Halı pisləşdi, qadağan olunmuş yerdə maşını saxladı və ...cərimə olundu
22:15 / 16.05.2018
3328
Bu günlərdə Bakının Səbail rayonu, Zərifə Əliyeva küçəsində 90-SV-103 nömrəli "Land Rover” markalı avtomobilin sürücüsü dayanma-durmanı qadağan edən nişanın təsir dairəsində avtomobilini saxlayıb.
Bu zaman DYP əməkdaşı sürücüyə yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildirib və protokol tərtib etmək üçün sənədləri istəyib. Lakin sürücü barəsində protokol tərtib edilməsinə etiraz edib, bildirib ki, həmin nişanın təsir zonasında məcburi dayanıb. Çünki halı pisləşib, başı hərlənib və avtomobili idarə edə bilməyib. Bundan sonra DYP əməkdaşı sürücü üçün təcili yardım çağırıb.
Hadisə yerinə gələn təcili yardım briqadası sürücünün vəziyyətinin həqiqətən pisləşdiyini müəyyən ediblər və onun təzyiqinin kəskin yüksəlməsini qeydə alıblar. Sürücüyə qan təzyiqini endirmək üçün dərman verilib. DYP əməkdaşı həkimin rəyindən sonra sürücünün cərimə olunmayacağını bildirsə də, sonradan məlum olub ki, ona MMX tərtib olunub, 20 manat cərimə edilib.
Bəs belə situasiya ilə qarşılaşan sürücü nə etməlidir? Qəfildən halı pisləşən sürücü dayanma-durmanın qadağan olunduğu yerdə avtomobilini saxlayarsa, ona cərimə yazılması qanunidirmi?
Ə. Hüseynov həmçinin bildirib ki, belə halda cərimə olunan sürücülər daxili işlər nazirinin və ya DYP rəisinin adına məktub yazaraq bütün sadalanaları qeyd etməlidir. O zaman həmin protokol ləğv olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev isə virtualaz.org-a açıqlamasında bildirib ki, belə hal baş verərsə, fakt araşdırılmalıdır: "Həqiqətən aprel ayının 13-ü saat 14:00 radələrində Zərifə Əliyeva küçəsində belə hal baş verib. Amma biz görüntüləri araşdırdıq və məlum oldu ki, həmin vaxt avtomobildə nə sürücü, nə də sərnişin olub. Bu nəqliyyat vasitəsinə elektron protokol parklanma qaydasını pozduğuna görə yazılıb. Əgər fakt siz dediyiniz kimidirsə, bu araşdırılmalıdır. Yəni həqiqətən sürücünün halı pisləşibsə, məcburi dayanıbsa, təcili yardım çağırılıbsa, o zaman cərimə olunmamalıdır”.