Ermənistanın və separatçı rejimin növbəti “seçki” fiaskosu - TƏHLİL

Ermənistanın və separatçı rejimin növbəti “seçki” fiaskosu - TƏHLİL

Dağlıq Qarabağda "seçkilər” keçirilməsinə dünya ictimaiyyətinin gözlənilən reaksiyası özünü çox gözlətmədi - "seçkilər”in nəticəsi heç bir ölkə və qurum tərəfindən tanınmadı, əksinə, pisləndi. Dünya ölkələri, aparıcı beynəlxalq qurumlar qondarma rejimdə keçirilən "seçkiləri” qınayan sərt bəyanatlarla çıxış etdi.

Ən əsası, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) bəyanat verərək bildirdilər ki, martın 31-də Dağlıq Qarabağda keçirilən "seçkilər”in nəticələrini tanımırlar. Vasitəçilər onu da bəyan ediblər ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır. Həmsədrlər vurğulayıblar ki, "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi də qəbul etmirlər. Onlar "seçkilərin” nəticələrinin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan ediblər. Təbii ki, bu bəyanat həm də ATƏT adından verilmiş bəyanat kimi qəbul olunur, ATƏT-in mövqeyini əks etdirir.

Digər nüfuzlu təşkilat - NATO da "DQR”də keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edib. "NATO bu "seçkilərin" nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmir və nəticələrin heç bir halda Dağlıq Qarabağın yekun statusuna və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həll edilməsi üçün davam edən danışıqların nəticəsinə xələl gətirməyəcəyini vurğulayır. NATO ATƏT-in Minsk Qrupunu, o cümlədən həmsədrlərin bu məsələ ilə bağlı son bəyanatını dəstəkləyir", - deyə NATO baş katibinin siyasi məsələlər üzrə müavini, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

 

Bundan başqa, Avropa İttifaqı (Aİ) da Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament" seçkilərini tanımadığını vurğulayıb. Avropa İttifaqının Xarici Siyasət Xidmətinin yaydığı bəyanatda bildirilir ki, 2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma "prezident və parlament seçkiləri" ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha xatırladır ki, bu "seçki”nin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır. "Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz. Aİ ATƏT-in Minsk Qrupunu və xüsusən həmsədrlərin "status-kvo”nun xaricində irəliləyiş, hərtərəfli və davamlı sülh yolunda əsaslı danışıqlar aparmaq səylərini qətiyyətlə dəstəkləyir. Aİ Dağlıq Qarabağ münaqişəsinin erkən, sülh yoluilə həllinə yönəlmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır", - deyə bəyanatda vurğulanır.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da növbəti dəfə prinsipial mövqe ortaya qoyaraq, işğal altındakı Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i legitim hesab etmədiyini bəyan edib. Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda keçirilən qondarma "seçkilər" BMT-nin müvafiq qətnamələrinə ziddir: "İƏT-in Baş katibliyi Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionunda 31 mart tarixində keçirilən "seçkilər"i BMT-nin Dağlıq Qarabağla bağlı müvafiq qətnamələrinə zidd görür. İƏT münaqişənin həllində İslam Əməkdaşlıq Təşkilatının və ATƏT-in müvafiq qərar və qətnamələrinə istinad edir. Bu qətnamələr münaqişəninAzərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll edilməsini dəstəkləyir".

GUAM, ayrı-ayrı ölkələr - İran, Almaniya, Böyük Britaniya, Pakistan, Türkiyə, Rumıniya, Estoniya, Ukrayna, Gürcüstan, İtaliya və digərləri də bəyanatla çıxış edərək, bu addımı pislədi, separatçıların keçirdiyi "seçkilərin” danışıqlara və nizamlanma prosesinə zərbə vurduğunu bəyan etdi. Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi və Dağlıq Qarabağın azərbaycanlı icması da bəyanat yayaraq, kəskin etiraz bildirdi.

Beləliklə, ermənilərin Dağlıq Qarabağda "seçkilər” keçirməklə qondarma rejimə legitimlik donu geyindirmək cəhdi bu dəfə də alınmadı. Bu "seçkilər” bir daha həm də onu göstərdi ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onların Azərbaycana və beynəlxalq hüquqa hörmətsizliyi dəyişməz qalır.

"DQR”də keçirilən "seçkilər”in isə danışıqlar prosesini pozmağa yönəlmiş addımdan başqa adı yoxdur. BMT qətnamələrində də göstərilir ki, Azərbaycan əraziləri işğal altındadır və Qarabağda keçirilən istənilən "seçki” qanunsuzdur. Bu baxımdan, qondarma rejimin "seçkilər” keçirməsi Qarabağ münaqişəsinin həllinə mənfi təsir edir və danışıqlar prosesində ardıcıllığa zərbə vurur.

Bu prosesdə başqa bir diqqətçəkən məqam "seçkilərin” keçirilməsində separatçı rejimdən çox, Ermənistanın, Ermənistan rəhbərliyinin, konkret Nikol Paşinyanın daha istəkli olması idi. Belə olmasaydı, koronavirusun tüğyan elədiyi, hər gün dünyada minlərlə insanın bu virusdan həyatını itirdiyi, yoluxma hallarının həndəsi silsilə ilə artdığı bir vaxtda Dağlıq Qarabağda "seçki tamaşası” qurub, hətta koronavirus böhranında boğulan Ermənistandan "müşahidəcilər” göndərilməzdi. Hamını evində qalmağa çağıran Paşinyanı 300-dən çox "müşahidəçini” hər gün koronavirusa onlarla yoluxmanın baş verdiyi, pandemiyadan ölümlərin qeydə alındığı Ermənistandan "indiyədək bir koronavirusa yoluxmanın belə aşkarlanmadığı” Dağlıq Qarabağa göndərməyə nə vadar edirdi? Görünən budur ki, Paşinyanı, eləcə də Dağlıq Qarabağdakı separatçı rejimi sadə insanların, əhalinin taleyi maraqlandırmır. "Seçki” hərisliyi, hakimiyyəti əldə saxlamaq arzusu o qədər yüksəkdir ki, nəyin bahasına olursa olsun - hətta insanlar koronavirus kimi təhlükəli bəlaya düçar olsa belə - "seçkini” mütləq keçirməyi qarşılarına məqsəd qoyublar. "Seçkiləri” təxirə salmamaq üçün Dağlıq Qarabağda koronavirusa yoluxma olduğunu gizlədən separatçı rejim nə qədər həyasız və yalançı olduğunu göstərdisə, Paşinyan hakimiyyəti onlara bu işdə dəstək vermək, eyni zamanda pandemiyanın mərkəzi olan Ermənistandan koronavirus olmayan bölgəyə "müşahidəçi” göndərməklə o qədər riyakar və hakimiyyət hərisi olduğunu ortaya qoydu. Məqsəd aydındır - Paşinyanın adamını dərhal separatçıların başına gətirmək. Əks halda Ermənistanın baş naziri Dağlıq Qarabağa nəzarəti tamam itirə bilərdi. Lakin N. Paşinyan anlamır ki, bununla növbəti yanlış addımını atdı. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək bir dövlət kimi Ermənistanın gələcəyini təhlükəyə salır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası, İrəvanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...