“Formula-1” avadanlıqları Bakıya gətirildi

“Formula-1” avadanlıqları Bakıya gətirildi

 

"Formula-1” Avropa Qran-prisində komandaların istifadə edəcəyi avadanlıqdan ibarət 40 yük konteyneri artıq Bakıya gətirilib. "Formula-1” yarış avtomobilləri ilə yanaşı, digər avadanlığın iyunun 14-də Bakıya çatması planlaşdırılır.


Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə istinadən məlumat verir ki, komandalar yarış məkanlarına öz avtomobillərini, avadanlıqlarını və şəxsi heyətlərini adətən quru, su və hava yollarının üçündən də istifadə etməklə gətirir. Bütün "Formula-1” komandalarının Azərbaycana Kanadadan gələcəyinə baxmayaraq, artıq "Mercedes”, "Ferrari”, "Force India”, "Red Bull Racing” və digər komandaların lazımi avadanlığının bir hissəsindən ibarət ilk yük konteynerləri Rusiyanın Soçi şəhərindən birbaşa Bakıya su nəqliyyatı ilə göndərilib. Bu konteynerlər elə dizayn olunub ki, minimal yer tutur və daxilində olan yükləri yüksək titrəmələrə və ya digər xarici təsirlərə qarşı qoruyur. Bu konteynerlərin bir başqa xüsusiyyəti də odur ki, onları 6-8 saat ərzində doldurmaq və boşaltmaq mümkündür.

 

Eyni zamanda, Monakodan birbaşa Bakıya göndərilən və Avropa Qran-prisinə dəstək məqsədilə keçiriləcək GP2 seriya yarışlarında iştirak edəcək 12 komandanın avtomobili və bütün lazımi avadanlığı artıq Paddok ərazisinə gəlib çatıb. GP2 seriyalı yarışda mübarizə aparacaq 22 pilot artıq Bakıdadır. Sürücülər avadanlığını onlar üçün ayrılmış müvafiq qarajlara yerləşdiriblər.

Ümumilikdə 44 qaraj tam hazır vəziyyətə gətirilib. Paddok ərazisində yerləşən tikililərə texniki avadanlığın quraşdırılması işləri də artıq sonuncu mərhələyə qədəm qoyub.


 
 

 


OXŞAR XƏBƏRLƏR