Hamının evi olacaq - Prezidentdən gənclərə müjdə

Hamının evi olacaq - Prezidentdən gənclərə müjdə

“Ölkə prezidentinin ipoteka ilə bağlı son fərmanı birmənalı şəkildə təsdiq edir ki, Azərbaycanda sosial ipoteka, eləcə də mənzil təminatı ilə bağlı siyasətin reallaşması, vətəndaşların mənzillərlə təmin edilməsi daim diqqət mərkəzindədir”. 

Bunu Xezerxeber.com-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. 



Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən belə bir fərmanın imzalanması həmin siyasətin bir daha nümayiş etdirilməsi baxımından olduqca vacib idi: “Bu ipoteka kreditləşməsində yeni mərhələnin başlanğıcı olacaq. Fərman ipoteka kreditlərinin şərtlərinin yüngülləşməsinə şərait yaradacaq. Son illər ipoteka kreditləri ilə mənzil alanların sayında artım olsa da, gənc ailələrin ipoteka almaq üçün imkanları məhdud olaraq qalmaqda idi. Belə ki, şərtlərin təkmilləşdirilməsinə və yeni şərtlərin tətbiq edilməsinə ehtiyac var idi. Bu fərman birmənalı şəkildə imkan verəcək ki, ipoteka kreditlərinin şərtləri yüngülləşsin. Həmçinin faiz dərəcələrinin aşağı salınması da bura daxildir”.

V.Bayramov qeyd edib ki, bundan sonra ipoteka krediti almaq üçün lazım olan sənədlərin sayında azalma olacaq. Çünki fərmanda gənc ailələrin ipoteka kreditləri ilə təmin edilməsi əsas vəzifə olaraq qiymətləndirilir. 

“Yeni qurum imkan verəcək ki, həmin proseduraların sayı azalsın. Eyni zamanda bu fərman imkan verəcək ki, yüksək məbləğdə maaş alan deyil, eyni zamanda orta aylıq əmək haqqı alan vətəndaşlarımız da ipoteka kreditindən faydalana bilsinlər. Çünki faiz dərəcələrinin aşağı salınması aylıq ödəniş məbləğinin azaldılması demək olacaq. Bu da nisbətən aşağı əmək haqqı alan vətəndaşlarımızın da ipoteka kreditlərindən faydalanmasına imkan verəcək. Xüsusən aztəminatlı ailələrin və gənclərin bundan yararlanması mümkün olacaq”. 



Ekspert hesab edir ki, ipoteka ilə bağlı fərman İpoteka Fondunun cəlb etdiyi vəsaitlərin həcmini artıracaq və fondun maliyyə dayanıqlığının artmasına imkan yaradacaq: “Fərmana əsasən uzun müddətli, xüsusilə 5 ildən artıq müddətə ipoteka istiqrazlarının yerləşdirilməsi nəzərdə tutulur ki, istiqrazlarının yerləşdirilməsi də İpoteka Fonduna əlavə vəsaitlər cəlb etmək imkanı verəcək. Nəzərə alsaq ki, istiqrazlar dövlət zəmanəti ilə yerləşdiriləcək, bu İpoteka Fondu üçün dayanıqlı gəlirin təmin edilməsinə imkan verəcək. Bu da fond tərəfindən təklif edilən kreditlərin məbləğinin artırılmasına imkan verəcək və bununla da fond daha çox krediti təklif etmək imkanlarına malik olacaq”.

V.Bayramov əlavə edib ki, fərmand inşaat üçün verilən icazə qaydalarının sadələşdirilməsi nəzərdə tutulur: “Tikinti şirkətləri daha sadə proseduralarla icazə ala biləcək. Bu tikinti şirkətlərinin xərcini azaldacaq. Həmçinin mənzil qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Bununla da ucuz qiymətə mənzillər təklif etmək mümkün olacaq. Bakıda inşa edilən hündürmərtəbəli binaların təxminən 80 faizinin “kupça”sı yoxdur. Bundan sonra vətəndaşlar sadə qaydalarla “kupça” almaq imkanlarına malik olacaq. Vətəndaşlar “ASAN Xidmət”ə müraciət edərək sadə qaydalarla “kupça” ala biləcəklər”.

Qeyd edək ki, ötən gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” ASC Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir

Sfera.az


OXŞAR XƏBƏRLƏR