"Gecə klublarında qazandıqlarını gətirib telekanallara tökürlər" - İfaçıdan qalmaqallı MÜSAHİBƏ/FOTOLAR

Müsahibimiz opera ifaçısı Taleh Yəhyayevdir. 

O, 2008-ci ildə Bülbül adına musiqi məktəbini bitirən T.Yəhyayev 2012-ci ildə Gəncə Dövlət Universitetinin "Musiqi təhsili”, 2015-ci ildə isə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademyasının "Solo oxuma və Opera hazırlığı” ixtstisası üzrə  SSRİ və Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Fidan və Xuraman Qasımovalar, dosent Sevda Məmmədovanın sinfini bitirib. Vittoria Lucia (İtaliya), Tom Kraus (Finlandiya), Yelena Obratsova (Rusiya), Teymuraz Ququşvili(Gürcüstan) və s. ustadlıq dərslərinin iştirakçısı olub. Bir çox Xarici ölkələrdə ( Almaniya, Macarıstan, Türkiyə, İtaliya, Yunanıstan, Çexia, Qazaxıstan) keçirilən festivallarda, müsabiqələrdə, 4 qızıl medal  və xüsusi mükafatlar qazanıb, 2015 Afinada "Carlos Almaran” adına keçirilən Beynəlxalq müsabiqənin Qran pri mükafatçısıdır. Beynəlxalq müsabiqələr laureatıdır. 2013-cü ildən A. Zeynallı adına Musiqi kollecində və Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyə başlamışdır. 2015-ci ildən isə Azərbaycan Dövlət Opera və Balet teatrının ən gənc solistdir. Əldə etdiyi nəaliyyətlərə görə Prezident fərdi təqaüdünə layiq görülüb. 

Həmsöhbətimizlə bu gün ifaçılıq sənətində olan problemlərdən danışdıq:

-  Bu gün sənətə verilən qiymət sizi qane edirmi?

- Dövlət teatrlarına, müəssisələrinə daha çox diqqət ayrılır. Bir gənc olaraq mənə böyük diqqət yetirirlər. Estradadan fərqli olaraq operada pis ifaçı ola bilməz. Çünki buradakı ifaçıların hamısı ən azı Milli Konservatoriyanı bitirib. Lakin şou-biznesdə durum fərqlidir.

- Necədir?

- Bu gün bəzi müğənnilər barlardan birbaşa efirlərə ayaq açıb, bu belədir. Amma inanın ki, öncəki kimi bu gün onların heç sponsorları da yoxdur. Onlar barlarda, gecə klublarında qazandıqlarını gətirib telekanallara tökürlər. Artıq sponsorlar da ağıllanıb. Öncəki 5 illə müqayisədə onlar artıq keyfiyyətə sponsorluq edirlər. İndi onların sayı o qədər çoxdur ki, sponsor tapmaq da problemə çevrilib. 

- Məsələn, siz kimləri dinləmirsiz?

- Mən Damlanı dinləmirəm. Heç onu təqdim edən kanallara da baxmıram. Yalnız dövlət telekanallarını izləyirəm. "Lider”, "Aztv”, "İctimai” Televiziya istisna olmaqla digər kanalların heç birini izləmirəm. "Lider”də maraqlı, bəzən də maraqsız verilişlər olur. "ATV”ni izləmirəm. Amma Xoşqədəmin verlişinə baxıram. Deyirlər pul alır, camaatı efirə çıxarır. Sübut lazımdır, sübut olmasa buna inanmaram. Lakin həqiqətən də belə bir şey varsa, bu biabırçılıqdır. Deməli bu da şoudur. Belə şou varsa, heç insanlar da efirə çıxmasınlar.  Dəfələrlə məni də başqa telekanallar dəvət ediblər ki, gəl qalmaqal yarat, getməmişəm. Yox, mən bunu istəmirəm. 

- Şou-biznesdə bəyəndiyiniz heç kim yoxdur?

- Şou-biznes deyəndə yalnız Aygün Kazımova yadıma düşür. Faiq Ağayevi dinləmirəm, nə yalan deyim. Lakin Aygün Kazımova, Brilliant Dadaşovada məni çəkən nəsə var. Digər müğənniləri dinləmirəm. Bəzi müğənnilərin səsi məni sıxır, sanki burunlarında oxuyurlar. Heç onların adını da bilmirəm. Bu yaxınlarda telekanalların birində bir xanım müğənni ifa edirdi. Flora Kərimovanın ifasında eşitdiyimiz məşhur mahnını ifa edirdi: bir axşam taksidən düşüb payıza... Müğənni sözü normal səsləndirə bilmirdi. Payıza, "fayız" deyirdi. Sabah onu danışdırsanız, deyəcək ki, filan yeri bitirmişəm. 

- Deyəsən, sizə kimisə bəyəndirmək çətin məsələdir. 

- Siz məndən Fidan və Xuraman Qasımovaları soruşun. Onlar özləri böyük məktəbdirlər. Natəvan Şeyxova, Flora Kərimova, Fidan Hacıyeva, Zeynəb Xanlarova böyük sənətkarlardır, onlar indi də fəaliyyətdədir deyə, onları tanıyırıq. Lakin elə müğənnilər var ki, mən anadan olmamışdan qabaq da ifa edirdilər, amma mən onları tanımıram. Bu isə mənim günahım deyil. Elmira Rəhimova, Elza İbrahimova, Ələkbər Tağıyev, Oqtay Kazımilər hər zaman yaşayacaq. Onlar özlərindən sonra bir iz qoyacaqlar. Elələri də var ki, onlar heç bir iz qoymayıblar. 

- Bəstəkarlardan kimlərlə işləyirsiniz?

- Faiq Sücəddinov, Ruhəngiz Qasımova, Gövhər Həsənzadə və digərləri ilə işləyirəm. 

- Özü yazıb, özü də ifa edənlərə münasibətiniz necədir? Sizin də belə bacarığınız var? 

- Yazmaq bacarığım var, lakin bu işlə məşğul olmuram. Çünki bu peşəkarlıq deyil. İndiki müğənnilər ritmi tutub, "3 dam bir qoz"deyib, səs yazdırır, mahnı ərsəyə gətirirlər. Bilirsiz ki, texnologiya da inkişaf edib. 

- Məsələn, Elza Seyidcahan da özü yazıb, özü ifa edir. Bəstələri digər ifaçılar tərəfindən də ifa olunur.

- Elza xanımla münasibətim gözəldir. Onun bəzi bəstələri var ki, bəyənirəm. Şeirlərini oxumamışam. O Arif Məlikovun tələbəsi olub. Bu yaxınlarda mənə bəstələdiyi yeni bir əsəri ifa etməyi təklif etdi. Onun bəstələrini dinləyirəm, sevirəm. İlhamə Quliyeva ilə duetini də çox bəyənirəm. Başqalarını deyə bilmərəm amma mənə bəstələrini hədiyyə edir. O cümlədən də digər bəstəkarlar da mənə öz bəstələrini hədiyyə edirlər. 

- Sizcə niyə bayağı musiqilərə maraq daha çoxdur? 

- Məsələn, Səməd Səmədovu gözüm açandan tanıyıram.  O bizim himnimizi, onun bəstəkarının kim olduğunu bilmir, mən də onun mahnılarını bilmirəm. Bəlkə də onu bəyənənlər var. Lakin mənim belə musiqiləri dinləməyə marağım, həvəsim yoxdur. O cür ifalar bir il ömür sürə bilər, çünki burada sənətdən söhbət getmir. Lakin elə mahnılar var ki, nəsildən-nəsilə ötürülür. Təklif edərdim ki, bu gün Üzeyir Hacıbəylini tanımayan, Azərbaycan himnini kim yazıb, bəstəkarı kimdir, bunu bilməyən müğənnilər səhnəyə buraxılmasın. Onları səhnəyə buraxmaq düzgün deyil, bu biabırçılıqdır. Onları cərimələmək lazımdır. Bu cür ifaçılar üçün ölçü götürməlidir. Üzeyir Hacıbəylini tanımayan adam deməli, musiqidən tamamilə xəbərsizdir. 

- Bir vaxtlar müğənnilərin klipləri maraqla gözlənilirdi. İndi belə deyil. Siz də klip çəkdirmirsiz. Səbəb nədir?

- Öncələr klip çəkdirməyə həvəsim vardı, lakin sonradan bu marağım öldü. Rejissorlardan Ülviyyə Könül, Kənan MM, Fuad Əlişovun işlərini bəyənirəm. Klip çəkdirmək qərarına gəlsəydim, daha çox klassik mahnılara müraciət edərdim. Lakin biirəm ki, klassik ifaya çəkilən klipə maraq olmayacaq. 

- Bəs təşkil olunan konsertlərə münasibətiniz necədir? Professionallıq baxımından dünya ilə müqayisə oluna bilərmi?

- Konsertlər çox bahadır. Bu səbəbdən konsert verməyi düşünmürəm. Yerləri doldura bilməyəcəm. Çünki, bir konsert üçün azı 25 manat ödəməlisən. Təsəvvür edin ki, bu gün uşaq pulu 40 manatdır, bir konsetin biletinin qiyməti isə 25 manatdır. Bu pulla valideyn necə konsertə gedə bilər? Krizis olduğu üçün camaat konsertə gedə  bilmir. 

- Sizin sənətdə də qısqanclıq edənlər, "torba tikənlər" var?

- Onlar hər sənətdə var. Onların adını çəkməyəcəm. Çünki adlarını çəksəm, onları reklam edərəm. Lakin onların cavablarını artıqlaması ilə vermişəm. Hörmət etməyi bacarıram, hörmətsizlik etməyi isə onlardan da yaxşı bacarıram. Bu baxımdan güclü insanam.  

Nigar Məhərrəm
Sfera.az


OXŞAR XƏBƏRLƏR