“Elşad Barat Mikayıl Müşfiqin atılmış dırnağı da deyil” – AYB-dən SƏRT AÇIQLAMA

“Elşad Barat Mikayıl Müşfiqin atılmış dırnağı da deyil” – AYB-dən SƏRT AÇIQLAMA
Azərbaycan Yazıçılar Birliyinin üzvi olan gənc yazar Elşad Barat "Faceook" sosial şəbəkəsində Mikayıl Müşfiqin ünvanına sərt fikirlər səsləndirərək, öz yaradıcılığını onunla müqayisə edib.
 
O, qeyd edib ki, Mikayıl Müşfiqlə onun yaradıcılığı müqayisə oluna bilməz. Yazıçı həmçinin statusunda Mikayıl Müşfiqi "qıjı" adlandıraraq onun ünvanına təhqiramiz fikirləri səsləndirib.  

Sfera.az bu barədə AYB-nin mətbuat xidmətinin, həmçinin "Müşfiq Komissiyası”nın rəhbəri Xəyal Rzanın fikirlərini öyrənib. 
 
Xəyal Rza bu cür "yazar"ların ancaq sosial şəbəkələrdə səslərinin çıxdığını bildirib:
 
"Yazıçılar, şairlər azad insanlardır. Biz kiməsə əxlaq dərsi keçə bilmərik. Bu həm də əxlaqi məsələdir. Kimsə daxilindəki qara fikirləri "qusur"sa, AYB bununla bağlı nə edə bilər? AYB ictimai təşkilatdır. Biz kimlərinsə daxili fikirlərinə qarşı çıxa bilmərik. Lakin Azərbaycanın dəyərlərinə toxunulması hallarında nə AYB, nə də ki, ictimaiyyət bu cür hadisələrin qarşısında susa bilməz. Ən azı həmin şəxs ictimai qınaqla cəzalandırılmalıdır. Cəmiyyət bu cür məsələlərdə aktiv olmalıdır. Çünki adını çəkdiyiniz yazıçılar məhz sosial şəbəkələrdə hoqqa çıxarırlar. Başqa yerlərdə onlara meydan verən olmur. 
Adı çəkilən yazıçı Mikayıl Müşfiqin atılmış dırnağı belə ola bilməz. Azərbaycanın nakam şairi, mükəməl qələm sahibi olan şəxsiyyətə söz atılıbsa, yəqin ki, onun cavabı ilk olaraq dostluğunda olan şəxslər tərəfindən veriləcək”.

Qeyd edək ki, artıq 8 ildir ki, 5 iyul tarixi, yəni Mikayıl Müşfiqin doğum günü "Azərbaycan Şairlər” günü kimi qeyd olunur. Bu il də ənənəyə sadiq qalaraq Mikayıl Müşfiqin anım günü ilə əlaqədar olaraq 10 rayonda tədbirlər təşkil olunacaq. 

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR