Gələn il 300 min ton pambıq istehsal olunacaq

Gələn il 300 min ton pambıq istehsal olunacaq

 

İki həftədən artıqdır ki, ölkəmizdə pambıq yığımına başlanılıb. Əllə məhsul toplayanlarla bərabər,  artıq  tarlalara pambıqyığan maşınlar da çıxarılıb. İlk günlərdən yığıma mütəşəkkilliklə başlayan Biləsuvar, Sabirabad, Neftçala, Ağcabədi, İmişli, Bərdə, Tərtər və Goranboy rayonlarının  pambıqçıları bu kampaniyanın favoritlərinə çevriliblər.


Qeyd edək ki, bu il ölkənin 23 rayonunda  43 min hektarda  "ağ qızıl” yetişdirilib. Bu günədək tarlalardan 34,5  min tondan çox yüksək keyfiyyətli  məhsul  yığılaraq qəbul nəntəqələrinə təhvil verilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Saatlı fermerləri yığımın davam etdiyi iki həftə ərzində 7265 ton "ağ qızıl” toplayaraq  yığımda öndə gedirlər. Biləsuvarda  6216,  Ağcabədidə 2391, Sabirabadda 2224,  Bərdədə 2180,  Beyləqan və Tərtər rayonlarının hər birində 500 tondan çox  məhsul yığılıb.


Yığımın ilk  günlərində tədarük məntəqələrinə göndərilən  məhsulun çoxu əllə toplanıb.  Bu ildən yığılan hər kiloqram pambıq  üçün  işçilərə 40-41  qəpik pul  ödəniləcəkdir. Ancaq pambığın maya dəyərinin aşağı salınması məqsədilə məhsulun çoxunun pambıqyığan maşınlarla toplanması nəzərdə tutulub.  Demək  xoşdur ki, bu il Azərbaycana xarici ölkələrdən müasir pambıqyığan maşınlar alınıb  gətirilib. Onların hər biri cün ərzində  11-12  hektar sahənin məhsulunu  itkiyə yol  vermədən  yığır.  Əlbəttə, bu üsul  səmərəlidir, çünki  sahibkarın  izafi xərci çıxmır və işçilərin əmək haqqını artırmaq imkanı  yaranır. Texnika ilə yığılan pambığın hər kiloqramına sahibkar cəmi  10-11 qəpik pul ödəyir. Təbii ki, bu,  çox sərfəlidir. Fermerlər bildirirlər ki, pambığın hər kiloqramına ödənilən pulun miqdarı bir qədər də artırılsa yaxşı olar.


Bölgələrdən aldığımız məlumatlarda bildirilir ki, son vaxtlar  dövlətin  bu sahəyə göstərdiyi  diqqət və qayğı  pambıqçılığın inkişafında  yeni mərhələ açır.   Sahibkarlar pambıq sahələrini  daha da  genişləndirmək niyyətindədirlər. Onlar gələn il daha  çox  məhsul  istehsal etmək üçün  məhsuldar pambıq  sortlarının əkininə üstünlük verəcəklər.


Prezident  İlham Əliyevin Mingəçevirə səfərində  toxuculuq fabriklərinin və pambıqtəmizləmə zavodlarının işə salınacağını, onların  xammalla təmin ediləcəyini söyləyəndən sonra pambıq istehsalı ilə məşğul olanlarda  böyük  ruh yüksəkliyi  yaranıb.

Sahibkarlar bu il  52  min  hektardan ən azı 100  min  ton məhsul  istehsal etməyi  planlaşdırmışdılar.  Ancaq  tarlalarda pambıq boldur. Gözlənilir ki,  Azərbaycan pambıqçıları  100  min ton həddini  keçəcəklər. Sahibkarların  hər hektardan  ən  azı  25-27  sentner məhsul  götürmək  əzmi  belə deməyə əsas verir.


Artıq 2017-ci ilin məhsulu üçün  bu ilin  payızında 100  min  hektarda şum aparılacaq və   gələn ilin  yazında  həmin sahələrə  çiyid  səpilməsi nəzərdə  tutulub.   Proqnoza görə,  gələn il 300 min ton pambıq istehsal olunacaqdır. Bunun üçün  sahibkarlara və fermerlərə lazımi şərait yaradılacaqdır. İndidən yüksək işgüzarlıq əhval-ruhiyyəsi  köklənmiş zəhmətkeş adamlar uzun illərin təcrübəsi sayəsində bu nailiyyəti əldə etməyə çətinlik çəkməyəcəklər. Pambıqçılar öz həyat şəraitlərini yaxşılaşdırmaq və  keçmiş əmək şöhrətlərini qaytarmaq arzusu ilə əzmlə işləməyə, ölkəmizin iqtisadi qüdrətini yüksəltməyə hazırdırlar.




OXŞAR XƏBƏRLƏR