\"Əliyev vurğuladı ki, bu, ədalətli mövqedir\" - Foto

\

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-17-də Riqada rəsmi səfərdə olub.

Sfera.az xəbər verir ki, latviyalı ekspertlərin fikrincə, bu səfər iki ölkə arasında yeni strateji tərəfdaşlıq səhifəsi açıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Raymonds Veyonis iki ölkə arasında daimi siyasi dialoqu, iqtisadi əməkdaşlıq proqramını, habelə təhsil və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyəti nəzərdə tutan "Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” imzalayıblar.

Azərbaycan artıq Avropa İttifaqının üzvü olan 11 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Azərbaycan ilə Latviya arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə Avropa İttifaqı və Azərbaycan arasında mümkün sazişlər üçün də gözəl zəmindir.

Səfər çərçivəsində beynəlxalq kombinə edilmiş yükdaşımaları, tikintidə təhlükəsizliyə dövlət nəzarəti və təhsil sahələrində də sənədlər imzalanıb.

Latviya Prezidenti Raymonds Veyonis vurğulayıb ki, Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır və ikitərəfli münasibətlər sıx dostluq əlaqələrinə əsaslanır. O əmin olduğunu bildirib ki, imzalanmış Bəyannamə Latviya-Azərbaycan münasibətlərinin genişlənməsinə müsbət təsir göstərəcək. Latviya dövlətinin başçısı bəyan edib ki, onun ölkəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsini həmişə dəstəkləyib. Bu ilin sonunda növbəti Şərq Tərəfdaşlığı Sammiti keçiriləcək və bununla əlaqədar olaraq, müxtəlif çevik yollar tapılacaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişlənsin.

Raymonds Veyonis növbəti dəfə bəyan edib ki, Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar masası arxasında sülh yolu ilə nizamlanmalıdır və bu proses beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev əmin olduğunu bildirib ki, səfərin yekunları çox müsbət olacaq və Latviya-Azərbaycan əlaqələri yeni pilləyə yüksələcək. Dövlətimizin başçısı qeyd edib ki, ciddi və sanballı sənəd olan Birgə Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çox mühüm məsələlər əksini tapıb. Sənəddə vurğulanır ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, onun sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, bu, ədalətli mövqedir.

Azərbaycan dövlətinin başçısı turizm sahəsinə də xüsusi diqqət yetirərək qeyd edib ki, ölkələrimiz arasında müntəzəm Riqa-Bakı reysləri həyata keçirilməlidir və artıq müvafiq göstərişlər verilib.

Səfər çərçivəsində Azərbaycan İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş biznes forumda hər iki tərəfdən 120-dən çox şirkəti təmsil edən təqribən 200 sahibkar iştirak edib. Prezident İlham Əliyev beynəlxalq enerji bazarlarında iri oyunçu kimi Azərbaycanın əhəmiyyətinin artması barədə məlumatı latviyalı sahibkarların diqqətinə çatdıraraq qeyd edib ki, hazırda Azərbaycanda birbaşa Avropanın və ölkəmizin maraqlarının təmin olunmasına istiqamətlənmiş enerjinin şaxələndirilməsi üzrə mühüm layihə - "Cənub Qaz Dəhlizi” layihəsi həyata keçirilir.

İlham Əliyev Latviya şirkətlərini Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrinə sərmayə yatırmağa dəvət edib. Azərbaycan dövlətinin başçısı diqqətə çatdırıb ki, ölkəmiz iqtisadiyyatımızın sabitliyini və proqnozlaşdırılmasını təmin etməyə qadir olan əsaslı maliyyə resurslarına malikdir. Bu maliyyə resursları Azərbaycanın xarici borcunu beş dəfə üstələyir.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın potensialını latviyalı ekspertlər də qiymətləndiriblər. Latviya Xarici Siyasət İnstitutunun tədqiqatçısı Maris Ancas hesab edir ki, ölkələrimiz arasında yaxşı siyasi dialoq mövcuddur. Bu dialoqu iqtisadi sahədə əməkdaşlığın məzmunu ilə zənginləşdirmək olar. M.Ancans təhsili ən böyük əməkdaşlıq sahəsi adlandırıb.

Bundan əlavə, ekspertlər iqtisadi əlaqələri inkişaf etdirmək üçün mövcud böyük potensialdan faydalanmağın labüdlüyünü vurğulayırlar. Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin təqdim etdiyi rəqəmlər bu potensialdan heç də həmişə tam istifadə olunmadığını göstərir. Agentliyin məlumatına görə, ötən il Latviya ilə Azərbaycanın ümumi əmtəə və xidmətlər dövriyyəsi 23,8 milyon avro təşkil edib, Azərbaycan Latviyanın xarici ticarət tərəfdaşları siyahısında 61-ci yerdədir. Azərbaycana ixrac 21,2 milyon avro və ya Latviyanın ümumi ixracının 0,1 faizini, Azərbaycandan idxal 2,6 milyon avro və ya ümumi idxalın 0,02 faizini təşkil edib.

Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfərinin əhəmiyyəti bu ölkənin KİV-lərində geniş işıqlandırılıb. Latviyanın "Neatkarīgā Rīta Avīze Latvijai”, "Latvijas Avīze”, "Diena”, "bnn.lv” kimi aparıcı xəbər agentlikləri bildirirlər ki, İlham Əliyevin Riqaya səfəri Latviya-Azərbaycan əlaqələrini strateji tərəfdaşlıq dərəcəsinə yüksəldib. Mətbuat yazır ki, Latviya ölkələrimiz arasında energetika, təhsil və elm, informasiya texnologiyaları, əczaçılıq və tikinti sənayesi, müntəzəm hava nəqliyyatının yaradılması sahələrində əməkdaşlığın inkişafında maraqlıdır. Bu da işgüzar əlaqələri asanlaşdıracaq və turizm sektoruna yaxşı dəstək olacaq. Mətbuat yazır ki, Azərbaycan Dünya Bankının "Doing Business” reytinqində müəssisələrin yaradılmasının asanlığına görə fəxri 5-ci yeri tutaraq, bu göstərici üzrə həmin siyahıda 22-ci yerdə qərarlaşan Latviyanı xeyli geridə qoyub.

Bildirilir ki, İlham Əliyev Azərbaycan ilə Latviya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını qüsursuz ingilis dilində qeyd edib, əmtəə dövriyyəsinin genişlənməsini və Riqa biznes forumu çərçivəsində müqavilələrin imzalanmasını prioritet adlandırıb. Dövlətlərarası Komissiya sahə nomenklaturasını razılaşdıra, investisiya portfelini həyata keçirə biləcək.

Latviya KİV-ləri əmindirlər ki, Azərbaycan-Latviya münasibətləri daha da güclənir.

//monitorings.leta.lv/pdf/P4AFF7FCD-DDB1-4F23-8C4D-9E75264B11C9/

//monitorings.leta.lv/pdf/P1CF5978E-8AF7-4D45-BD73-286D4644CD7C/

//monitorings.leta.lv/pdf/P25A9CCA6-6DB8-4EB6-8082-4BA9698475C9/

//bnn.lv/vejonis-par-ciesaku-sadarbibu-ar-azerbaidzanu-237697


Sfera.az

OXŞAR XƏBƏRLƏR

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.   Sfera.az-ın K...

"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat...

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...