“Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa...” - Paşinyana sərt cavab

“Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa...” - Paşinyana sərt cavab
 

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirdiyi bəyanata münasibət bildirib.

Sfera.az  xəbər verir ki, o, "Nikol Paşinyanın bazar ertəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi açıqlama və ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzaya iradlar bildirməsi nə dərəcədə məntiqlidir" sualına belə cavab verib: "Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu bəyanatı ilə bir daha Ermənistanın işğalçı ölkə olduğunu təsdiqlədi. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza bildirmişdi ki, Paşinyanın "Qarabağ Ermənistandır” söyləməsi münaqişənin həlli ilə bağlı aparılan danışıqlara son deməkdir. Paşinyanın Metyu Brayzaya bu fikirlərinə görə irad bildirməsi Ermənistanın təcavüzkar siyasət yürütdüyünü nümayiş etdirir. Paşinyan bildirir ki, ilk erməni lideri olaraq münaqişənin həlli üçün həm Ermənistan, həm Dağlıq Qarabağ həm də Azərbaycan üçün məqbul olan həll variantına tərəfdardır. O, bununla Dağlıq Qarabağın azərbaycanlı icmasını görməməzlikdən gəlməklə, münaqişənin həllinə qarşı olduğunu gizlətmir.