"Əsas məqsədimiz region gəncləri arasında sahibkarlıq ideyalarını təbliğ etməkdir"

 

Nigar Ələsgərova "Odlar Yurdu" Gənclər İctimai Birliyinin həmtəsisçisi və sədridir. Artıq səkkiz  ildir rəhbərlik etdiyi təşkilat digər qeyri-hökumət təşkilatları arasında xüsusi fəallığı ilə seçilir. 

Birlik İtaliya, Norveç, Rumıniya, Yunanıstan, Bolqarıstan, Belçika və bir sıra başqa Avropa ölkələrinin keçirdiyi layihələrin tərəfdaşı olub. Nigar xanımla Birliyin əsas məqsədi, prioritet istiqamətləri, həyata keçirilən layihələr,  gələcək planlar və hədəflər barədə söhbətləşdik.

- Nigar xanım, "Odlar Yurdu" Gənclər İctimai Birliyi nə vaxt təsis edilib?

- 2012-ci ildə Gəncə şəhəri ölkənin ilk Gənclər Paytaxtı seçildi. Elə bu hadisədən təsirlənərək eyni zamanda, ölkəmizdə müşahidə olunan ictimai prosesləri, dövlətin gənclər siyasətinin əhəmiyyətini və bu siyasətin gənclərin inkişafı üçün yaratdığı real imkanları, gənclər təşkilatlarının respublikanın ictimai-siyasi həyatında fəal iştirakını nəzərə alaraq 15 iyun 2012-ci ildə birliyimizi təsis etdik.

- Birliyin yaradılmasında əsas məqsəd nə idi?

- Qeyd etdiyim kimi, "Odlar Yurdu" regionda təsis olunmuş bir təşkilat idi. Gəncə 2-ci böyük şəhər olmasına baxmayaraq, burada gənclər təşkilatlarının sayı və mövcud olanların əhatə dairəsi kifayət qədər deyildi. Bu səbəbdən birliyi təsis edərkən, fəaliyyəti ilə bağlı planlar qurarkən daha geniş auditoriyanı, müxtəlif sahələrə marağı olan gəncləri əhatə etməyə çalışdıq. Çoxşaxəli fəaliyyət qurmalı olduğumuza inandıq. Birliyin məqsədi gənclərin təhsil, elm, səhiyyə, mədəniyyət, sahibkarlıq, idman, həmçinin vətənpərvərliyin təbliğatına, milli-mənəvi dəyərlərin qorunmasına və cəmiyyətin digər sahələrinin inkişafına cəlb edilməsi, könüllülük işinin təşkili və gənclər sahəsində beynəlxalq əməkdaşlığın təmin olunmasıdır.

- "Odlar Yurdu" Gənclər İctimai Birliyi tərəfindən bugünədək hansı layihələr həyata keçirilib? Prioritet istiqamətlər hansılardır?

- Bu sualın cavabı olduqca genişdir. Mümkün qədər dolğun və eyni zamanda, konkret cavab verməyə çalışacam. Birlik 2018-ci ilə qədər 5 prioritet istiqamətdə fəaliyyət göstərirdi. 1) Könüllük. Bu istiqamətdə fəaliyyətimizin əsas məğzi region gəncləri arasında könüllülük fəlsəfəsini təbliğ etmək və daha çox gənci bu istiqamətdə maarifləndirməklə, könüllü fəaliyyətə cəlb etmək idi. Təsadüfi deyildi ki, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları Milli Şurası ilə birlikdə həyata keçirdiyi "Azərbaycan Könüllülük Xidməti" layihəsində "göndərən" və "qəbul edən" statusunda 2 təşkilatdan biri idik. Proqram çərçivəsində müxtəlif regiondan bir könüllü qəbul edir, həmçinin, müxtəlif regionlara könüllü göndərə bilirdik. Bundan başqa, fəxrlə deyə bilərik ki, ölkədə 7 gənclər təşkilatından biriydik ki, Avropa Komissiyasının "Avropa Könüllülük Xidməti"ndən akreditasiya almışdıq. İndiyə kimi isə artıq 3 dəfə "KönüllüSƏN" layihəsini icra etmişik. "Könüllü aylığı", "Könüllülər məktəbi" və s. kimi layihələrdə bu prioritet istiqamətdə icra etdiyimiz layihələrdir. Həmçinin, ölkədə həyata keçirilən yerli və beynəlxalq layihələrdə fəal gənclərin könüllü kimi fəaliyyətini də təmin etmişik.

2-ci vacib prioritet isə "İntellektual inkişaf" idi. Bu istiqamətdə davamlı intellektual oyunlar, çempionatlar həyata keçirmişik. "Azərbaycan İntellektual Oyunlar Klubu" İB ilə də əməkdaşlıq memorandumu çərçivəsində əlamətdar günlərə həsr olunmuş kütləvi çempionatlar həyata keçirmişik. "V Odlar Yurdu" Müstəqillik Kuboku bu səpkidə icra etdiyimiz sonuncu çempionatdır. 3-cü prioritet istiqamət "aktiv vətəndaşlıq" çərçivəsində isə müxtəlif aktuallıq kəsb edən mövzularda gənclərin maariflənməsi, proseslərə gənclərin cəlb olunması istiqamətində layihələr həyata keçirmişik. Misal üçün "Gənclik və Multikulturalizm; gələcək vəd edən həqiqətlər" layihəsi multukilturalizm ilində həyata keçirilib. "Turizmin İnkişafı və Gənclər-I Forum Turizm ilində keçirilib və bu mövzuda ilk forum idi. "Sinerji Forumu", "Sosial iş - Cəmiyyətin İnkişafı" , "Fərdi İnkişaf Akademiyası" (1 və 2) layihələri, "Mini MBA-Hər kəs üçün" və s. gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması tədbirləri və s. bu prioritet çərçivəsində icra olunanlardır. "Hamımız birimiz üçün" xeyriyyə tədbiri, müxtəlif xeyriyyə aksiyaları da bu istiqamətə daxil idi.

4-cü prioritet istiqamət isə "Ətraf mühitin mühafizəsi" idi. "Gənclər ətraf mühitin mühafizəsində", "Ətraf mühit və MƏN" Qış Məktəbi və s layihələr, onlarla təlim, seminar, aksiya və sosial media təşəbbüsləri bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdəndir.

5-ci istiqamət isə "Dövlətçilik və vətənpərvərlik" idi. Qərb bölgəsində gənclərin iştirakı ilə "Keçmişi öyrən, gələcəyini qur" adlı ilk televiziya layihəsi, müxtəlif ideoloji mahiyyət daşıyan tədbirlər bu istiqamət çərçivəsində idi. "Gənclik ONUN İmzasıdır" Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə dünyada 2-ci böyük Canlı İmza fləşmobunu Gəncə şəhərində həyata keçirdik. Bu hadisə Ümumilli Liderin əziz xatirəsinə olan sevginin göstəricisi olmaqla yanaşı, ölkə və ölkə hüdudlarından kənarda diqqət cəlb etmiş, səs salmışdı. Həmçinin, ölkədə yeni fləşmob ənənəsinin əsasını da qoydu.

Beynəlxalq əməkdaşlıq isə xüsusi fəaliyyət olaraq diqqətdə saxlanılır və bir çox ölkələrdə "Erasmus Plus" (Bolqarıstan, Belçika, Rumıniya, Macarıstan, Norveç, Yunanıstan, İtaliya, Türkiyə, Gürcüstan) proqramı çərçivəsində həyata keçirilən layihələrin tərəfdaşı olmuşuq. 2 böyük beynəlxalq layihəni ölkədə həyata keçirmişik. 2014-cü ildə "İdman və mədəniyyət; əl-ələ", 2016-cı ildə "Gəncə -2016 Avropalı Gənc Yazarların Hekayələrində" Beynəlxalq layihələri Gəncə şəhərinin 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçilməsinə həsr olunmuşdu.

2019-2021-ci "Odlar Yurdu" Gənclər İB-nin Strateji Planına uyğun olaraq isə cari ildə "könüllük fəlsəfəsinin təbliği", "aktiv vətəndaşlıq", "gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması" və "beynəlxalq əməkdaşlığın inkişafı" əsas prioritetlərdir. Aktiv vətəndaşlıq çərçivəsində cari ilin "Nəsimi ili" elan olunması münasibətilə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "İmadəddin Nəsimi-650 illik DƏYƏR" layihəsini icra etdik. Layihə çərçivəsində mühüm məlumatları əks etdirən "Zaman mənəm" sənədli filmi, "İki aləmdə varım" adlı 11 qəzəldən ibarət audio kitab hazırlandı. Azərbaycan və ingilis dilində Nəsimi haqqında faktları özündə əks etdirən kitabça da hazırlandı. Hazırlanmış materialların regionlar və paytaxtda ümumilikdə 10 təqdimatı baş tutdu.

Hal-hazırda isə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə "Dövlət Proqramının vəzifələrindən olan - 2.1.17-ci bəndi, həmçinin, Dayanıqlı İnkişaf Məqsədləri üzrə 13-cü məqsədi əsas tutaraq könüllü gənclərin ətraf mühit sahəsində maariflənməsinə xidmət edən "Ətraf mühit və MƏN-2" Könüllü Gənclərin Yay Məktəbi layihəsinin hazırlıqları ilə məşğuluq. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatların Dövlət Dəstəyinin dəstəyi ilə icra olunur. Beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində isə cari ildə Türkiyənin İzmir şəhərində icra olunan layihənin tərəfdaşı olduq və 5 nəfər gənclə təmsil olunduq. Növbəti layihə isə dekabr ayında Almaniyada baş tutacaq və yenə də 5 nəfərlə təmsil olunacağıq.

"Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması" istiqamətində isə cari ilin fevral ayinda ölkədə ilk dəfə "Brave Heart-Region Gənclərinin I Sahibkarlıq Forumu" layihəsini icra etdik. Əsas məqsəd region gəncləri arasında sahibkarlıq ideyalarını təbliğ etməklə, sahibkarlıq bacarıqlarını inkişaf etdirmək idi.

Ümumilikdə birlik indiyə kimi müxtəlif sərgilərdə, respublika tədbirlərində təmsil olunub. Uğurlu fəaliyyətinə görə dövlət və özəl qurumlar tərəfindən təltif olunub. Hal- hazırda Gəncə və Bakı ofisləri fəaliyyətdədir.

- Rəhbəri olduğunuz təşkilat gənclərin mənəvi inkişafı istiqamətində hansı işlər görür?

- Cəmiyyətin mənəvi zənginliyi onun gələcəkdə düzgün inkişafının təməl meyarlarından biridir. Gənclər Təşkilatı olaraq bunu dərk edir və çalışırıq ki, layihələrimizdə, ümumi fəaliyyətimizdə bu məqama xüsusi önəm verək. Yuxarıda adlarını qeyd etdiyim layihələr, istər Nəsimi yaradıcılığının gənclər arasında təbliği, tolerantlıq fəlsəfəsinin, mədəni kütləvi tədbirlər, məxsusi dəyərlərin qorunmasının təbliği bu istiqamətdə fəaliyyətimizə misaldır.

- Gələcəkdə hansı layihələrin həyata keçirməyi planlaşdırırsınız?

- Bundan sonra da təşkilatımızın "Strateji Planı"nda qarşıya qoyulan hər 4 prioritet istiqamət və ölkənin ictimai həyatında mühüm əhəmiyyət kəsb edən mövzularda gənclərin maariflənməsi və proseslərə daha aktiv cəlb olunması istiqamətində keyfiyyətli layihələrin icrasına davam edəcəyik. Ənənəmizə sadiq qalaraq "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının da müvafiq bəndlərinin icrası çərçivəsində müvafiq fəaliyyət sərgiləyəcəyik. Beynəlxalq əməkdaşlıq imkanlarımızı daha da genişləndirmək üçün çoxşaxəli fəaliyyəti davam etdirmək niyyətindəyik.

Yuxarıda qeyd etdiyim kimi, hal-hazırda isə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Ətraf Mühit və MƏN-2" Könüllü Gənclərin Yay Məktəbinə hazırlaşırıq. Düşərgəyə qatılmaq istəyən könüllü gənclər "Odlar Yurdu" Gənclər Birliyinin "Facebook" sosial şəbəkəsindəki mövcud səhifəsinə daxil olub, qeydiyyat linkindən qeydiyyatdan keçə bilərlər. Düşərgə 2019-cu ilin "Gənclər Paytaxtı" Şamaxı şəhərində təşkil olacaq.

S.QARAYEVA


OXŞAR XƏBƏRLƏR