı uşaqlarla valideynlərin işləməsi üçün kifayət qədər tövsiyyə xarakterli kitablar var. Amma Azərbaycanda belə bir kitab yox dərəcəsindədir. Bu sahədə boşluq var. Ona görə də bu istiqamətdə də kitablarımız olmalıdır ki, valideynlər də ona uyğun şəkildə övladlarını kitaba həvəsləndirsin, tərbiyyə etsinlər. Bir sözlə, uşaqlarla bu istiqamətdə işləmək üçün də elmi yanaşmaya ehtiyac var. Təəssüf ki, bu gün belə bir elmi yanaşma yoxdur”.

 

Qeyd edək ki, vaxtilə insanlar kitaba geniş həvəs göstərirdi. İndiki gənc nəsil isə kitab oxumağa ciddi maraq vermir. Onlar öz günlərini əsasən internet və sosial şəbəkələrəd keçirməklə məşğuldurlar. Bu mənada uşaqlarda kitaba marağı artırmaq üçün təcili olaraq müəyyən addımların atılmasına ehtiyac vardır.

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR