Əliyev-Sərkisyan görüşü: Yaranmış vəziyyətin həllində Rusiya açar fiqurdur...
15:21 / 17.07.2017
2659
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş 2017-ci ilin sonlarına qədər baş tutacaq. Bu barədə informasiyanı "İzvestiya” qəzeti Rusiya Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yayıb.
"Moskva bu məsələdə əsas vasitəçi olub, çünki Minsk Qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib. Konkret olaraq Fransa Bakı və İrəvanı danışıqlar masası arxasına oturtmaq istəsə də, bu səylər heç bir fayda verməyib”, – deyə qəzetin mənbəsi söyləyib.
Putinin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan prezidentlərinin baş tutacaq görüşünü Sfera.az-a şərh edən politoloq Arzu Nağıyev bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi özünü sülhsevər bir dövlət kimi aparmaq istəyir.
Politoloqun fikrincə, bunu Qərb də başa düşür ki, bütün bu münaqişələrin yaranmasında SSRİ-nin varisi kimi Rusiya bir başa məsuliyyət daşıyır və yaranmış vəziyyətin həllində Rusiya açar fiqurdur:
"Buna görə də nüfuzunu regionda bərpa etmək və bundan siyasi, iqtisadi və hərbi baxımdan yararlanmaq üçün edir. Eyni zamanda bu ilin sonunda dövlət başçılarının görüşünün baş tutacağını da demək çətindir. Çünki Azərbaycan tərəfi danışıqlara daima hazırdır və bu danışıqların substantiv olmasını istəyir. Yəni hər mərhələdə konkret bir maddənin həlli üçün danışıqlar tərəfdarıdır. Ermənilər isə əksinə status-kvonun saxlanmasına çalışırlar və hətta qondarma qurumun üçüncü tərəf kimi danışıqlara qatılmasını istəyirlər. Tez-tez müharibə anonsunu verən Rusiya siyasətçiləri də həm silah satışı, həm də öz siyasi maraqlarını ön palana çəkirlər. Rusiya regionda kimin nüfuz sahibi olmasını nümayiş etdirməyə çalışır. Digər bir vacib faktor da Türkiyə ilə sərhəddin məhz Ermənistan ərazisindən keçməsi də Rusiyanın əraziyə silah gətirməsi və guya NATO –dan qorunması üçün attdığı addımlardır. Yəni baş tutaçağı şübhəli olan bu görüşə həm vaxt çoxdur ,həm də dünyada bu müddət ərzində baş verə biləcək dəyişikliklər ciddi təsir edə bilər".
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında son görüş 2016-cı ilin iyununda Sankt-Peterburqda keçirilib.
Çinarə Məmmədova
Sfea.az