Ermənistan hamı üçün təhlükəyə ÇEVRİLDİ

Ermənistan hamı üçün təhlükəyə ÇEVRİLDİ

Azərbaycana düşmən kəsilmiş Ermənistan tək ölkəmiz üçün yox, bütün region üçün təhlükədir. Özü də bu təhlükə hipotetik yox olduqca realdır.
Daha konkret olsaq, bütün Cənubi Qafqaz, Türkiyə və İranın şimalı, Rusiyanın cənubu istənilən an radioaktiv buludların dövr vurduğu, nüvə nuklidlərinin yayıldığı və bütün canlıların ölə biləcəyi məkana çevrilə bilər.
Səbəb Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasıdır.
Bu AES hər an partlaya biləcək barıt yox, nüvə çəlləyidir və həmin partlayış riski da on milyonlarla insanın həyatını sürəkli təhdid situasiyasında saxlayır.
Mənəvi və texniki baxımdan köhnəlmiş avadanlığın istismar olunduğu Metsamor AES dayandırılmalıdır. Bunu Ermənistan da bilir. Rəsmi İrəvan illər əvvəl Avropa Birliyi ilə danışıqlara başlamış, Qərbin AES-lə bağlı birmənalı "Dayandırın!" tələblərini yerinə yetirəcəyini, yeni AES tikməyə başlayacağını demişdi.

Beynəlxalq təşkilatların "dünyanın ən riskli, ən təhlükəli atom-elektrik stansiyası" adlandırdıqları Metsamor AES dayandırılmayıb, yeni AES-in tikintisinə də başlanmayıb. Hətta İrəvan o qədər özünü "rahat" hiss edir ki, yeni AES-in layihəsi belə, yoxdur.
Ermənilərin dediklərinə görə, onlar postsovet ölkələri arasında ən yoxsul dövlətlərdən biri olduqları üçün yeni AES-in inşasına görə 5 milyard dolları tapa bilmirlər.
Rusiya yeni AES-in inşası ilə bağlı işlərin bir qismini maliyyələşdirəcəyini vəd etmişdi. Lakin dünya bazarlarında enerjidaşyıcılarının qiymətlərinin kəskin ucuzlaşması nəticəsində Rusiya iqtisadiyyatı depressiv durumdadır və yaxın illərdə böhrandan çıxma ehtimalı azdır.

Metsamor AES-in seysmik zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün böyük təhlükə mənbəyi olduğunu azərbaycanlı alimlər dəfələrlə söyləyiblər.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun bəyanatında da bildirilir.
 Metsamor AES 2 blokdan ibarətdir. AES İrəvan şəhərindən 28 km, Türkiyə və İran sərhədindən müvafiq olaraq 16 və 60 km, Azərbaycan sərhədindən 150 km məsafədə yerləşir. Metsamor AES-in işlətdiyi illik nüvə yanacağının miqdarı 42 tondur. Metsamor AES-in fəaliyyəti 1988-ci ildə Spitak zəlzələsindən sonra dayandırılıb, amma bir bloku 1993-cı ildə yenidən işə salınıb. Bəyanatda qeyd olunur ki, bu blokun istismar dövrü 2016-cı ildə bitir: "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Metsamor AES-in istismar müddətinin artırılıb-artırılmaması məsələsinə yenidən baxacaq. AES çox ciddi təhlükə mənbəyidir. 2009-cu ildə qərar qəbul edilib ki, yeni AES tikilsin, bu AES-in tikintisi də maliyyə çatışmazlığı ucbatından dayandırılıb.

Təbii ki, Metsamor AES bölgə üçün böyük təhlükə mənbəyidir, o qədər də etibarlı işləməyən AES-dir. Ona görə də beynəlxalq ictimaiyyətə çağırışlar edilməlidir ki, Metsamor AES öz fəaliyyətini dayandırsın, yəni beynəlxalq agentlik bundan sonra Metsamor AES-in işləməsinə icazə verməsin.
 Radiasiya Problemləri İnstitutundan o da bildirilib ki, Metsamor AES-in istismarının dayandırılması məsələsi çoxdan qaldırılıb: "Azərbaycan bu məsələ ilə bağlı tərəfdaşlar qazanmalıdır. İran, Türkiyə, Gürcüstan və beynəlxalq agentliyin üzvü olan ölkələr Metsamor AES-in istismarının dayandırılması barədə mövqe ortaya qoymalı və beynəlxalq qurum bu barədə qərar verməlidir".
Metsamor Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. AES-in tikintisinə 1973-cü ildə Yerevandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlansa da, 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb.
1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub.
Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edir və 1995-ci ildə 2-ci enerji bloku işə salınır. Bu stansiya regionda birinci nəsil VVGR-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir.

Təhlükələr

Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi qəza baş verməsi ehtimalı çox böyükdür. Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaq ardına vuraraq onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında yaşayacağını göstətir.
Metsamor AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. Metsamor AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ bu stansiyanın fəaliyyətinin region üçün böyük təhlükə yaratdığını əyani şəkildə təsdiq edir.

Ekspertlər hesab edirlər ki, AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülüb. Bundan sonrakı dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb.
Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.

Nüvələrin təhlükəyə bölündüyü iki blok

Metsamor atom-elektrik stansiyasında iki enerji bloku var. Beynəlxalq Nüvə Energetikası Agentliyinin (BAEA) reyestrinə görə, Rusiyada istehsal olunmuş VVER-440/270 tipli bu blokların toplam istehsal gücü ildə 916 MVt elektroenerjidir. Birinci blokun inşasına 1969-cu ilin iyulun 1-də başlanıb və o, 1977-ci ilin noyabrın 6-da istifadəyə verilib. İkinci blok isə 1975-ci ilin iyulun 1-də tikilməyə başlanıb, 1980-ci ilin mayın 3-də istismara verilib.
Həmin blokların heç birinin hermetik "qılaf"ı, yəni hər hansı qəza və ya fövqəladə hadisə zamanı müdafiə korpusunun dəlinərək radioaktiv sızmalara səbəb olmasının qarşısını ala biləcək konstruksiyası yoxdur.
Metsamorda ən kiçik sızıntı Ermənistanın paytaxtı İrəvanın bütünlüklə boşalmasına, Ermənistan əhalisinin isə minimum 65 faizinin ölkədən dərhal çıxmasına səbəb olacaq.

Bu, fəlakət ssenarisinin ən mülayim, yumşaq variantıdır.
AES-in tektonik sınma laylaranın kəsişdiyi məkanda, seysmik baxımdan çox fəal zonada yerləşdiyi və köhnə texnologiya ilə çalışaraq təhlükəsizliyinin yetərincə təmin olunmadığını da nəzərə alsaq, stansiya istənilən an partlaya biləcək "çirkli", amma çox böyük bombanı xatırladır.

BAEA da narazıdır

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və digər təşkilatlar Ermənistanın qanunsuz nüvə fəaliyyətindən narazıdırlar.

Bu, BAEA-nın insidentlər üzrə illik statistik hesabatlarına, Nəqliyyat və Siyasətin İnkişafı İnstitutunun trafikinqi haqqında məlumat bazasına, eləcə də nüvə qaçaqmalçılığı, oğurluğu və sahibsiz şüalanma mənbələri və digər mənbələr haqqında məlumat bazasına daxil edilmiş Ermənistandan nüvə qaçaqmalçılığı faktlarından məlum olur.

Aşağıda Ermənistanın və ölkə vətəndaşlarının təhlükəli nüvə fəaliyyətinin nümunələri göstərilib:

- 1999-ci il mayın 22-də Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kq U-235 az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstəriblər və bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Ermənilər uranın 1 kq üçün 35 000 dollar tələb ediblər.

- 2001-ci il dekabrın 19-da Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. Araşdırma nəticəsində həmin uranın Ermənistandan gətirildiyi müəyyən olunub.

- 2003-cü il iyunun 26-da Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar. Saxlanılan Ermənistan vətəndaşı Qarik Dadadyanın üzərində 170 qram uran aşkarlanaraq götürülüb. Dadadyan Ermənistana təhvil verilib, ona qarşı cinayət işi açılıb və həmin şəxs cəmi 2.5 il müddətinə azadlıqdan məhrum olunub. Bu fakt radioaktiv qaçaqmalçılıqla məşğul olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna işarədir.

- 2003-ci il dekabrın 29-da Ermənistan-İran sərhədində Mehri nəzarət-buraxılış məntəqəsində Ermənistanın Metsamor AES-dən çıxarılan Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb. Spektral təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə malikdir.

- 2004-cü il martın 13-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistan vətəndaşı radioaktiv materiallarla saxlanılıb. Lakin məsələ ictimailəşdirilməyib.

- 2007-ci il oktyabrın 24-də Gürcüstan-Türkiyə sərhədində (Sarpi nəzarət-buraxılış məntəqəsi) xüsusi düzəldilmiş qızıl konteynerdə 2,04 qram Lourensiy-103 maddəsi aşkarlanıb və buna görə 4 Ermənistan vətəndaşı saxlanılıb.

- 2009-cu il avqustun 26-28-də Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Ermənistanın Qerarkunik vilayətinin Noratus kənd sakininə məxsus olan avtomobildə Sezyum-137 maddəsinin izləri aşkarlanıb. Lakin maddənin özü tapılmayıb və buna görə də sərnişinlər azad edilərək Ermənistana qaytarılıblar.

- 2010-cu ilin martında Tbilisidə biznesmen Smbat Tonoyan və Yerevan Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan radioaktiv materialların alverində şübhəli bilinərək saxlanılıblar. Onların üzərindən 89 faiz zənginləşdirilmiş 18 qram uran aşkar olunaraq götürülüb. Tbilisidə məhkəmə prosesi zamanı müəyyən edilib ki, Tonoyan potensial alıcıdan 120 qram zənginləşdirilmiş uran üçün əvvəlcə 8 milyon dollar tələb edib, lakin sonradan 1,5 milyon dollara qədər qiyməti azaldıb. 18 qram məhsul nümunə kimi alıcıya nümayiş etdirilməli idi. Müsadirə edilmiş uranı Tonoyana 2003-ci ildə Gürcüstanda uran qaçaqmalçılığına görə həbs edilən Ermənistan vətəndaşı Qarik Dadadyan verib. 2003-cü ildə radioaktiv materialların qaçaqmalçılığı faktına görə məhkum olunmuş bu şəxs yüngül həbs cəzası çəkdikdən sonra yenidən öz fəaliyyətini davam etdirib.

- 2010-cu il sentyabrın 16-da Tbilisi hava limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb. Saxlanılmış şəxslərin üzərindən 0,0004 kiloqram plutonium (Pu) və 0,00008 kiloqram az zənginləşdirilmiş uran aşkarlanaraq götürülüb. Araşdırma zamanı cinayətkarların radioaktiv materialları satmağı planlaşdırdıqları müəyyən edilib.

- 2014-cü ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni Gürcüstana keçirməyə cəhd göstərən iki erməni həbs edilib.

- 2016-cı ilin yanvarında Ermənistan-Gürcüstan sərhədində (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib.

- 2016-cı ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər. Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış.

Ermənistan və Gürcüstan arasında mütəmadi insidentlər və nüvə materiallarının qanunsuz dövriyyəsində Ermənistanın xeyli sayda vətəndaşının əlaqəsi olması erməni marşrutunun mövcudluğunun yetərli göstəricisidir.

Radioaktiv mənbələr bəd niyyətlər üçün də, məsələn "çirkli bomba"nın yaradılması üçün istifadə edilə bilər. Nəzarət edilməyən radioaktiv mənbələr insan səhhətinə və ya ətraf mühitə də zərər verə bilər. Radioaktiv mənbələrin qanunsuz tullanılması və ya utilizasiyası ciddi ekoloji və iqtisadi fəsadlara gətirib çıxara bilər.

Ermənilər torpaqlarımıza ölüm basdırır

Ermənistan "Metsamor" AES-in radioaktiv tullantılarını Azərbaycanın işğal edilmiş ərazilərində yaya bilər və bu, əsla istisna deyil.
Ermənistanın Azərbaycana qarşı nüvə silahından istadə edə biləcəyinə dair təhdidləri növbəti şantajdan başqa bir şey deyil.
Nüvə yanacağı xüsusi hovuzlarda saxlanılır, onun istifadəsinə nəzarət isə bilavasitə Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən aparılır. Çətin ki, Ermənistan bu yanacaqdan digər məqsədlər üçün istifadə edə bilsin, çünki onun emalı üçün qaynar laboratoriya və ixtisaslaşdırılmış robotlaşdırılmış texnologiyalar lazımdır.

İrəvan dünyanı eyninə almır

Təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini yaşayan Azərbaycan, əslində, nüvə terrorizmi və radiasiya riski ilə də üz-üzədir. Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında nüvə tullantıları basdırması, "Metsamor" Atom Elektrik Stansiyasının radiasiya tullantılarının Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılması inkar edilməz faktlarla təsdiqini tapmışdır. İşğal altında olan Azərbaycan əraziləri qadağan olunan nüvə məhsullarının tranzit daşınmasında da böyük risklər yaradır. Bundan başqa, artıq istismar müddəti keçmiş "Metsamor" AES güclü seysmik ərazidə yerləşir. Prezident İlham Əliyev 2012-ci ilin martında keçirilmiş Seul Sammitində bu barədə deyib: "...Bu yaxınlarda sunami nəticəsində "Fukusima" Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzaya çox ciddi şəkildə yanaşılmalıdır. Azərbaycan Ermənistanın 1976-cı ildə fəaliyyətə başlamış və hazırda köhnəlmiş "Metsamor" Atom Elektrik Stansiyasından olduqca narahatdır. "Metsamor" stansiyası bütöv region və yaxınlıqda olan qonşular üçün potensial fəlakət mənbəyidir

Ən son məlumatlara görə, Ermənistan "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilədək uzatmaq niyyətindədir və bu barədə hökumət qərar qəbul edib. Xüsusi olaraq qeyd etməliyik ki, "Metsamor" AES-in Azərbaycan, Türkiyə və İran üçün yaratdığı real təhlükənin ümumi ərazisi mövcud Ermənistandan təxminən iki dəfə böyükdür.
Mövzunun davamı olaraq qlobal nüvə terrorizmi riski barədə bəzi məqamlara müraciət edək. Bəhs etdiyimiz kimi beynəlxalq terrorizmlə mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq artıq bu bəla insan cəmiyyəti üçün bir nömrəli problemə çevrilməkdədir. Məlum olduğu kimi, 2016-cı il martın 22-də Belçika paytaxtı Brüsselin hava limanında və metroda 34 nəfərin ölümü 130-dan çox insanın yaralanması ilə nəticələnən terror aktı törədildi. Belçikanın rəsmi dairələrindən terrorçuların ölkə paytaxtındakı atom elektrik stansiyasının partlatmağa cəhd etdikləri barədə məlumatlar yayılmışdır. Son vaxtlar Ermənistan rəhbərlərinin Azərbaycan və Türkiyəyə qarşı radiaktiv tərkibli silahdan istifadə etmək təhdidi dünya ictimaiyyətini daha ciddi düşündürməlidir.
Unutmaq olmaz ki, Ermənistan tərəfi işğal altında saxladığı Azərbaycan torpaqlarında terrorçu təşkilatlara təlim düşərgəsi yaradıb. Heç kim zəmanət verə bilməz ki, terrorçuluğu dəstəkləyən, ayrı-ayrı terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan "Metsamor" AES-in imkanlarından Azərbaycan və Türkiyəyə qarşı məqsədli istifadə etmək niyyətində deyil.


OXŞAR XƏBƏRLƏR

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...

Qadınları xilas etmək üçün 300-dən çox kişini öldürən qatil: Madam Popova

Tarix boyu araşdırsaq, çox maraqlı personajlarla rastlaşırıq. Bu adlardan biri də Madam Popovadır. Ərləri tərəfindən işgəncələrə məruz qalan qadınları xilas və ...