"Eurovision-2016" ilə bağlı daha bir qalmaqal

Change.org saytında "Eurovision-2016" müsabiqəsinin nəticələrinə yenidən baxılması tələbi ilə petisiya başlayıb.

Müsabiqənin təşkilatçılarına ünvanlanan petisiya üçün 35 min imza lazımdır. 

Xəbərdə bildirilir ki, petisiyanı İrəvanda yaşayan Artur Ohanesyan başladıb. Ancaq Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Avstraliya, Serbiya, İsveç, Rusiya, hətta Ukraynadan da adamların petisiyaya qoşulduğu iddia edilir.

Ukrayna prezidenti Petro Poroşenkonun xalq artisti adı verdiyi Camalə haqqında isə yeni məlumatlar ortaya çıxıb.

BAKU.WS-in məlumatına görə, kökü Krım tatarı və erməni qarışığı olan ukraynalı müğənni müsahibələrində ailəsi və dostları haqqında danışıb. Məsələn, o, müsahibələrinin birində deyib ki, ən yaxın rəfiqəsi azərbaycanlıdır: "Mənim ən yaxşı rəfiqəm Səbinədir. Biz onunla 5 ildən çoxdur ki, tanışıq. Səbinə musiqi dünyasından deyil, amma buna baxmayaraq musiqidən yaxşı anlayır. Mən Melitopolda yaşayanda bizim evə uşaqla qadın gəldi, bu Səbinə idi. Onların getməyə başqa yeri yox idi. Onlar Qarabağ qaçqını idilər. Onun anası erməni idi, amma Səbinə azərbaycanlı idi. Halbuki ermənilər və azərbaycanlılar arasında münaqişə var idi. Mən bunu xatırlamıram, amma anam xatırlayır. Bir müddət sonra Səbinə anası ilə başqa evə çıxdı, amma biz ünsiyyət saxlamağa davam etdik. Hazırda Səbinənin əri mənim qrupumda oynayır, o, əla gitara da çalır".

Camalə bir neçə dəfə Bakıda olub: "Mən bir dəfə Bülbül adına akademik müsabiqənin iştirakçısı, hətta favoriti də olmuşam. Orada hörmətli Polad Bülbüloğlu ilə şəxsən tanış oldum. Mənim Azərbaycanla bağlı çox xoş xatirələrim var - gülərüz insanlar, dadlı yeməklər, isti münasibət, bir sözlə, mənim sevdiyim hər şey..."

"Eurovision" təmsilçilərimiz niyə  çılpaqlığa meyl edirlər? 

"Eurovision-2016" mahnı müsabiqəsi ölkəmiz üçün uğursuz olsa da, Azərbaycanı təmsil edən Səmra Rəhimlinin geyimi ətrafında söz-söhbət bitmir. İştirakçıların açıq-saçıq geyinməsi bəzilərində  qıcıq yaradıb və sosial şəbəkə istifadəçiləri Səmra ilə yanaşı, bundan əvvəl də ölkəmizi təmsil edənlərin geyindiklərini gündəmə gətirib onları milli dəyərlərə ziyan vurmaqda günahlandırıblar.  Hər kəsə məlumdur ki, 2008-ci ildən bəri "Eurovision"da iştirak etsək  də, heç vaxt geyimlə bağlı yerli stilist və modelyerlərə müraciət olunmayıb.  Müsabiqə iştirakçılarımızın geyimləri əcnəbi, xüsusilə İsveç modelyer və stilistlər tərəfindən hazırlanıb. 
Ölkə təmsilçilərimizın geyimlərinin bu qədər tənqid edilməsi bir çox suallar ortaya çıxarır.

"Eurovision" təmsilçilərimiz nəyə görə hər zaman çılpaqlığa meyl edir? Bu, natamamlıq kompleksidir, yoxsa müasirliyin yolu bundan keçir?

Sfera.az bildirir ki, musavat.com qadın iştirakçılarımızın açıq-saçıq geyinməsinin səbəbini öyrənmək üçün sorğu keçirib. Onların tamaşaçılar tərəfindən tənqid olunan açıq-saçıq  geyimləri peşəkarlar tərəfindən qiymətləndirilib.

Modelyer Lalə Ağayeva bildirib ki, müsabiqə iştirakçılarının açıq-saçıq geyinməsi arzuolunan deyil: "Biz müsəlman ölkəsiyik, geyim seçərkən bunu nəzərə almalıyıq. "Eurovision"da qalib olmağın açıq və ya qapalı geyimə aidiyyəti yoxdur. Orada əsas səsdir, geyimlə əlaqəsi yoxdur. Səmranın geyiminə tənqidlə yanaşmamışam, lakin  iştirakçılarımızın geyimi qapalı olsa, daha yaxşı olar. Onların libaslarını yerli modelyerlər də hazırlaya bilərlər. Bizim gözəl zövqə malik və qabiliyyətli modelyerlərimiz çoxdur, onların 2-3-ü birləşib mükəmməl geyim ortaya çıxara bilər. Açıq-saçıq geyim müasirlik rəmzi deyil. Müasirlik savadla, dünyagörüşü ilə əlaqədardır. Elə hicablı xanımlar tanıyıram ki, kifayət qədər savadlıdır. Mən kolleksiyalarımda açıq-saçıqlığa üstünlük vermirəm, özüm geyinə bilməyəcəyim paltarları tikmirəm. Ən azı müsabiqəyə göndərilən  ifaçılara geyim seçərkən xalqımızın da düşüncəsi nəzərə alınmalıdır".

"Eurovision"da Səmra Rəhimlinin makiyajını edən stilist Elnur Həsənov vurğulayıb ki,  müsabiqə iştirakçıları  onlara  təqdim edilən geyimləri geyinir: "Səmranın makiyajını  mən etmişdim, lakin hamı elə bildi ki, geyimlər mənə aiddir. İştirakçıların geyimi İsveç modelyerlər tərəfindən hazırlanır. Səmranın geyimi ilə bağlı iradları qəbul etmirəm. Biz Avropa səhnəsinə çıxırıqsa, bu geyimlər normaldır.  Xarici müğənniləri dəstəkləyirik,  geyimlərini bəyənirik. O zaman özümüzü niyə baltalamağa başlayırıq? Səmra özbaşına deyil. İştirakçıların başında durub, onları yönləndirən insanlar var. Bizim millət başqasını tərifləyib ortaya çıxarır, özümüzünkünü isə baltalayır. Dünya səviyyəli konsertdə səhnəyə çıxan Səmranın paltarını xarici dizaynerlər, stilistlər hazırlayıblar. Onun geyimi, rəqsi, performansı əla idi. Əvvəlki iştirakçılar da açıq-saçıq geyinmişdilər. Nigar Camalın geyimi də qapalı deyildi, amma o, qalibiyyəti Azərbaycana gətirmişdi. Qalibiyyət geyimə bağlı deyil.  Müsabiqə iştirakçısını 6-7 ay ərzində hazırlayırlar, indiyə kimi qalib olan ölkələrin heç biri bağlı geyinməyib. Mən demirəm ki, açıq-saçıqlıq yaxşıdır. Sadəcə, deyirəm ki, mahnılara uyğun geyinirlər. Müsabiqənin qalibi Camalənin mahnısında üsyan, kədər  vardı. O, mahnısına uyğun qapalı geyinmişdi, "1944" açıq-saçıq libası qəbul etmir. Səmrada isə şou vardı. Gəlin, özümüzü baltalamayaq. Bizi düşmən ölkə izləyir. Onların iştirakçısı səhnəyə lüt çıxmışdı, lakin onu qalib kimi qələmə vermişdilər".

Psixoloq Elnur Rüstəmov bildirib ki,  Səmranın geyiminin bu qədər müzakirə olunmasının səbəbi psixologiyamızla bağlıdır: "Bizdə həmişə qadının geyimi müzakirə obyekti olub. Qadın geyiminə, yerişinə, oturuşuna fikir verməlidir. Bu, qədimdən belə olub. Düzdür, biz müasir dövrdə yaşayırıq, lakin bütün hallarda  bizim üçün bir insanın geyimi düşüncəsindən çox rol oynayır. Elə insan var ki, hicablıdır, lakin hərəkətlərində problemlər var. Səmranın geyimi insanlarımızda qıcıq yaratdı, çünki onlar şüuraltı düşünürdülər ki, bizi orada biabır edir. İnsanlar düşünürlər ki, onlar niyə Azərbaycan qadını haqda pis fikir formalaşdırır? Səmra gedəndə də bilirdi hara gedir, necə geyinəcək və ona qarşı təzyiqlər olacaq. Adam yarışa qatılıb, o müsabiqəyə yanaşmalar fərqlidir. Sabah o, uzun paltar geyinsə, insanlar onu alqışlayacaqlar. İnsanlar kütlə psixologiyası ilə yaşayırlar. Kütlə psixologiyasını rahat dəyişmək olur. Bu da milli dəyərlərimizə ziyan vurur. İştirakçı açıq-saçıq geyinə bilər, lakin yaşadığı ölkənin dəyərlərini də düşünməlidir. Səmranı qınayanları başa düşmək olar, lakin bu məsələnin bu qədər müzakirə olunması doğru deyil". 

Qeyd edək ki, Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli 17-ci yeri qazanıb. Vətənə dönən ifaçı geyimi ilə bağlı tənqidləri belə şərh edib: "Geyimimdə heç bir qüsur görmürəm. Əsas odur ki, yaraşırdı. Yaraşmasaydı, düşünərdim ki, biabırçı görünürdüm". 


OXŞAR XƏBƏRLƏR