"Hələ öz əmoğlum idi haa... Özgə deyildi ki!.." - Bakirəliyin möhürlə təsdiqi

Sfera.az lent.az-a istinadən Cənubi Azərbaycandan olan yazıçı Ruqiyyə Kəbirinin "Gəlin bacı" hekayəsini təqdim edir.
 
Hələ növbəmizə qalır. Miz arxasında oturub nömrə verən; qara buğdayı saçlı, orta yaşlı  kişiyə baxmaqdan utanıram. Yəqin o da bilir biz niyə gəlmişik. Gözüm divardakı, ağ örpəkli, göyçək uşağın sus deyə, barmağını dodağında saxlayan şəkildə qalıb.
 
Aşpazxananın səkisinə söykənib, dedim: "Getməyəcəyəm!"
 
Gəlin bacı ağ yaylığını buxağının altında sancaqladı. Qar çərçivəli girdə gözlüyünün üstündən mənə baxdı: "Anan bir şey bilir daa, deyir get!.."
Birdən dilimə gəldi deyim ki, axı sənə nə dəxli var, gəlin bacı!. İstəmədim gəlin bacını incidim. Televiziyanı açıb, gözlərimi ekrandakı uçan quşlara zillədim.
Anam, qaşıq əlində aşpazxananın səkisinə dirsəkləndi: "Əlimizdə kağız olsa, bir söz deyəndə təpərik gözlərinə.
 
Gəlin bacı anamın sözünü kəsdi: "Görmədin, anası zəhər tuluğuydu?!"
 
"Verməzdiz daa" - dedim.
 
Anamın əlindəki qaşıq səkinin üstünə damcıladı. "Genə başlama!" dedi. "Tək sən deyil sən haaa... Səndən sonra evdə iki qız da var."
 
Dinmədim. Gözüm ekrandakı quşlarda qalmışdı. Tədqiqatçılar nişan qoymaq üçün halqaları quşların ayaqlarına bərkidib, buraxırdılar.
 
"Nə eyləyim. Elçilər qapını yerindən çıxardır axı..." Anam idi yenə aşpazxanadan səsləndi. Gözüm ekranda - "Bir dəfə də əlimdə qalmışdın daa..." - dedim.
 
Gəlin bacı yenə gözlüyünün üstündən mənə baxanda, elə bildim cizgi filmlərindəki  gözlüklü bütöv aydı. Gümüşü saçlarını ağ yaylığının altında gizlədib.
 
"Qismət qızım, qisməti nə görmüsən!" - dedi.
 
"Mən özümə güvənirəm. Kağız nəyə lazımdı?"
 
Gözləmə otağında, divardakı sus deyən qız başqa oturanlara baxmır. Gözünü, ancaq mənim üzümə tikib. Nömrə verən hərdən-hərdən mənə, bir də yanımdakı qumral saçlı qıza baxır. Elə bil burda bizdən başqa bir adam yoxdur.
Anam bir mənə baxdı, bir də gəlin bacıya. Qaşığı ocaq üstündəki buğlayan qablamanın qırağına vurub, "Qorxuram gəlin bacıya çəkəsən" - dedi.
Qaşığı qablamanın üstünə qoyub, ocağı söndürdü. Sürütmələrini sürütləyə-sürütləyə tənəbiyə gəldi. Əlimdən yapışıb, gəlin bacının yanında oturdub, dedi: "Sən bir söz de, gəlin bacı! Bu qız könəzdi".
 
Gəlin bacı ayaqların uzadıb güldü. Saxta dişləri, mirvari dənələri kimi ağappaq idi. "Qızım! Bəlkə bizim zamanımız kimi yengə-muşata qapının dalısında keşik çəkə!".
 
"İndi o zaman deyil!" dedim. "Biz universitet görmüşük. Hər şeyi bilirik."
Anam da gəlin bacının yanında muxəddənin qabağında yerə oturdu. "Könəzlik eləmə. Gəlin bacının toy gecəsindən bəri, el-tayfanın gözü qorxub, əlimizdə kağız olsa dilimiz uzun olar."
 
Gəlin bacı, sağ yanağından axan gilələri yaylığının ucuyla sildi. Yaylığı sürmə rənginə boyandı. Gözlüyünün altında, sol gözünün çuxurunda bir gilə qaldı. Televiziya kontrolunu yerə çırpıb anama bağırdım: "Getməyəcəyəm... Bildiz... Getməyəcəyəm!"
 
Dedim, getməyəcəyəm; amma gəldim. Üstəlik yanıma bir yengə də qoşdular. Adaxlımdan əlavə, bacısı da bizimlə gəldi. Keşkə onun yerinə gəlin bacı gəlirdi.
Gözləmə otağının ağ, çirkəsov çarpayısı yançaqlarıma batır, mıxdı sanki.
Adaxlım yerində qaynaşır. Sanki onun qızlığının möhürünü kağıza basacaqlar. Yanımda oturan qumral saçlı qızın ətir qoxusu, burnumu acışdırır. Qız mənə baxıb, divardakı şəklin altında əyləşən qadını göstərir. O da qumral saçlıdır. Qırmızı dırnaqları ağappaq əllərini qat-qat gözəl göstərir. Ayaqlarını bir-birinin üstünə aşırıb. Başmaqlarının uca dabanlarına baxıram. Qız "Mamam!" - deyir. "Yanımdakı da adaxlım" - adaxlısına baxmıram. Maması, pomadalı dodaqlarıyla üzümə gülümsəyir. Pomadası dırnaqlarının lakı rəngindədir. "Siz də maynaya gəlibsiniz?" Adaxlımın bacısı məndən qabaq ortaya atılır: "Bəli, bu cümə toylarıdı!" deyir. Canımı qızışma basır. Adaxlım yavaşca qolumu dümsükləyib, gülür.
 
Ürəyimdə bir şey qaynaşır. Sanki damarlarımı sıxır. Az qalıram durum nömrə verən kişinin mizinin üstündəki kağızdələni adaxlımın başına çırpım. Ağ rəngli, kürəkən cins şalvarı gözümə çirkəsov gəlir. Gözümü, divardakı sus deyən qızın dodaqlarına tikirəm. Qız dodaqların büzüb, adaxlıma baxır.
 
 Gəlin bacının göz çuxurundakı yaş giləsi hələ qurumamışdı. "Mən yazılmamış ağappaq kağız kimi idim" dedi. Yaylığını başından açıb, bir də sancaqladı. "O zaman həkim-qabilə yox idi ki qızım!" Sonra bağdaş qurub, bir də dedi "Muşatanın sözü hökm idi!"
 
Anam: "Gəlin bacı! Hələ tayfa davalarından de baa..."
 
Gəlin bacı dedi "Hələ öz əmoğlum idi haa... Özgə deyildi ki!.."
 
Gözucu adaxlıma baxıram. Mayna sözünə gülüb, qolumu dümsükləyəndə, bilmirəm nədən öz yanımda dedim bəlkə özgədi yanımda oturub. Marşrut taksilərdə özünü qadınlara sürtən kişilər yadıma düşdü. Bir an dedim, bəs, ondan zəhləm gedir.
 
Miz arxasındakı nömrə verən kişi pul sayır. Yanımdakı ətirli qız mənə sarı əyilir. Əlini qulağıma tərəf gətirəndə, uzun, mavi manikürlü dırnaqları yanağıma batır.
 
"Sən də qorxusan?"
 
"Bir az".
 
Dırnaqları yanağımı incidir.
 
"Deyirlər bu qabilə öz işində bacarıqlıdır. Tərmimi də yaxşı bilir, hə?.."
 
"Tərmim nədi?".
 
"Heç zad, baba, qızlığı tikirlər daa...".
 
"Nə bilim. Birinci dəfədi gəlirəm".
 
Qızın isti nəfəsi yanağımdan uzaqlaşır. Dodaqları parıldayır. Divardakı qız gözlərini mizin üstdəki dərgilərə zilləyib. Dərgilərin üzərindəki uşaq şəkilləri sus deyən qıza oxşamır. Hamısının dodaqları pomadalı, gözləri sürməlidir. Şəkillərin birini qumral saçlıya göstərirəm "Görəsən, bu uşaqlar, bizim yaşımıza yetişəndə, onlardan da qızlıq vəsiqəsi istəyəcəklər?"
 
Qumral saçlı, şəklə baxıb gülümsəyəndə mayna otağının qapısı açıldı. Qızın gülüşü dodaqlarında dondu. Üç nəfər eşiyə çıxdılar.
 
Gənc qız ilə adaxlısı gülə-gülə qapıya sarı getdilər. Onların arxasından gələn qadının əlində, uzun, ensiz bir paket var idi. Nömrə verən kişi, qumral saçlıya gözucu işarə eləyib "sizin növbənizdi" dedi. Qumral saçlının gözü önümüzdən keçən qadının əlindəki paketdə qalmışdı.
 
Anam aşpazxanadan gəlin bacıya göz elədi, öz yanında dedi bəs görmədim. "Hələ sultan əmmə qızını de baa..."
 
Gəlin bacı ayaqlarını uzadanda, ağ donundakı sarı kəpənəklər sanki ətəyindən yuxarıya uçdular. "Yazıq sultan əmmə qızı..." dedi.
 
İstədim deyim: "Gəlin bacı! Mənə gecə nağılı danışma." Gəlin bacı gözlüyünün şüşələrini hovlayıb, yaylığının ucuyla sildi "Onun günahı yox idi ki! Bibi oğluyla düşmançılıqları var idi, acığını ondan çıxmışdılar. Qızlığını pozmuşdular."
Dilimin ucundaydı az qalmışdı deyim: "Axı sultan əmmə qızından, mənə nə var?"
Gəlin bacı udqundu "Toy gecəsi - əmmə xanım, muşatanın ovcuna pul basmışdı, kimsənin daban qanını şüşəyə doldurub, dəsmalın üzərinə tökməyini muşataya tapşırmışdı. Demə, bəs qan quruyub. Hara çatacaq! Muşata, ha şüşəni çalxamışdı, bir damla qan belə dəsmala tökülməmişdi. O gecə, həm muşata, həm də sultan əmmə qızını ölümünə döymüşdülər."
 
Anam, aşpazxanadan səslənir: "Hələ deyirlər sultan əmmə qızı, bir il yataqdan qalxmadı."
 
Gəlin bacının gözündən yenə də yaş axdı. "Bunların heç biri, xala qızının qızı kimi nisgilli deyildi. Onun qızlığın pozandan sonra, kəbinini bir qutu şirni ilə evlərinə göndərmişdilər. Yazıq xala qızı, iki ay çəkmədi qızın qussəsindən iflic oldu. Ölənə qədər qızının qəbrini belə görmədi".
 
Nömrə verən kişi, mizin siyiməsindən televiziyanın kontrolunu alıb, divarda paya üzərindəki televiziyanı açdı. Yenə dünənki quşların filminin təkrarını göstərirdi. Quşların ayağına metal həlqə vurdular.
 
Qumral saçlıdan sonra, sıra bizə çatacaq idi. Ürəyim gup-gup guppuldayır. Deyirəm, bəs adaxlım da bu ürək döyüntülərimi eşidir. Ancaq onun gözü televiziyadakı quşlardan yayınmır. Bacısı təbəssümlə əyilib, "indi bizim növbəmizdi" deyir. Mənim dodağım qaçır. Divardakı qıza "Bu zəhləm getmiş gəlməsəydi, olmazdı haa..." - deyirəm. Qızın, barmaqlarının altında, dodaqları gülümsəyir.
 
Məktəbin qapısı qəfil açılanda divardakı qız diskindi. Gülüşü dodaqlarında qurudu. Mən də diskindim. İki qadın, gənc bir qızın qolundan yapışıb içəri girdi. Qızın ayaqları yerdə sürünür. Gözünün qarası kirpiklərinə yayılıb, yanağından çənəsinə axıb. Örpəyinin altından yayınıb eşiyə çıxan tellərindəki gül, almas kimi parıldayır. Pomadasız dodaqları cadar-cadardır.
 
Onların arxasınca, otuz yaşlı bir kişi ilə  iki çarşablı qadın içəri girib, nömrə verən kişinin önündə dayanırlar. Qadınlar, qızdan bir az aralıda, çirkəsov səndəllərin üstündə oturublar, kişi isə, nömrə verənlə danışır. Qara cinsinin kürək hissəsi qırışıqdır. Enli kürəyi, nömrə verən kişini görməyimə mane olur. Yalnız səsini eşidirəm. "Növbəsiz olmaz!" deyir. Kişinin əlində gizlətdiyi siqaret, tüstüləyir. Nömrə verən "siqareti eşikdə çəkin" deyir. Şəkildəki qız, əli ağzında öskürür. Kişi, əlindəki siqaretini çarşablı qadınlara göstərib - "Mən eşikdəyəm!" deyir. Gözünün qarası yayılan qızın gözü, onun qırışıq cinsində qalıb.
 
Baldızım, qızın yanındakı qadınlara əyilir: "Siz nə üçün gəlibsiniz?"
 
Qadın: "Dünən gecə toyları idi." deyib əlindəki kağızı göstərir "Əlimizdə kağız da var, elə bu xanım doktor verib" deyir.
 
Gəlin bacının gözünün çuxurundakı yaş gözümdə parıldayır. Utanıram qızın yayılan sürməsinə baxım.
 
Gözüm mayna otağının qapısında qalıb. Qumral saçlı, bayıra çıxır. Adaxlısı, qolundan tutub. Maması arxasından gəlib. Qız üzümə gülümsəyir.
 
Adaxlısından ayrılıb, mənə sarı gəlir. Əyilib qulağıma "Qorxma! Çətin deyil" deyib adaxlısının əlindən yapışıb, gedir. Mamasının dik dabanlarının səsi get-gedə uzaqlaşır.
 
Nömrə verən kişi mənə işarə elədi. Adaxlımla baldızım mənimlə birlikdə qalxdılar.
 
Adaxlımı baldızıma göstərib, dedim: "Olar bu gəlməsin?". O isə yenə dişlərini ağartdı. "Əslikar odu daa..." dedi.
 
Üzünə gülməyim gəlmədi: "Zəhləmgetmiş güləndə, necə də duzsuz olur!" divardakı şəklə dedim.
 
Onlardan qabaq içəri girirəm. Qabilə xanım üzümə gülür. Ondan xoşum gəlir. Gəlin bacı kimi gözlüyünə bağladığı zəncir, üzünün iki tərəfindən sallanıb. Oturduğu səndələ yaraşır. Mavi örpəyinin altından qara telləri qaşqasına tökülüb. Paltosunun bir düyməsi qırıqdı. Qırmızı buluzu görünür. Üzümə gülür, "Pərdənin arxasına keçin!" deyir.
 
Pərdənin arxasında sus deyən uşağın əkiz bacısı divardan mənə baxır. Otaqda, nabələd taxta oxşar bir şey var. Xəstəxanaların taxtları kimi deyil. Keçmişdə kor bağırsaq əməliyyatı üçün xəstəxanada yatmışam. Qabilə xanımın səsi gəlir: "Şalvarını soyun! Qalx uzan mayna taxtına, gəldim."
 
Adaxlımdan adını, şöhrətini soruşur. Mənim qızlığımdan onun adına nə dəxli var, bilmirəm.
 
Mayna taxtına necə çıxacağıma məəttəl qalmışam; ucalığı mənim sinəməcəndir. Ortasında girdə bir deşik, altında istil bir qab var. İki tərəfində ayaqlıq kimi uca paya görünür.
 
Qabilə xanım, əllərində tibbi əlcək, pərdənin dalına gəlir: "Bəs belə niyə? Şalvarını çıxar, uzan taxt üstə!".
 
Baldızım pərdə arxasından səslənir: "Köməyə gəlimmi?"
 
Qabilə xanım "İstəməz" deyir.
 
Nə yaxşı ki, "istəməz" dedi. O zəhləm getmiş gəlsəydi, çıxıb qaçacaqdım.
Şalvarımı çıxara-çıxara, şəkildəki sus deyən qızdan nəsə utanıram. Qabilə çarpayını ayağımın altına itələyir. Gücən-billah mayna taxtına çıxıb, uzanıram.
Qabilə "ayaqlarını, ayaqlıqların üstünə qoy! Can köynəyini bir az yuxarı qaldır" deyir.
 
Divardakı şəkil mənə baxır. Məni görməsin deyə, gözlərimi yumuram.
Gəlin bacı gözlüyünü çıxarıb, muxəddəyə dayandı. Gözünün çuxurundakı yaş qurumuşdu. Dedim: "Sonra nə oldu, gəlin bacı?" Susdu; elə bil sözümü eşitmədi.
Bilmirəm gözlərimdən qulaqlarıma axan nədir. Sürməsi yayılan qız kirpiklərimin arasından gözlərimə girir. Gəlin bacı yerindən qalxıb, pəncərəyə sarı gedir. Nömrə verən kişi saatına baxıb, oturanları sayır. Sultan əmmə qızı yatalıq yatıb. Xala qızının qapısını döyüb, şirni qutusu üstündəki paket içində qızının kəbinini verirlər...
 
Qabilə xanım "Qalxa bilrəsən" deyir. Gözlərimi açıram. Bu dəfə şəkildəki qız gözlərini yumub.
 
Qabilə xanım əlcəklərini çıxara-çıxara "Bütöv qalacaq, qızlığın girdədi" deyir.
 
Adaxlım barmağını ştamp mürəkkəbinə batırıb, kağızın üzərinə basdıqdan sonra barmağını şalvarına sürtür. Ağ şalvarında cövhər ləkəsi qalır...

DİGƏR XƏBƏRLƏR