“Ermənilərə törətdikləri cinayətləri faktlarla sübut etməyə hazıram”- Nəsiman Yaqublu
14:50 / 25.02.2019
2567
Ermənilər azərbaycanlı tarixçi, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun "Xocalı qırğını” kitabına qarşı ciddi kampaniyaya başlayıblar.
Tarixçi açıqlamasında bu məsələyə münasibət bildirib. O qeyd edib ki, kitabda yazdıqları şahidi olduğu həqiqətlər əsasında qələmə alınıb:
""Xocalı qırğını” kitabını şahid ifadələri əsasında, öz gözümlə görüb yazmışam. Ona görə də bu erməniləri ciddi şəkildə qıcıqlandırır. Bəzi kitablar var ki, internetdən, ordan-burdan köçürürlər, nə gəldi yazırlar. Mənim yazdıqlarımın hamısı şahid ifadələrinə, fotolara və sənədlərə əsaslanır”.
N.Yaqublu, həmçinin qeyd edib ki, o, Milli qəhrəman Allahverdi Bağırovla birlikdə baş verənlərin şahidi olub: "Milli qəhrəman Allahverdi Bağırovla birlikdə gedib, öz gözlərimlə görmüşəm. Ermənilərlə danışıqlar aparmışıq, meyitləri yığıb gəlmişik, mən o prosesdə iştirak etmişəm. Ona görə də ermənilər heç bir əsasla mənim bu faktlarıma qarşı çıxa bilmirlər. Yalnız özlərinə uyğun şəklidə uydurma kampaniyaya başlayıblar”.
"Mən onlarla görüşüb, bu faktları onların özlərinə də qəbul etdirməyə hazıram. İstənilən konfransda, istənilən yerdə gəlsinlər, üzbəüz oturaq, onların həqiqətən bu cinayəti necə törətdiklərini və bu cinayəti törədənlərin həqiqətən də ciddi bir hüquqi məsulliyyət daşıdığını onlara faktlarla və sənədlərlə sübut etməyə hazıram” – deyə tarixçi vurğulayıb. Moderator