“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF

“Fevralın 14-də həmin sənədi imzalasaydım, Xocalı faciəsi baş verməzdi...” - ETİRAF
Ayaz Mütəllibov:"27 il əvvəl məni qınayanların çoxu etiraf edir ki, o vaxt AXC liderləri yanlış addım atıb...”


Düz 27 il öncə bu gün- 1992-ci il fevralın 14-də Belarus paytaxtı Minskdə keçirilən MDB ölkələri başçılarının sammitində bəlkə də keçmiş sovet respublikaları arasında ən çox Azərbaycan üçün həlledici bir məsələ həll edilirdi. Respublika rəhbərliyinin yenicə formalaşan Milli Ordunun MDB Baş Komandanlığı tərkibində MDB üzvü olan ölkələrin Müdafiə Şurasına daxil olması haqqında sazişə imza atıb-atmaması gündəmdə idi. Məlum olduğu kimi, Azərbaycan həmin sənədə imza atmadı və cəmi 11 gün sonra erməni faşistləri keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Xocalı soyqırımını törətdi. Görəsən, sözügedən gün Azərbaycan rəhbəri bəhs edilən sənədə qol çəksəydi, hadisələr necə inkişaf edərdi?  Xocalı faciəsi baş verərdimi?..
 
Həmin sammitdə ölkəmizi təmsil etmiş Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov  əməkdaşımızla  telefon söhbətində bu haqda sualı belə cavablandırıb:
 
-Sözsüz ki, biz Minskdə xatırlatdığınız sənədi imzalasaydıq, proseslər tamam başqa məcraya yönələr və  Xocalı faciəsi də baş verməzdi.  Şübhəsiz ki, Qarabağın işğalı da bu səviyyədə baş verməzdi. Bu şərtlə ki, həmin qərardan sonra özünü demokratik müxalifət hesab edən Xalq Cəbhəsi liderləri konstruktiv mövqe tutaydı. Bunu bilmək üçün heç siyasətçi olmaq lazım deyil...
 
Bilirsiz, həmin vaxt  Qarabağ uğrunda deyil, yalnız hakimiyyət maraqlarl uğrunda mübarizə aparan məlum qüvvələrin təzyiqi altında cəmiyyətdə belə bir yanlış fikir formalaşdırılmışdı ki, bu əgər biz müstəqil dövlət olmuşuqsa, xarici hərbi qüvvələr mütləq Azərbaycan ərazisindən çıxarılmalı və  Rusiya ilə heç bir hərbi ittifaqa getməməliyik. Yəni belə qüvvələr real, gerçək beynəlxalq və daxili siyasi duruma uyğun siyasət yürütmək lazım olduğu ilə hesablaşmaq istəmirdi...
 
Və həmişə deyirəm ki, o vaxt heç kim qarşımızda heç bir şərt qoymamışdı. O dövrdə - biz milli ordunun yalnız kağız üzərində mövcud olduğu bir vaxtda və Qarabağda baş verənlərin fonunda MDB Baş Komandanlığının tərkibinə daxil olmaq barədə təklifə getməli idik. Bu hadisələr 1991-ci ilin dekabrı və 1992-cu ilin fevralı ərəfəsinə, yəni SSRİ dağıldıqdan sonra yeni geosiyasi reallıq şəraitində Müstəqil Dövlətlər Birliyinin yaradılması dövrünə düşürdü. Məlumdur ki, Rusiya Federasiyası beynəlxalq birliyin artıq keçmiş subyekti olan SSRİ-nin süqutundan sonra onun  varisi oldu. Amma Rusiya Federasiyası İttifaq dağılandan sonra sərhədsiz qalmışdı. Onun perimetri üzrə keçmiş müttəfiq respublikaların timsalında müstəqil dövlətlər yaranmışdı. Rusiya rəhbərliyi qarşısında problemlərlə dolu bir vəziyyət yaranmışdı... Belə məsələlər müəyyən mərhələdə MDB ölkələrinin fəaliyyətinin əlaqələndirilməsini tələb edirdi. Məhz bu məqsədlə MDB-nin müvafiq institutları, o cümlədən MDB Baş Komandanlığı  yanında müdafiə nazirləri Şurası yaranmışdı. AXC-nin təzyiqi altında biz bu Şuranın tərkibinə daxil olmadıq...
 
Azərbaycan üçün çox məsuliyyətli bir dövrdə, yəni özümüzü müstəqil qorumaq imkanlarımız olmadığı bir şəraitdə,  MDB kollektiv təhlükəsizlik sisteminə daxil olmaqdan imtina etməyimiz, əlbəttə ki, Rusiya rəhbərliyində müvafiq reaksiya doğurmaya bilməzdi. Yadımdadır ki, həmin gün, səhv etmirəmsə, fevralın əvvəlində Rusiya prezidenti B.Yeltsin mənə zəng edərək xahiş etdi ki, respublika silahlı qüvvələrinin (dediyim kimi, onlar o vaxt mövcud deyildi) MDB kollektiv təhlükəsizlik sisteminə daxil olmasından imtina edilməməsi barədə onun xahişini deputatlara çatdırım. Rusiya lideri onda mənə bildirdi: "Mən bilirəm ki, indi siz deputatlar qarşısında çıxış edirsiniz, ona görə də zəng etdim ki, xahişimi onlara çatdırasınız". O, eyni zamanda bildirdi ki, Xankəndidə yerləşən 366-cı motoatıcı alayın buraxılması haqqında tapşırıq verib. Həmin vaxt biz  366-cı alayın Xankəndindən çıxarılması məsələsini ciddi qoymuşduq. Təəssüf ki, bizim deputatlar, xalqın qulluqçuları öz razılığını vermədilər.  Biz MDB-nin bütün institutlarında heç olmasa, müvəqqəti olsa da, iştirak etməli idik ki, bizim imtinamızın gələcək mənfi nəticələrinin qarşısını ala bilək...
 
O  qaynar günlərdə cəbhəçilərə deyirdim ki, mənə vaxt verin, Rusiyadan qəti üz döndərməyə, rus ordusunu burdan çıxarmağa tələsməyək. Bu, yanlış siyasətdir. Qoyun bir özümüzə gələk, tədricən ordumuzu formalaşdıraq, Qarabağın işğalının qarşısını alaq, dirçələk, sonra Moskva qarşısında şərtlərimizi qoyarıq. Axı bizə heç kim şərt qoymağı qadağna etmirdi...  Məhz bu məntiqlə də Silahlı Qüvvələrin məsləhətli əsaslarla MDB Baş Komandanlığının tərkibinə daxil olması haqqında sazişin imzalanması hüququnun mənə verilməsini deputatlardan xahiş etmişdim. Yenə təəssüf ki, korporativ maraqlara əsaslanaraq mənimlə mübarizə aparan müxalifət, həmin dövrun, belə deyək, parlamenti Azərbaycan Respublikasının MDB-yə daxil olması haqqında sazişin ratifikasiyasını, yəni sazişin altında mənim imzamı təsdiq etməkdən imtina etdi...
 
Bu minvalla 1992-ci il fevralın 14-də isə Minskdə MDB-nin növbəti iclasında mən 1991-ci ilin dekabrında MDB-yə daxil olmaqla  bağlı etdiyim uğuru təkrarlaya bilmədim. Parlamentimiz Baş Komandanlıq tərkibində MDB üzvü olan ölkələrin Müdafiə Şurasına Azərbaycan Ordusunun daxil olması haqqında sazişin imzalanması üçün mənə səlahiyyətlər verilməsi xahişi ilə ona olan müraciətimi qəbul etməyərək mənə belə bir səlahiyyət vermədi. Nəticədə etibarı ilə mən bu sazişi imzalamadım və bununla da hiss etdim ki, AXC-nin radikal və nataraz  gedişləri sayəsində biz özümüzü pis vəziyyətə saldıq...
Təsəvvür edin ki, biz sözügedən sazişə imza atsaydıq və 366-cı alay Xankəndindən çıxarılsaydı, ermənilər Xocalıya hücumu təşkil edə bilərdimi? Təəssüf ki, əksi oldu və nəticədə Yeltsinin onsuz da bizə olan mənfi münasibəti daha kəskin xarakter aldı. Erməni faşistləri də bu şəraitdən məharətlə yararlandı...
 
-Ayaz müəllim, bu məqamda təbii sual yaranır: bəs haqlı haqlı olduğunuza  belə əmin idinizsə, niyə siz özünüz Minskdə bəhs edilən sənədi imzalamadınız?  
 
-Bunun  cavabı çox sadədir. İstəmirdim ki, bir vaxtlar dəbdə olan məsələ kimi mənim opponentlərim mənə "xalq düşməni” etiketini yapışdırsınlar. Ancaq bu gün çox eşirdirəm ki, 27 il öncə mənim MDB-yə daxil olmaq, eyni zamanda hərbi qüvvələrimizi də müvəqqəti olaraq həmin Birliyin komandanlığına daxil etmək  haqqındakı fikrimə qarşı çıxanlar etiraf edirlər ki, o vaxt AXC liderləri yanlış addım atıblar...Moderator.az

OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...