Texnologİya

Günəşdən Yerə doğru plazma seli gəlir: Geomaqnit qasırğasının fəsadları

Günəşdən Yerə doğru plazma seli gəlir: Geomaqnit qasırğasının fəsadları

Günəşdən Yerə doğru gələn plazma seli canlı aləmə mənfi təsir göstərir.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılov gözlənilən geomaqnit qasırğasından danışarkən deyib.

O bildirib ki, son bir neçə ildə qlobal istiləşmə özünü göstərməkdədir. Qrenlandiyada buz qatlarının əriməsinə diqqət çəkən N.İsmayılov bildirib ki, tədqiqatlar Yer tarixində zaman-zaman bu cür hadisələrin olduğunu göstərir:

"Bəzi mütəxəssislər hesab edir ki, belə hallar Yerdə olan texnogen hadisələrin nəticəsidir. Yəni sənaye inkişaf etdikcə, atmosfer çirklənməsi baş verir. Burada həqiqət var. Amma onu da qəbul etmək lazımdır ki, kainatda Yerin ölçüləri o dərəcədə qlobal göstərici deyil ki, hadisələrə daha çox təsir etsin”.

Professor qeyd edib ki, 10 min ildən bir Yerdə katastrofik hadisələr baş verir:

"Məsələn, Günəş aktivliyində, 10-20 illik tsikllər var. Günəşdə periodik dəyişmələr olur ki, bu da Yerə təsirsiz ötüşmür. Bizdə olan məlumata görə, hazırda Günəş fəallığı azalmaq üzrədir. Yəni qarşıdakı illərdə Günəş fəallığının daha da azalacağı gözlənilir”.

N.İsmayılov bildirib ki, Günəş böyük bir plazma kütləsidir:

"Plazma hərəkət etdikcə, maqnit sahəsi yaranır. Günəşdə maqnit sahəsinin yaranması üçün müxtəlif mexanizmlər var. Ən çox qəbul olunan dinamo mexanizmidir. Günəşin atmosferi diferensial fırlanır. Sadə dillə desək, atmosferin müxtəlif təbəqələri ox ətrafında müxtəlif sürətlə fırlanır. Nəticədə də maqnit sahələri yaranır. Maqnit sahələri Günəşin daxilindən gələn enerjini plazma ilə bir yerdə bayıra ötürür. Bu zaman çoxlu maddə maqnit sahəsinin təsirinə düşür”. 

Rəsədxananın əməkdaşı deyib ki, Günəşdəki maqnit sahəsi enerjini özündə toplayır və onu boşaltmağa məcbur olur:

"Bu isə alışmalara səbəb olur. Alışmalar nəticəsində Yer kürəsi istiqamətinə plazma seli gəlir. Bu sellər digər istiqamətlərdə də atıla bilər, bunun təhlükəsi yoxdur.

Bizim üçün ağır hal o vaxt olar ki, proton, neytron və elektron seli Yerə doğru gəlsin. Amma Yerin maqnit sahəsi var və bu sellərə qarşı müqavimət göstərir. Buna baxmayaraq, bu proses Yer səthində həyəcan yaradır, o cümlədən canlı aləmə və bitkilərə, radiorabitəyə mənfi təsir göstərir”.

Qeyd edək ki, Şamaxı Astrofizika Rəsədxanası maqnit qasırğasının gözlənildiyi barədə xəbərdarlıq edib.

Məlumatda bildirilir ki, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Proqnoz dövründə - 5-7 avqust tarixlərində Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031