Gürcülərin Bakıda qaldırdığı təxribatçı plakata etiraz: “BİR KİLSƏYƏ GÖRƏ …”
Son günlər Keşikçidağ ətrafında cərayan edən hadisələr fonunda gürcü mənşəli iki şəxsin Bakının mərkəzində qaldırdıqları şüar gərginləşən ziddiyyəti bir qədər də alovlandırmış oldu. Belə ki, həmin şəxslər Dağüstü parkda, "Alov qüllələri”nin qarşısında gürcücə və ingiliscə "David Garace Gürcüstanındır” yazılmış plakatla şəkil çəkdirərək yayıblar və bu, sosial şəbəkələrdə böyük etirazlara səbəb olub.
Millət vəkili Aydın Mirzəzadə bununla bağlı Sfera.az-a açıqlamasında bildirib ki, fotoşəklin fotomontaj olub-olmamasını yoxlamaq lazımdır. Əgər, doğrudan da belə bir hal baş veribsə həmin ərazinin mühafizəsinə məsul olan təhülkəsizlik qüvvələri qınanmalıdır: "Axı onların vəzifəsi təkcə ərazini qorumaq deyil, həm də bu cür provakativ halların qarşısını almaqdır. Dünyanın heç bir ökəsində xarici ölkə vətəndaşı provakativ plakatlar qaldıra bilməz”.
Millət vəkili xatırladıb ki, Gürcüstanın bir dövlət kimi ayaqüstə durmasına çox böyük dəstək verən Azərbaycan olub. Görünür, qonşu dövlətdə bəzi dairələr Gürcüstan iqtisadiyyatının dayağı olan Azərbaycanın etdiyi yaxşılıqları unudurlar: "Bir kilsəyə görə Azərbaycanla münasibətləri korlamaq, mən hesab edirəm ki, Gürcüstan üçün özünəqəsddir. İş burasındadır ki, Gürcüstanla Azərbaycanın münasibətləri korlanarsa bu daha çox onların ziyanına olacaq. Gürcüstan rəsmilərinin bu məsələdə daha diqqətli olmaları, radikal qüvvələrə ölkə daxilində cavab vermələri lazımdır”.
A.Mirəzzadə qeyd edib ki, dünən (13 may-red) Brüsseldə Azərbaycan və Gürcüstan Xarici İşlər nazirləri görüşüblər, Keşikçidağ məsələsi ətrafında müzakirələr aparıblar: "Hər iki tərəfdən komisiyalar işləyir. Kimlərsə Azərbaycanı provakasiyaya çəkmək istəyəcəklərsə Azərbaycan buna getməyəcək. Bununla belə özünün prinsipial mövqeyini ortaya qoyacaq”.
Rəşad
Sfera.az