Həbsdə olan sabiq məmurlarla bağlı araşdırma aparılmalıdır – Onlara komfort şəraiti kimlər yaradır?
15:46 / 06.05.2021
2971
"Həbs olunan heç bir şəxs təcridxanada olduğu
müddətdə qoyulan qaydalardan kənara çıxaraq hənsısa güzəşt, imtiyaz əldə edə bilməz. Bu kimi hallar
baş veribsə, deməli, nizam-intizam qaydaları pozulub”.
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda
sabiq vəzifə sahibi olan imkanlı məhbusların təcridxanalarda özləri üçün
komfort şərait yaratması haqda məlumatlara aydınlıq gətirərkən vəkil Vamiq
Şükürov deyib:
"Həbsxanalarda qaydalar Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsi və onun əsasında qəbul olunan fərman, qərar və normativ aktlarla
tənzimlənir. Bu mənada heç bir təcridxana həmin qayda və normalardan kənar fəaliyyət
göstərə bilməz. Həm də təcridxanalar daxili intizam qaydaları ilə tənzimlənir. Həmin
qaydalarda da bütün saxlanılan şəxslərin, dustaqların eyni qaydada, ərzaq,
geyimlə təmin olunması eyni tipli kameralarda yaşaması, eyni qida ilə
qidalanması öz əksini tapıb. Heç bir həbs olunan şəxs qoyulan qaydalardan kənara
çıxaraq hənsısa bir güzəşt əldə edə bilməz. Bu qadağandır”.
Vəkil qeyd edib ki, qanunvericiliyə əsasən
Ədliyyə Nazirliyi və Prokurorluq belə pozuntuları müəyyən etməli və cinayət əməli
varsa, cinayət işinin açılması üçün tədbirlər görməlidir: "Təcridxanalarda belə olaylar baş veribsə,
bunlar Azərbaycan Prezidenti və Milli Məclis tərəfindən qəbul olunan qanunlara
və Nazirlər Kabinetinin göstəriş, fərman və sərəncamlarına əməl olunmaması deməkdir”.
Həmsöhbətimiz sözügedən pozuntulara son vermək
üçün təcridxanalara ictimai nəzarətin gücləndirilməsini vacib hesab edir:
"İnsanlar Prezident Adminstrasiyası, Nazirlər Kabineti, Ədliyyə Nazirliyinə,
Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə məlumat verməlidir ki, araşdırmalar
aparılsın”.