AdRiver

"Görünür, bu qovhaqovda Paşinyanın ən çox başı zərər görüb" - deputat Elman Nəsirov

"Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi son fikirlər psixoloji sayıqlamalardan başqa bir şey deyil. Görünür, gərgin inqilabi proseslərin mərkəzində yer almış Paşinyanın bu qovhaqovda ən çox zərər görmüş orqanı məhz başı olub". 
 
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib. 

Deputat deyib ki, Ermənistanın yeni rəhbərliyinin düşdüyü böhrandan yeganə çıxış yolu Azərbaycan torpaqlarını işğaldan azad etməkdir:

"Bu yolu növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin müqəddəs Ramazan bayramı münasibətilə təşkil etdiyi iftar mərasimində göstərdi. Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq". 

Elman Nəsirov qeyd edib ki, Paşinyanın bu cılız "arqumentləri” ilə tanış olduqda xalqımızın məşhur "bişmiş toyuğun gülməyi gəlir” deyimi yada düşür: 

"Onun heç bir tənqidə dözməyən bu mövqeyinə qarşı çox ciddi, təkzibolunmaz faktlar var. Əvvəla sual yaranır ki, əgər doğrudan da Paşinyanın söylədiyi kimidirsə, bəs onda Dağlıq Qarabağda nəyə görə Ermənistanın hərbi hissələri yerləşir? İkincisi, Ermənistan vətəndaşları hansı əsasla Dağlıq Qarabağda hərbi xidmət keçir? Paşinyan parlament kürsüsündən bəyan edir ki, oğlunu hərbi xidmət keçmək üçün məhz Dağlıq Qarabağa göndərəcək. Parlament və hökumət üzvlərini də analoji addım atmağa səsləyir. Faktiki olaraq, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən qorunduğu heç kəsə sirr deyil. Ümumiyyətlə, qondarma "Dağlıq Qarabağ respublikası”nın Ermənistandakı xunta rejimi tərəfindən yaradıldığı və idarə olunduğu heç vaxt "tamamilə məxfi” qrifində saxlanılan məsələ olmayıb və bu gün də belədir". 

Politoloq vurğulayıb ki, Nikol Paşinyanın nonsens kimi qarşılanan bu mövqeyi müttəfiqi hesab olunan Rusiyada da narazılıq doğurub: 

"Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin departament rəisi Artyom Kojim Ermənistanın baş nazirinin bu fikirlərini "qeyri-konstruktiv mövqe” kimi qiymətləndirib. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da "Nezavisimaya” qəzetinin müxbirinin "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müstəqil tərəf kimi iştirakının mümkünlüyü” ilə bağlı sualına cavab olaraq bildirib ki, bu məsələyə yalnız Ermənistan və Azərbaycan arasında razılaşma olacağı təqdirdə baxıla bilər. Bu məsələdə Sergey Lavrov Azərbaycanın prinsipial mövqeyi ilə yaxından tanışdır. Deməli, əslində o, Dağlıq Qarabağın danışıqlar prosesində iştirakının mümkünsüzlüyünü Ermənistana başa salıb".

Orxan Bəşirov
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---