Generallar Bakıda Qarabağdan nə danışdı?

Generallar Bakıda Qarabağdan nə danışdı?

Azərbaycan son günlərdə yenidən dünya güclərinin diqqət mərkəzinə düşüb. Sentyabrın 7-də Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında keçirilən görüş ölkəmizin dünyadakı nüfuzunu daha da artırdı.

Qeyd edək ki, Azərbaycanda keçirilən bu tipli görüşlər artıq mütəmadi hal almağa başlayıb. Belə ki, bu ilin fevralında Amerika və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri də məhz Bakıda görüşmüşdülər. Ekspertlər burun-buruna dayanan super güclərin görüş üçün ölkəmizi seçmələrinin təsadüf olmadığını vurğulayır, bu tipli görüşlərin ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət nəticələrinin olacağından söz açırlar. Belə görüşlərin bundan sonra da davamlı olacağı qeyd olunur.

Politoloq, deputat Elman Nəsirov Musavat.com-a açıqlamasında bu görüşün geosiyasi əhəmiyyətindən danışdı: "Hər kəsə bəllidir, bu bir həqiqətdir ki, Bakıda keçirilən bu görüş çox mühüm geosiyasi əhəmiyyəti olan bir hadisədir. Son zamanlar Rusiya ilə Amerika, NATO arasında münasibətlər son dərəcə gərginləşib. Hətta bu vəziyyət ”soyuq müharibə" dövrü ilə müqayisə olunur. Xatırlayırsınızsa, bu ilin fevralında da Amerika və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Bakıda görüşmüşdülər. İndi də artıq ikinci belə bir görüş keçirilib. Bu onu təsdiqləyir ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeləri olduqca güclənib. Eyni zamanda bu, onu da təsdiqləyir ki, ölkə rəhbərinin həyata keçirdiyi balanslı siyasət müstəqil siyasətin birbaşa nəticəsidir. Bunun bizə çox böyük siyasi dividentlər gətirəcəyini indidən söyləmək mümkündür. Belə görüşlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfələrə gəlincə, əvvəla, onu qeyd edim ki, bu danışıqlarda ilk növbədə, olduqca gərgin olan Rusiya-NATO münasibətləri, Rusiya-ABŞ münasibətləri, Suriya ətrafında və Yaxın Şərqdəki böhran kimi məsələlər əsas diqqətdə saxlanılıb. Amma bununla yanaşı, generalların Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla görüşləri baş tutdu. Bu görüşdə də əsas diqqət mərkəzində saxlanılan məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ oldu. Azərbaycan tərəfin dünyanın fövqəldövlətlərinin yüksək rütbəli generallarına münaqişə ilə bağlı real vəziyyət, Ermənistanın işğalçılıq siyasəti, onun ağır nəticələri ilə bağlı birbaşa məlumat vermək imkanı qazanıldı. Bu baxımdan çox mühüm hadisə oldu. Eyni zamanda cənab prezident İlham Əliyevin generallarla görüşü zamanı heç şübhəsiz ki, əsas diqqətdə Azərbaycan-Rusiya hərbi texniki əməkdaşlıq məsələləri, Azərbaycan-NATO əməkdaşlıq məsələləri diqqətdə saxlanıldı. Cənab prezident hər zaman bir nömrəli problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti diqqətdə saxlayır, yüksək tribunalardan münaqişə ilə bağlı məsələləri şərh edir. Bununla Ermənistanın təcavüzkar siyasətini ifşa edir".

Deputat bu görüşü ölkəmiz adına unikal şans kimi qələmə verdi: "İki super gücün yüksək rütbəli generalları ilə təmas çox unikal bir imkandır ki, Ermənistanın təcavüzkar siyasətini detallarına qədər qarşı tərəfə çatdırasan. Nəzərə almaq lazımdır ki, bu münaqişədə Rusiya və Amerika həmsədr dövlətlərdir. Onu da unutmaq olmaz ki, NATO təxminən Amerika deməkdir. Çünki orada ən yüksək yerlərdə Amerika generalları olur. NATO-nun büdcəsinin 3/2-i də ABŞ-ın vəsaiti hesabına formalaşır. Belə olan vəziyyətdə şübhəsiz ki, bu təmas, görüş çox yaxşı imkandır ki, münaqişə ilə bağlı vacib informasiyalar qarşı tərəfə çatdırılsın. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, əsrimizin informasiya əsiri olduğu reallığını nəzərə alıb, belə görüşlər və cənab prezidentin onlara verdiyi münaqişə ilə bağlı dəqiq informasiyalar perspektivdə bizim üçün müəyyən siyasi dividentlər gətirir, hərbi müstəvidə üstünlük qazandırır. Bunu indidən əminliklə söyləmək mümkündür”.

Sfera.az

DİGƏR XƏBƏRLƏR