Texnologİya
Dünya

"Facebook" onların taleyini bu cür qaraldıb - HEYRƏTAMİZ FAKTLAR

Yazdığı şərhə görə yüksək məbləğdə cərimələnən də var, 30 il həbsə düşən də, hesabı bağlanan da
 
Facebook sosial şəbəkəsi 115 istifadəçinin hesabını qapadıb. Belə ki, ABŞ hakimiyyəti şəbəkəyə xarici ölkəyə bağlı ola biləcək şübhəli fəaliyyət sarıdan xəbərdarlıq edib. Azadlıq Radiosunun xəbərinə görə, şirkət bu addımı barədə noyabrın 5-də məlumat yayıb. Bundan bir neçə saat öncə isə Birləşmiş Ştatların hüquq-mühafizə orqanları 6 noyabr konqres seçkiləri öncəsi seçicilərə xəbərdarlıq səsləndirib. Onlara Rusiya, İran və digər ölkələrin sosial mediada saxta xəbərlər yaymaq cəhdlərindən dolayı ehtiyatlı olmaq tapşırılır.

Seçkilərlə bağlı facebookda saxta xəbərlər yaymayın, yoxsa...!

"Amerikalılar bilməlidirlər ki, xarici oyunçular, özəlliklə Rusiya, ictimai fikrə təsir göstərməyə, narazılıq səpməyə çalışır”. Noyabrın 5-də yayılmış bəyanatda belə deyilir. Ötən həftə açıqlanmış bir araşdırma üzə çıxarıb ki, 6 noyabr öncəsi sosial mediada daha çox dezinformasiya yayılıb, nəinki 2016-cı il prezident seçkisi ərəfəsində. Facebook bəyan edib ki, silinən hesabların Rusiyaya, yaxud ötən seçkiyə müdaxilədə ittiham olunan İnternet Araşdırmaları Agentliyi adlı "troll fabriki”nə bağlı olması müəyyənləşdirilməlidir.

ABŞ-da prokurorlar həmin agentliyi və Rusiyadan digər əməliyyatçıları 2016-cı ildə prezident seçkisinə təsir göstərmək cəhdində suçlayıb. Onların dezinformasiya, sosial şəbəkələrdə narazılıq yaydığı bildirilir.

Facebook bildirib ki, silinən hesablardan 85-i sosial şəbəkənin Instagram xidmətində ingiliscə paylaşımlar edib. Həmin hesablardan bəzilərinin "tanınmışlara”, digərlərinin "siyasi debata” fokuslandığı vurğulanır.

Facebook ipucunu noyabrın 4-də Federal Təhqiqat Bürosundan alıb. Bu haqda facebook-un kibertəhlükəsizlik siyasəti üzrə başçısı Nathaniel Gleicher yazır.
Onun yazdığına görə, şirkət gördüyü tədbirlər barədə dərhal açıqlama vermək qərarına gəlib, çünki ABŞ-da vacib seçkiyə cəmi bircə gün qalırdı.
Nəzərə çatdıraq ki, noyabrın 6-da ABŞ-da keçirilən seçki Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək.

Hazırda facebook və digər sosial media şirkətləri ötən seçkidən fərqli olaraq xarici dezinformasiya cəhdlərinə daha çevik reaksiya verməyə çalışırlar.
Twitter isə noyabrın 3-də bildirib ki, dezinformasiya yaymağa çalışan bir neçə hesabı bağlayıb. Şirkət detalları açıqlamayıb.

"Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alıb, bu istiqamətdəki bir neçə detalları nəzərə çatdırır. Belə ki, bu günə qədər sosial şəbəkədə yazdıqlarına, paylaşdıqlarına görə cəzalananlar az olmayıb. Və bu, dünyanın müxtəlif ölkələrində, ciddi məbləğlər hesabına gerçəkləşib.

Onlar sosial şəbəkəni dələduzluq obyekti olaraq istifadə edirlər

Tutaq ki, Amerika, Britaniya kimi ölkələrdə bu, sırf hansısa sosial şəbəkə istifadəçisinin başqasının hüquqlarını tapdaması və ya təhqir etməsinə qarşı açılan cinayət təqibinin nəticəsində baş verir. Məsələn, 19 yaşlı Texas sakini facebook səhifəsində yazdığı istehzalı statusuna görə ömrünün bir neçə ayını həbsxanada keçirib. O, digər istifadəçilərlə söyüşərkən, zarafatyana hansısa məktəbin şagirdlərini güllələməyi düşündüyünü yazmışdı.
Hakimiyyətdə isə bunu zarafat kimi qəbul etməyib, onun terrora səslədiyini iddia edərək Texas sakinini həbs ediblər.

Qonşu Türkiyədə 2013-cü ildə facebook həbsləri geniş vüsət almışdı. Məsələn, təkcə İzmir polisi şəhərdə Taksim Gəzinti Parkında baş verən etiraz aksiyalarına dəstək məqsədilə nümayişlər keçirilərkən sosial mediada hökumət əleyhinə çağırışlar edən 38 nəfəri müəyyənləşdirərək, onların 25-ni həbs etmişdi. Onlar bir neçə sutka saxlanılandan sonra azadlığa buraxılmışdı.

Beynəlxalq hüquq müdafiə təşkilatı "Human Rights Watch” Səudiyyə Ərəbistanında 7 nəfərin "facebook-da etirazları qızışdırmaq və ictimai nizamı pozma” iddiası ilə həbs edildiyini açıqlayıb. 2013-cü ilin 29 iyun tarixli hesabatda, Ağır Cinayətlər Məhkəməsində 7 nəfərə 5-10 il arasında həbs cəzası verildiyi və həbs müddətini başa vurduqdan sonra da ölkə xaricinə çıxışlarının qadağan edildiyi bildirilib.

İranda da 2013-cü ildə facebook həbsləri baş vermişdi. Nazirliyin İnternetdə Təhlükəsizliyin Təminatı İdarəsinin rəisi Kamal Hədianın dediyinə görə, polislər sosial şəbəkədə korrupsiya və rüşvətxorluq yayan qrupu uzun müddətdən bəri müşahidə edəndən sonra həbsə əl atılıb.
Tutulanlardan ikisi kişi, digər ikisi isə qadındır. Onların facebook-da yaratdıqları səhifənin artıq 25 min daimi oxucusu vardı. Virtual gözəllik müsabiqəsinə qatılanlar burada öz fotolarını dərc edirdilər.

İranın hakimiyyət dairələri ölkədə facebook-a girişi yasaqlasalar da, iranlılar müxtəlif proqramlar vasitəsilə sosial şəbəkəyə qoşulurlar.

Bir şərhə görə 500 min dollar cəzalandırıldı

İllər öncə evindəki silahla səhvən oğlunu vuran qadın barəsində bir nəfər şəxsin facebook-da yazdığı şərh başına bəla olub. "Oğlunu özün öldürdün” deyə qadının statusuna şərh yazan Davin Dial ABŞ-ın Şimali Karolina ştatında yaşayır.
Oğlunu yanlışlıqla silahla qətlə yetirən ana isə Dialı məhkəməyə verib. Karolina məhkəməsi qadının heysiyyətinə toxunduğu və böhtan atdığı üçün Davin Dialı rekord pul cəzası - 500 min dollar (862 min AZN) məbləğində cərimələyib.

İspaniyada Şəxsi Məlumatların Mühafizəsi İdarəsi özəl məlumatlardan reklam məqsədilə istifadə etdiyinə görə facebook sosial şəbəkəsinə  1.2 milyon avro pul cəzası kəsdiyini açıqlayıb. Facebook-u istifadəçilərinin xüsusi məlumatlarını qanunazidd bir şəkildə istifadə etməkdə günahlandıran qurum rəsmilərinin sözlərinə görə, onlar həmin məlumatları silməyi tələb etsələr də, rədd cavabı alıblar.

İdarə heyəti facebook-un  bu məlumatları harada istifadə edəcəyini açıq bir şəkildə bildirməyərək, istifadəçilərdən cinsiyyət, ideoloji, dini inanc, fərdi zövqlər və ya internetdə olan məlumatlarını topladığını açıqlayıb.

Banqladeş Mühəndislik və Texnologiya Universitetinin müəllimi Hafizur Rahman 2012-ci ildə facebook-da yazdığı statuslardan birində baş nazir Şeyx Hasinəni ölümlə hədələyib.

"Biz ovçuyuq, biz birinci sənin başını sonra isə mədəni vuracağıq. Daha sonra başını kəsib universitetin qarşısında nümayiş etdirəcəyik ki, bundan sonra heç bir kaftar BUET-ə (Banqladeş Mühəndislik və Texnologiya Universiteti) hücum etməyə cürət etməsin”,- deyə müəllim status yazıb.  Ancaq bu statusu Rahmana baha başa gəlib. Məhkəmə onu baş naziri ölümlə hədələməkdə təqsirkar bilərək  7 il həbs cəzasına məhkum edib.
2016-cı ildə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi  ikinci divizion təmsilçisi "Amedspor”un yarımmüdafiəçisi Deniz Nakini 12 oyunluq diskvalifikasiya edib.
Buna səbəb futbolçunun Türkiyə kubokunda "Bursaspor”a 2:1 hesabı ilə qalib gəlib, 1/4 finala yüksəldikləri oyundan sonra facebook sosial şəbəkəsindəki paylaşımı olub. Bundan başqa, "The Gaurdian” xəbər verir ki,  federasiya futbolçuya 19500 lirə pul, "Amedspor”a isə 1/4 finalda seyrçisiz oynamaq cəzası verib. 

Bildirək ki, futbolçu kürdlərlərin olduğu regionda silahlı mübarizəni nəzərdə tutub. İki aya yaxın ki, davam edən gərginlik nəticəsində bir neçə şəhərdə fövqəladə vəziyyət elan olunub və Naki bu duruma bu cür etiraz edib.

Bir status, 30 illik həbs...

Taylandda 48 yaşlı kişi facebookda ölkənin kralı haqqında təhqiredici status yazdığı üçün 30 illik həbs cəzası alıb. Tayland Cinayət Məcəlləsinin 112-ci maddəsinə görə kral və ailəsi haqda təhqiredici hər yazı üçün 15 ilə qədər həbs cəzası verilə bilir. Ancaq 30 illik həbs indiyə qədər verilmiş ən ağır cəzadır.
Banqkok Hərbi Məhkəməsi isə Ponqsak Sribunpengi paylaşdığı 6 yazı və şəklə görə günahkar bilib və hər paylaşıma görə 10 il cəza verərək, ümumilikdə 60 illik hökm oxuyub. Ancaq təqsirləndirilən şəxs etdiyi hərəkətdən peşman olduğu üçün cəzası 30 ilə endirilib.

Almaniyada bir facebook istifadəçisi öz səhifəsində paylaşdığı bir linkdəki şəklə görə 1800 avro cərimə olunub. Belə bir hadisənin ilk dəfə yaşandığını bildirən hüquq nümayəndələri isə bunun bir presedent olduğunu, yəni bundan sonra da oxşar cəzaların artacağını bildiriblər.

Məlumata görə, Berlindəki bir vəkillik kontoruna sərbəst bir fotoqraf məktubla müraciət edərək ticarət məqsədli facebook səhifəsi olan bir adamın 1746,69 avro cərimə olunmasını üçün müraciət edib. İstifadəçinin paylaşdığı linkin yanındakı kiçik şəklin müraciət edən yapon fotoqrafa aid olduğu ortaya çıxınca cəza verilməsi qərara alınıb. Şəkildən icazəsiz istifadə 1200 avro, vəkil xərci də 546,6 avro dəyərləndirilərək cəmi 1745,6 avro cərimə kəsilib.

Almaniyada hüquqşünaslar valideynlərə uşaqlarına sosial şəbəkələrdə diqqət etməyi tapşırıblar, çünki daha çox gənclər onlardan istifadə edirlər və şəkil, link paylaşmaq da normal qəbul olunur. Bunlar arasında müəlliflik hüququ qorunan şəkillər varsa, onlar da almaniyalı istifadəçinin durumuna düşə bilərlər. Hətta əgər əvvəllər belə bir şəkil paylaşılıb, sonra silinibsə də, onlara cərimə kəsilə bilər. İddiaçının tələbi ilə araşdırma aparılarkən arxivdən əvvəlki paylaşmalar da izlənilir. Bu səbəbdən mütəxəssislər "facebook səhifənizi yalnız dostlarınızın görə bilməsinə icazə verin” kimi tövsiyə edirlər. Həmçinin link paylaşmaq əvəzinə, sadəcə, əgər varsa, "bəyən” (like) düyməsini basmağı da məsləhət bilirlər.

Bu ilin oktyabrında isə İngiltərə hökuməti "Facebook Inc” şirkətini ölkənin daxili qaydalarını kobud pozduğu üçün cərimələyib. Rəsmi London vətəndaşlarının şəxsi məlumatlarını qeyri-qanuni formada 3-cü şəxsə ötürən şirkət barəsində rekord həcmdə cərimə tətbiq edib. Məlumata görə, "Facebook Inc”in şəxsi məlumatlarını mənimsədiyi 87 milyon istifadəçi arasında xeyli İngiltərə vətəndaşı da olub. Bu məlumatları 3-cü tərəfə ötürdüyü üçün şirkətə 500 milyon funt-sterlinq (təxminən 565 milyon avro) həcmində cərimə kəsilib.

Qeyd edək ki, "Facebook Inc” 2007-2014-cü illər ərzində istifadəçilərin məlumatlarını qeyri-qanuni istifadə üçün toplayıb.
 
/Musavat.com
 
AdRiver

XƏBƏR LENTİ