\"Hər bir namizəd üçün azad rəqabət şəraiti yaradılıb\" - YAP-çı deputat
11:42 / 08.03.2018
3284
"Azərbaycan seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə, çox mütərəqqi və beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik bazasına malikdir. Bütün bunlar isə nəticə etibarilə prezident seçkilərinin yüksək səviyyədə həyata keçiriləcəyini söyləməyə ciddi əsaslar yaradır".
Bu sözləri Sfera.az-a müsahibəsində Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib.
A.Hüseynov deyib ki, beynəlxalq ictimaiyyətin aprelin 11-də keçiriləcək prezident seçkilərinə böyük diqqət göstərəcəyi gözləniləndir.
"Bu da bir neçə amillə əlaqədardır. Əvvəla, bu seçkilər regionda kifayət qədər strateji mövqeyə sahib olan, həmçinin beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi çıxış edən Azərbaycanın gələcək dövrdəki inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcək.
Eyni zamanda, bu seçkilərin nəticələri regionun inkişafı baxımından da əhəmiyyətlidir”.
YAP-çı deputat qeyd edib ki, Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ölkəmizin demokratik inkişafı yolunda növbəti parlaq səhifə olacaq:
"Azərbaycan dövləti bu seçkilərin beynəlxalq standartlara uyğun demokratik şəraitdə keçirilməsi üçün lazımi şəraiti yaradıb. Seçkilərə ictimai maraq da yüksək səviyyədədir. Hər bir namizəd üçün azad rəqabət şəraiti yaradılıb. Yəni, seçki prosesləri qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir. Seçki məntəqələrində veb-kameraların quraşdırılması, müxtəlif yerli və beynəlxalq təşkilatlar tərəfindən "exit-poll”un keçirilməsi, müşahidəçilik institunun inkişafı prosesin tam şəffaf şəkildə baş tutacağına əminlik yaradır".
Orxan Bəşirov