Havanın yağışlı keçməsi, çimərlik mövsümünü gecikdirir? - RƏSMİ CAVAB

Havanın yağışlı keçməsi, çimərlik mövsümünü gecikdirir? - RƏSMİ CAVAB
"Çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq artıq xidmət tərəfindən tədbirlərin keçirilməsinə başlanılıb".
 
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət mayoru Aqşin Əlili Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
 
A.Əlili qeyd edib ki, hər il FHN kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti tərəfindən çimərliklərdə təhlükəsizliklə bağlı qabaqlayıcı tədbirlər həyata keçirilir:
 
"Bu il də təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub və artıq  bəzi tədbirlərə start verilib. Bakı və Sumqayıt şəhərlərinin sahilboyu ərazilərində monitorinqlər həyata keçirilib. Səbail, Suraxanı, Xəzər və Qaradağ  rayonlarının İcra hakimiyyətlərində geniş tərkibli işçi müşavirələr təşkil olunub. Həmin müşavirələrdə yerli icra orqanlarının, bələdiyyələrin, Sanitar Epidemologiya Mərkəzinin, Səhiyyə Nazirliyinin, Təcili Tibbi Yardım Stansiyasının briqadalarının, polis və digər adiyyatı qurumların əməkdaşları ilə geniş müşavirə təşkil olunub".
 
A.Əlili qeyd edib ki, müşavirədə monitorinq zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə adiyyatı üzrə qurumlara tapşırıq və göstərişlər verilib:
 
"Bu kimi müşavirələr Binəqədi, Sabunçu və Sumqayıtda da təşkil olunacaq. Xidmət tərəfindən nəzarət olunan ictimai çimərliklərdə hər il olduğu kimi bu il də sualtı baxışlar həyata keçiriləcək. Sualtı baxışların həyata keçirilməsində əsas məqsəd sahil zolağında sualtı olan hissələrdə yad cisimlərin təmizlənməsi eyni zamanda, çimərlik üçün təhlükəli olan yarğanların, çuxurların müəyyən olunmasıdır. Yaxın günlərdə də monitorinqlərə başlanılacaq. Çiməriklərdə insanların maarifləndirilməsi məqsədilə nəzərdə tutulmuş maarifləndirici lövhələrin təmirinə başlanılıb. O lövhələrin üz qabığı vinildən hazırlanır, artıq həmin vinillər çap olunur. Maarifləndirmə işlərinin ictimai nəqliyyat və metroda da həyata keçirilməsini nəzərdə tutmuşuq. İyun ayının əvvələrindən etibarən üzmə sərhədlərini müəyyən edən nişanlar da ərazidə quraşdırılacaq”.
 
Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü hər il iyunun 15-də başlayır.

 
 

OXŞAR XƏBƏRLƏR