“HEÇ FİKRİM DƏ YOXDUR...” - Müxalifətdən Koronavirus Fonduna kimlər pul köçürüb?

“HEÇ FİKRİM DƏ YOXDUR...” - Müxalifətdən Koronavirus Fonduna kimlər pul köçürüb?

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin toplanması prosesi davam edir. İmkanlı şəxslər, iş adamları, şirkətlər ölkənin bu ağır günlərində sözügedən fonda pul köçürməklə koronavirusla mübarizə prosesinə dəstəklərini ifadə edirlər. Maraqlıdır, bəs ölkə müxalifəti prosesə qoşulubmu?

 

Sfera.az müxalifət düşərgəsində qərarlaşan partiyaların funksionerlərinə müraciət edərək, mövzunu araşdırmağa çalışıb. Beləliklə...


"Köçürməmişəm, imkansızam”

Bu sözləri koronavirus pandemiyası ilə bağlı Azərbaycanda yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir çoxları kimi müxalifət partiyaları və onların liderlərinin pul köçürüb-köçürmədiklərinə aydın gətirərkən KXCP sədri Mirmahmud Mirəlioğludeyib: "Köçürməmişəm, fikrim də yoxdur. İmkanım olsa, böyük məmuniyyətlə”.


"Özümüzün xüsusi fondumuz var”

Bunu isəMüsavat Partiyasının başqanı Arif Hacılı bildirib: "Müsavat Partiyasının özünün xüsusi fondu var. Tanıdığımız adamlara, partiya üzvlərimizdən imkansız olan şəxslərə yardım edirik. Amma yaratdığımız bu fonda indiyə kimi nə qədər vəsait köçürüldüyünü bilmirəm. Çünki prosesə mən nəzarət etmirəm. Hər halda ora vəsait yığılır və ehtiycı olan, çətin vəziyyətdə olan insanlara həm maddi yardım göstərilir, həm də dərman preparatları alınır. Ancaq dövlətin yaratdığı fonda Müsavat Partiyası üzvlərindən kimlərinsə vəsait köçürüb köçürmədikləri barədə məlumatsızam. Özüm də bu fonda hər hansı bir vəsait köçürməmişəm”.

 

"İmkanımız olsaydı öz üzvlərimizə yardım edərdik”

Bunu isə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu söyləyib: "Elə bir imkanımız yoxdur ki, sözügedən fonda hansısa bir vəsait köçürə bilək. İmkanımız olsaydı öz üzvlərimizə yardım edərdik. Bəziləri deyir ki, şərti olaraq 5-10 manat köçürmək olar. Amma partiya səviyyəsində bu qədər cüzi məbləğ köçürmək də düzgün olmazdı. Ancaq nə edək ki, təşkilatımızın buna imkanı yoxdur. Hər kəs özünə yardım edə bilsə, elə bilirəm ki, bunun özü koronavirusla mübarizədə ciddi yardım ola bilər. İmkanımız olsaydı elə üzvlərimizin müəyyən problemlərilə məşğul olardıq”.

 

"Köçürmüşəm”

Bunu isəAMİP lideri Etibar Məmmədov bildirib: "Fonda şəxsən özüm müəyyən məbləğdə pul köçürmüşəm. Ancaq məbləği deyə bilmərəm. Nə qədər olmasının fərqi yoxdur ki”.

 

"Yardım prosesində iştirak etmişik”

Bunu əməkdaşımızla söhbətində VHP sədri, deputat Sabir Rüstəmxanlı deyib: "Fonda pul köçürmüşük. Həm şəxsən özüm, həm də Vətəndaş Həmrəyliyi Partiyası yardım təşəbbüsünə qoşulmuşuq. Ancaq məbləği açıqlamaq istəməzdim.Bu məsələdə işlərin reklam olunmasını doğru saymıram”.

 

Əvvəl "yox” dedi, sonra zəng edərək...

ASDP sədri Araz Əlizadə saytımıza verdiyi ilk açıqlamada fonda pul köçürmədiyini və belə bir fikrinin olmadığını desə də sonradan əməkdaşımıza zəng edərək Fonda vəsaitköçürəcəyini bildirdi.

 

"Bu barədə düşünürəm”

Bunu isə saytımıza ReAL-ın icra katibi Natiq Cəfərli söylədi: "Partiyamızın rəsmi qeydiyyatı olmadığından rəsmi hesabımız da yoxdur. Ona görə də ReAl adından rəsmi şəkildə hər hansı bir formada ianə yardımı etmək mümkün deyil. Amma üzvlərimizdən fonda ianə edənlər olub. Özüm də bu barədə düşünürəm. Amma bu zaman bir məsələ maraqlandırır. Belə ki, fonda yığılan vəsaitin xərc istiqamətləri hələ də açıqlanmayıb. Təşəbbüs yaxşıdır, amma yığılan vəsaitin hansı istiqamətdə xərclənəcəyi öncədən açıqlansa, daha çox insan dəstək olmağa çalışacaq. Şəxsən bu vəsaitin maddi durumu aşağı olan insanların sosial vəziyyətinin yaxşılaşmasına xərclənməsinin tərəfdarıyam”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR