Gündəm
İdman

Federasiyadan Məmmədyarova CAVAB: "Heç bir yarışa öz hesabına getmir"

Federasiyadan Məmmədyarova CAVAB:
Xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atan Şəhriyar Məmmədyarov sponsorsuzluqdan gileylənib. O, ard-arda yarışlara çıxmasının düzgün olmadığını vurğulasa da, bunu pul üçün etdiyini etiraf edib. O, bu cür məsələlərə görə, şahmatdan bezdiyini də bildirib. Azərbaycan şahmatının "Şah”ı beynəlxalq yarışlara öz hesabına getdiyini deyib.

Sfera.az bildirir ki, məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Unikal.org-a açıqlama verib. Bildirib ki, o, bugünə  qədər heç bir yarışa öz hesabına getməyib: 

"Şəhriyar Məmmədyarov hazırda çox ağır bir turnirdə oynayır. Bu ağır turnir yəqin ki, onun əhval-ruhiyyəsinə öz təsirini göstərir. O, heç bir turnirə öz hesabına getmir və hazırda onun ən böyük sponsoru Azərbaycan dövlətidir.

Əgər onun qatıldığı turnir yığma komandaya aiddirsə, federasiya tərəfindən, əks halda klubdursa, qatıldığı yarış həmin təşkilat tərəfindən maliyyələşdirilir. Əgər super turnirdirsə, öz şəxsi statusuna müvafiq olaraq turnir təşkilatçıları tərəfindən maliyyələşdirilir və ona həm yol, həm də qalmaq pulu ödənilir.

Ola bilsin ki, Şəhriyar Məmmədyarov onunla gedən şəxsi məşqçisinə öz pulundan xərcləsin.

Mən də istəyərdim onun şəxsi sponsoru olsun. Hazırda onun bir sponsoru var - Azərbaycan dövləti....

Ş.Məmmədyarov öz yüksək statusuna görə bundan da yüksəklərə layiqdir. Azərbaycan tarixində bu cür şahmatçı olmayıb. Yaxın gələcəkdə də olacağını düşünmürəm.

Bizim ümidimiz var idi ki, Teymur Rəcəbov öz yüksək statusunu saxlayacaq. Əfsuslar olsun ki, onun nəticələri istədiyimiz qədər yüksək deyil.

Ş.Məmmədyarov hər cür dəstəyə, sponsora layiq adamdır. Ona ölkə başçısı, federasiyamızın rəhbəri, Gənclər və İdman Nazirliyi tərəfindən daim dəstək göstərilir. Dəfələrlə Məmmədyarov və ailəsinə dövlət tərəfindən mükafatlar və mənzillər verilib".

XƏBƏR LENTİ