Həkimlərin sayı niyə azalır? – Ekspertdən “xaricə qaçırlar” açıqlaması

Həkimlərin sayı niyə azalır? – Ekspertdən “xaricə qaçırlar” açıqlaması
 

"Ölkəmizdə həkimlərin sayının azalmasına bu peşəyə sahib olanların bir çoxunun sonradan xaricə üz tutması amili öz təsirini göstərib”.


Sfera.az-a açıqlamasında bu sözləri həkim kimi çalışanların sayının Azərbaycanda azalaraq 2010-cu ildəki 33085-dən 2018-ci ildə 32485-ə düşməsinə münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:

 

"Azərbaycanda həkimlərin sayının azalması heç də bu peşəyə marağın azalması ilə bağlı deyil. Maraq azalmayıb. Bu azalma əslində həkimlərin kütləvi axını ilə bağlıdır. Çoxsaylı həkimlərimiz xaricə üz tutub. Bu peşə sahiblərinin Türkiyəyə, Almaniyaya və başqa ölkələrə kütləvi axını var. Bu mənada da say azalmasında əsas rol oynayan faktor məhz budur. Ölkə daxilində həkimlərin fəaliyyət göstərməsi üçün optimal şərait lazımdır. Nəticədə burada fəaliyyətləri üçün lazımi şərait tapa bilməyən həkimlərimiz xaricə üz tutur və onlar ölkəyə qayıtmağa lüzum görmürlər. Digər tərəfdən, Tibb Universitetinə qəbulda da müəyyən qədər azalma var”.


Həmsöhbətimiz bu azalmada digər səbəbin həkim peşəsinə sahiblənənlərin sonradan başqa işlərə keçməsilə bağlı olduğunu vurğuladı: "Belə ki, bir çoxları həkimlik sənətinə yiyələnsə də, bu sənətdə qərar tuta bilməyərək, başqa işlərə keçiblər. Yəni, həkimlik diplomu alanların heç də hamısı bu peşə ilə məşğul olmur. Araşdırmalar göstərir ki, onların bəziləri biznes sahəsinə üz tutur. Sovet dönəmində planlı təsərrüfat var idi və bölgülər zamanı itkilər az olurdu. İndi isə itkilər çoxdur”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR