“Heç bir şəhərə, kənd və qəsəbəyə fərq qoymuram” - Nahid Bağırov

“Heç bir şəhərə, kənd və qəsəbəyə fərq qoymuram” - Nahid Bağırov
 

Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov 62 saylı Saatlı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəddir. N.Bağırov hesab edir ki, bölgələrdən gənc və yeni dünyagörüşlü şəxslərin parlamentə seçilməsi əhalinin problem və qayğılarının qanunverici orqana daha tez və effektiv çatdırılmasına səbəb olacaq.

Sfera.az  N.Bağırovun müsahibəsini təqdim edir:

- Nahid müəllim, niyə məhz Saatlı?

 

- Çünki Azərbaycanın heç bir şəhərinə, kənd və qəsəbəsinə fərq qoymuram. Biz hamımız azərbaycanlıyıq, Azərbaycanın hər bir guşəsi mənim üçün vətəndir. O cümlədən Saatlı rayonu da. Bilirsiniz, Bakı çox gözəldir, çox inkişaf edib. Fəaliyyət sferamla bağlı dünyanın çox yerində olmuşam, o cümlədən, milyonlarla insanların görmək istədikləri şəhərlərdə. Tam əminliklə və səmimiyyətimlə deyirəm: onların böyük əksəriyyəti gözəlliyinə, təmizliyinə, infrastrukturuna görə Bakıya çata bilməzlər. Ancaq bir reallıq da var ki, Azərbaycan tək Bakıdan ibarət deyil. Mənim fikrimcə, biz iri şəhərlərdən daha çox, rayonlardan parlamentə seçilməyə can atmalıyıq ki, seçildiyimiz təqqirdə onların problemləri və qayğılarını qanunverici orqanlara çatdıraq, bir körpü rolunu oynayaq.

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət və islahatlar nəticəsində bölgələrdə görünməmiş inkişaf tempi izlənir. Yerli istehsal sahələri dirçəldilir, kənd təsərrüfatı və turizmə böyük investisiyalar yatırılır. Bütün bu tədbirlər büdcənin enerji daşıyıcılarından asılılığını azaltmağa yönəlib. Eyni zamanda, bu, minlərlə yeni iş yerləri deməkdir. Bu baxımdan, düşündüm ki, belə bir məsuliyyətli dövrdə Azərbaycanın dilbər guşələrindən biri olan Saatlıdan Milli Məclis üzvlüyünə seçilməyə cəhd edim və açığını deyim, yerli insanların rəğbətini qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəm.

- Siz Azərbaycanda turizm sferasının öncüllərindənsiniz. Düşünmək olardı ki, işinizin çoxluğu və sıx məşğulluğunuz səbəbilə...

- Əslində, professional fəaliyyətimin Milli Məclis üzvlüyünə mənfi təsir edəcəyini düşünmürəm. Bəli, turizm mənim maraq sferamdır, ölkədə bu sahədə bir çox yeniliklərin müəllifi olmuşam. Ancaq bu o demək deyil ki, ömrüm boyu qapanıb bir sahədə qalmalıyam. İqtisadiyyatla da maraqlanmalıyam, siyasətlə də, qanunvericilik fəaliyyəti ilə də... Yeri gəlmişkən, bildiyiniz kimi, Saatlı aqrar, kənd təsərrüfatı rayonudur. Bax bu sahələr də mənim üçün bir yenilik və çağırışdır. Hesab edirəm ki, yerli sakinlər qarşısında məşğulluq istiqamətində bir sıra maraqlı və reallaşdırılması mümkün olan vədlərlə çıxış edə biləcəm. Bildiyiniz kimi, "Regionların sosial-iqtisadi inkişaf proqramı”nda bütün bölgələr, o cümlədən, Saatlı rayonunun da ehtiyacları nəzərə alınıb. Düşünürəm ki, əsil deputat, ən fəal millət vəkili hökumətin bu proqramın çərçivələri daxilində görəcəyi tədbirləri yerli əhaliyə effektiv çatdıra bilən, qarşıya qoyulmuş məqsədlərin tez bir zamanda gerçəkliyə çevrilməsi üçün səylər göstərən şəxsdir. Mən belə bir deputat olmaq istəyirəm. 

- Təbliğat üçün hansı aksiyaları həyata keçirmək istəyirsiniz?

- İlk növbədə insanlarla canlı ünsiyyət. Maksimum görüşlər. Hamının evinə gedəcəyəm desəm, yalan olar. Bu, fiziki cəhətdən mümkün deyil. Ancaq çox adamın evinə, Saatlının əksər küçə və məhəllələrinə getmək fikrindəyəm, insanlarla, seçicilərlə vasitəçisiz görüşmək niyyətindəyəm. Vədlərimin, platformamın məntəqə qarşısındakı lövhədən oxunması mənim üçün kifayət deyil. Hər bir seçicini səmimiliyimə inandırmaq arzusundayam. Ümid edirəm bu niyyətimin gerçəkliyə çevrilməsinə nail ola biləcəm.

- Ümumiyyətlə, seçkilərə qatılmaq qərarına nə üçün gəldiniz?

- İlk və əsas səbəb təbii ki, prezident cənab İlham Əliyevin həyata keçirdiyi kadr islahatları oldu. Dövlət başçısı bütün sferalarda idarəedici funksiyaları gənc, yeni təfəkkürlü, müasir dünyagörüşlü, dövrün tələbələrinə cavab verən təhsilli şəxslərə həvalə edir. Hamımız görürük ki, prezident İlham Əliyevin bu addımı özünü doğruldur, bütün idarəçilik sahələrində canlanma, şəffaflaşma var. Mənim üçün stimul rolunu bu amil oynadı.

Prezident gəncləri Milli Məclisə seçkilərdə iştirak etməyə, aktiv olmağa çağırdı. Bu o deməkdir ki, dövlət başçısı yeni parlamenti ölkədə həyata keçirilən islahatlar prosesinin mühüm bəndi olaraq görür. Yəni icra strukturlarında başlayan kadr və struktur islahatlarının izlənildiyi reallıqda qanunverici orqanın da yenilənməsi labüddür. Odur ki, əgər nədən bu qərarı qəbul etdiyimi soruşursunuzsa, deyə bilərəm ki, bu islahatların bir parçası olmaq, özümü yeni fəaliyyət sahələrində sınamaq, insanlarımıza yardımçı olmaq istəyirəm.

- Qeyd etdiniz ki, turizm sahəsində bir çox yeniliklərin müəllifisiniz. Saatlıda necə, bu istiqamətdə potensial varmı?

- Məncə, Azərbaycanın bütün bölgələrində turizm üçün böyük potensial var. Təbiətimiz çox zəngindir, özünün həm florası, həm də faunası ilə. O cümlədən, Saatlıda da. Baxın, xalqımızın zəngin tarixi, maddi-mənəvi dəyərləri, mətbəxi var. Bu zənginliyi hər bir bölgədə özünəməxsus şəkildə istifadə etmək olar. Sadəcə yetərli infrastruktur yaradılmalıdır, bu, həm yerli, həm də əcnəbi turist üçün başlıca şərtdir. Əminəm ki, bu tələblərə cavab verə bilsək, Saatlını da turizm üçün aça bilərik. Əminəm, bu rayonumuzun da elə bir cəlbetmə gücü var ki, ondan lazımi şəkildə istifadə etsək, tez bir zamanda bəhrəsini görə bilərik. (qafqazinfo)


OXŞAR XƏBƏRLƏR