Cəmİyyət

General Rail Rzayevin qətlindən 10 il ötdü -Qatı açılmayan cinayətin dosyesi

General Rail Rzayevin qətlindən 10 il ötdü -Qatı açılmayan cinayətin dosyesi
Bu gün - fevralın 11-də müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) keçmiş komandanı general-leytenant Rail Rzayevin qətlə yetirilməsinin 10 ili tamamlanır. Rail Rzayev 17 il Azərbaycanın hava məkanına nəzarət edib.

O, 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. Ölkə prezidentinin sərəncamı ilə 1993-cü ildə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdi və öldürülən günə qədər bu vəzifədə çalışıb. 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələri verilmişdi. Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.

Rail Rzayevi tanıyanlar onu işinin peşəkarı olduğunu dönə-dönə vurğulayırlar. Ölümündən sonra üzə çıxan faktlar Rail Rzayevin qətlinin üstünün açılması üçün yetərincə ip ucları versə də, qətl işi bu günə qədər tozlu arxivlərdə qatı açılmayan cinayətlər bölümündə saxlanılır. Onun ölümündən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev öldürməmişdən 1 həftə əvvəl izləndiyini bilib. Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər. Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır.

Rail Rzayev 2009-cu il fevralın 11-də səhər saatlarında Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evinin yaxınlığında başından güllələnib. Əgər olay baş verən zaman o dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudov eyvanının pəncərəsindən baxsaydı, qatilin komandanın başına güllə sıxmasının şahidi ola bilərdi. Bəli, Rail Rzayevə atəş Eldar Mahmudovun yaşadığı mənzilin düz arxasında, 18 nəzarət kamerasının əhatə dairəsində açılıb.

Hadisə belə olmuşdu: generalın olduğu maşının sürücüsü həmin küçənin başındakı zibil qutularının yanında saxlayıb və düşüb zibil torbasını qutuya atıb. Sürücü qayıdıb maşına əyləşənə qədər maşına yaxınlaşan killer arxa sağ oturacaqda əyləşən Rail Rzayevə səsboğucusu olan silahdan atəş açıb. Digər gülləni isə maşının arxa təkərinə vurub. Maşının arxa şüşəsini dəlib keçən güllə Rail Rzayevin təpə nahiyəsinə dəyərək həyatına son qoyub. Sürücü maşına əyləşəndə Rail Rzayevin ağzından qan töküldüyünü görüb. Onun infarkt keçirdiyini zənn edib. General Müdafiə Nazirliyinin Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verən gün ölkə prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirib. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmadı. Onu müavini Hilal Əsədov əvəzləyirdi. Rail Rzayevin raportunu almış Səfər Əbiyevdən də xəbər olmadı. Müavinin dəfnində, yasında iştirak etmədi. Mətbuata da açıqlama vermədi, qətlin açılması üçün səsini də qaldırmadı.

Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlini 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva "Yeni Müsavat”a müsahibəsində də demişdi.

Həmin müsahibədən sitat: "Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Bunun qarşısını Rüstəm Usubov aldı. Deyirdilər ki, Rail Rzayevin 2-ci həyat yoldaşı həddən artıq ağıllıdır, onu istintaqa buraxmaq olmaz. Həmin vaxt anam deyirdi ki, mənim Eldar Mahmudova yazığım gəlir. Deməli, onun həyat yoldaşı mülk üstündə onu öldürtdürə bilər. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı sadəcə, nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin. Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki... Mal-mülk... Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir verilir, verilmirsə, verilmir”.

Bundan başqa Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini də açıqlamışdı. Sitat: "Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”

Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət başlanan cinayət işi nəticəsizdir. İstintaq Rail Rzayevin yavəri Anar Haşımovu, köməkçisi Aydın Rəfiyevi və onun oğlu Anar Rəfiyevi də həbs etmişdi. Bu adamların həbsi qətlə birbaşa bağlı deyildi. Tutulanlar Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda ittiham olunurdular.

2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Artıq hər 3 şəxs azadlıqdadır. 2016-cı ildə Qaradağ rayon Məhkəməsi Aydın Rəfiyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etdi. Mərhum generalın qızı Rahilə Rzayeva Aydın Rəfiyev haqda isə bu sözləri demişdi: Sitat: "Bu adamlar hər ikisi hərbçi idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi evindən götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır. Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər? Bu uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. İbrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Amma bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar”.

Rahilə Rzayeva Aydın Rəfiyev və digərilərinin onun seyfindən oğurladıqları 200 min avronun da onlara qaytarılmadığını açıqlamışdı. Sitat: "Həmin 200 min avronu ailəyə qaytarmırlar. Qanunla həmin pul vərəsələr arasında bölünməlidir. Oradan-buradan sənədlər də yığıblar ki, guya Rail Rzayevin borcu varmış, guya pullar həmin borclara veriləcək. Bu, gülünc söhbətdir. Atam gedib ”Nasosnı"da borcu olan adamların borclarını bağlatdırırdı. Öldürüləcəyini bilən, özünə qəbir qazdıran adam borcları olsaydı, verməzdimi? O, borc alan adam deyildi. Bir şikəstin, bir atası qətlə yetirilən qızın pulunu yemək kimə lazımdır? Yetimin payını yeməzlər! Mən xaricdə təhsil almaq istəsəm, həmin pulu ödəyib təhsil ala bilərəm. Bu pulu götürüb ailəyə qaytarmayanlar elə bilirlər qazanc əldə ediblər? Bizim atamız pulu kişi kimi qazanıb. Biz heç kimin yanında gözükölgəli deyilik".

General-leytenantın qətlindən sonra ortaya xeyli versiya çıxmışdı. Sifarişin tikinti mafiyası, narkoticarət, xarici qüvvələrdən gəldiyi haqda çeşidli məlumatlar vardı. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qətllə bağlı qəzetimizə açıqlamalarından birində çox maraqlı bir məqama toxunmuşdu. Demişdi ki, Rail Rzayev qətlə yetirildi və Azərbaycanın hərbi əməkdaşlıq vektoru da dəyişdi. Mərkəz rəhbəri demişdi ki, Azərbaycan-İsrail hərbi əməkdaşlığında Rail Rzayev əsas fiqurlardan olub. Azərbaycanın Rusiyadan kənar bir dövlətlə əməkdaşlığı aydın məsələdir ki, MDB məkanını öz maraq dairəsində görən şimal qonşumuz üçün heç bir halda məqbul deyildi. Rail Rzayevin qətlinin başlıca səbəbləri arasında onun qətlindən sonra nələr dəyişməsinə də diqqət yetirilməlidirE

Ərəstun Oruclu başqa bir açıqlamasında MTN tərəfindən şantaja, təqibə və sui-qəsd cəhdinə məruz qaldığını bəyan etmişdi. Bildirmişdi ki, "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu, Rail Rzayevi qətlə yetirən dəstə onu da məhv etmək istəyir.(musavat.com)
AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728