AdRiver
Ərəbin öldüyü otelin arxasındakı üç məmur və “biznes imperiyası” – Siyahı/Fotolar

Ərəbin öldüyü otelin arxasındakı üç məmur və “biznes imperiyası” – Siyahı/Fotolar

 Bakıda ərəb turistin öldüyü "Ariva” otelinin sahibinin başqa obyektləri haqda yeni məlumat əldə etmişik.
Sfera.az-a AzEuroNews.com–dan verilən xəbərə görə, otelin sahibi həm də Atatürk prospektində yerləşən "İstanbul estetik” klinikasının qeyri-rəsmi rəhbəridir.

► "Ariva” otel, "İstanbul estetik” klinikası…

Onun Nərimanov rayonu, Əliyar Əliyev küçəsində villası, ticarət obyektləri, restoranları var.

Məlumatda deyilir ki, bu biznes şəbəkəsinin əsas sahibi Nərimanov rayon icra başçısı müavini Şahmar İbadovdur.

Başçı müavini "Ariva” otel, "İstanbul estetik” klinikası və bir çox müəssisələrin qeyri-rəsmi sahibidir və onları icarəyə verib.

Ş.İbadov mətbuata açıqlamasında otelin ona aid olmasını təkzib etsə də, bizi bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, "Ariva” otel başçı müavininə məxsusdur.

► Başçının "kassir”i və yoxa çıxan yazı

Ancaq qəribə nüans ondan ibarətdir ki, otelin əsl sahibinin icra hakimiyyətinin Rayon Təsərrüfat Şöbəsinin müdiri Ağayev Rəşid Ağaqulu oğlu olduğu haqda yenicag.az yazıb.

Sayt iddia edir ki, R.Ağayev Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin ən sadiq adamlarındadır.

Ağayev Fərzəliyev Nizami rayonunda icra başçısı kimi fəaliyyət göstərdiyi dövrdən bəri onunla birlikdədir.

Nərimanova təyin olunduqdan sonra ilk təyinatlarından biri Ağayevlə bağlı olub. Rayonda Rəşid Ağayevin icra başçısının "gizli kassa”sı olduğu bildirilir.

Hətta "Şərq” bazarı ətrafında, Dərnəgül yolu istiqamətində, metro yaxınlığında olan obyektlərin bir çoxunun R.Ağayevin nəzarətində olduğuna dair xəbərlər var.

  
Şahmar İbadov

Amma bu məlumat sonra sözügedən saytdan çıxarılıb və arxivdən tapmaq olur. Belə görünür ki, otel A.Fərzəliyev – Ş.İbadov – R.Ağayev triosunun nəzarətindədir.

► Turist viaqra qəbul edib?

Xatırladaq ki, yanvarın 8-də Küveyt vətəndaşı olan 56 yaşlı Məsfər Oma Alshelahi oteldə vəfat edib. Turist ürək-damar çatışmazlığı üzündən keçinib.

Ölümünə az qalmış Küveyt vətəndaşı mehmanxanadakı otağına birdən-birə üç fahişə gətirib. O, elə qadınların gözü qarşısında dünyasını dəyişib.

Pul müqabilində seksual xidmətlər göstərən qadınlar isə kişinin öldüyünü bilən kimi otağı tərk ediblər. Kriminalistlər turistin üzərində və otaqda pul aşkarlamayıblar.

Ehtimal olunur ki, otağa dəvət olunan fahişələr pulları özləri ilə aparıblar. İstisna olunmur ki, ərəb turist viaqra qəbul edib və onun ürəyi dayanıb.

Dəfələrlə eşitmişik ki, bəzi insanlar cinsi aktivliyi artıran preparat qəbul etdikdən sonra infarkt keçirərək dünyasını dəyişib. Çox uzağa getmək lazım deyil.

Türkiyədə yaşayan, əslən azərbaycanlı müğənni Azər Bülbülün oteldə hansı səbəbdən həyatını itirdiyini yəqin ki, çoxunuz bilirsiniz. Müğənni məhz bu cür dərmanlardan istifadə etdiyi üçün dünyasını dəyişmişdi.

Kamaqra” və "Viaqra” tipli dərmanlar daha çox satılır. Dərmanları daha çox yaşı 50-dən yuxarı olanlar alır. Ereksiya problemi olan gənclər də tez-tez alırlar.

DİGƏR XƏBƏRLƏR


---

SFERA.AZ - ANALİTİK İNTERNET MEDIA

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Saytda yer alan informasiyadan istifadə etdikdə LİNK-lə istinad mütləqdir.

© 2012-2016