Fala inanmayıb, faldan qalmayanlar: \"Mənə o qədər adam cadu eləyib ki...\"
14:50 / 20.04.2018
6130
Belə bir deyim var: "Fala inanma, falsız qalma". Cəmiyyətimizdə fala inananlar çox olsa da, kimiləri bunu günah adlandırır. Bəs görəsən şou əhli fala inanırmı?
Sfera.az saytı olaraq onların fikrini aldıq:
Müğənni Əli Mirəliyev:
"Fala baxıb hərə bir yolla camaatı aldadır. Mən fala yox, bir dəfə həyat yoldaşımla "Quran"a baxdırmışam. Yoldaşım baxdırırdı, mən də onunla getdim. Çoxu da düz çıxıb. Mənə o qədər adam cadu eliyib ki, bilmirəm hansını deyim. Başıma oyunlar gətiriblər. Mən yetim elə bu caduların içində böyümüşəm. Tək mənə yox yoldaşıma, uşaqlarıma o qədər cadu ediblər ki... Mənim imanım var, elə ona görə də sağ qalmışam. Yoxsa, çoxdan ölərdim. Hələ dünən qızımla evə gəlirdim. O da təzə ev alıb. Evin təmiri gedirdi, elə orda yeni qapı qoymaq istəyiblər və yeri qazanda cadu tapıblar. Dedilər ki, bu şirinlik duasıdır, mən bilirəm o pis duadır. Bizim insanların içini pislik, şər o qədər alıb ki, bilmirlər neyləsinlər. Biz elə bunlara görə bu gündəyik. Birimiz qabağa gedəndə, o birisi şapalaq vurur. M.Ə.Sabirin "Hop-hopnamə”si hələ də aktualdır. O sözləri elə bu gün üçün deyib".
Pişik Günel:
"Mənim fal baxdırmağa münasibətim pisdir. Mən Allaha inanmıram. Allah insana qismətində nə yazıbsa, onu da yaşayır. Fal boş, insana müvəqqəti təsəlli verən bir şeydir. Fala baxdırırlar amma həyat yenə də, öz axarı ilə davam edir. Allahın dediyini dəyişdirmək qeyri-mümkündür. Taleyimiz necə əvvəlcədən yazılıbsa, elə də olacaq".
Müğənni Xuraman Şuşalı:
"Mən fal baxdıran insanları bəyənmirəm. Uşaq vaxtı baxdırmışam. O da Novruz Bayramında, çərşənbələrdə olub. Qulaq falı, üzük falı - bu tip fallara baxdırmışam. Cadu, pis əməllər var bu həyatda. Bunlardan qorunmaq üçün Namaz qılmaq və dualar etmək lazımdır. Tanrı pis əməllərdən qorunmaq üçün "Fələq”, "Naz”, "İxlas”, "Həmd”, kimi surələri göndərib. Mən özüm də pis hall hiss edən kimi bu surələri oxuyur və namazımı qılıram. Hamı da bunları etsə hər şey yaxşı olacaq".
Əməkdar artist, xanəndə Bəsti Sevdiyeva:
"Mən fal, cadu bu tip məsələlərdən çox uzağam. Övladlarım və ailəm də belə işlərlə məşğul olmur. Bizə maraqlı deyil".
Əməkdar artist Vasif Məhərrəmli:
"Belə məsələlərin kişilərə aid olmadığını düşünürəm. Fala baxdırmaq qadınlar üçündür. Mən inanmıram və bu tip məsələləri vaxt itkisi hesab edirəm".
Şükufə Süleymanlı
Sfera.az