Əlilliyi olan şəxslərin Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin Qala konserti olub - FOTO

Əlilliyi olan şəxslərin Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin Qala konserti olub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə "Bərabərlik” adlı Qala konsert proqramı təqdim olunub.

Sfera.az-ın tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, hökumət rəsmiləri, qeyri-hökumət qurumlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə S.Babayev əlilliyi olan istedadlı insanların iştirakı ilə keçirilən bu konsert proqramının çox maraqlı, unudulmaz bir tədbir olduğunu, bu gözəl konsert proqramının iştirakçılarına və tədbirin təşkiində əməyi olanlara öz təşəkkürün bildirib. 

O vurğulayıb ki, 3 Dekabr- Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar hər il həmin şəxslərlə bağlı müxtəlif formatlarda tədbirlər keçirilir. 

Hələ 1990-cı illərdə Ulu öndərimiz Heydər Əliyev tərəfindən bu istiqamətdə tədbirlərin əsası qoyulub, həmin vaxtlardan da  əlilliyi olan şəxslərin ümumrespublika səviyyəli bədii yaradıcılıq sərgi və baxış-müsabiqələrinin keçirilməsi artıq ənənəyə çevrilib.

Nazir Prezident İlham Əliyevin əlilliyi olan şəxslərin sosial müdafiəsini, reabilitasiyasını daim diqqət mərkəzində saxladığını vurğulayıb. Elə 2019-cu ildə də dövlət başçısının fərman və sərəncamları ilə əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsində, müavinət və təqaüdlərinin artırılmasında, müharibə əlillərinin mənzillə, avtomobillə təminatı istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

S.Babayev əlilliyi olan şəxslərlə bağlı sosial proqramların icra olunduğunu və ildən-ilə genişləndirildiyini deyib. 

Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara, eyni zamanda, sosial müəssisələrin sakinlərinə xüsusi diqqət və qayğısından bəhs edib. Bu diqqət və qayğının əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara münasibətdə həm də bir nümunə olduğunu vurğulayıb.

S.Babayev qeyd edib ki, bu tədbirdə əlilliyi olan şəxslər bir daha istedad və qabiliyyətlərini nümayiş etdirdilər. Bir daha sübut etdilər ki, əlillik qüsur deyil, öz üzərində çalışaraq, əzmini toplayaraq fiziki məhdudiyyət üzərindən daim irəliyə, uğurlara doğru irəliləyən insanlar üçün, əksinə, bir stimuldur.

Onların hər birinin həyatı, güclü özünəinam hissi ilə daim uğurlar qazanmaq üçün əzmkarlıq göstərmələri neçə-neçə əlilliyi olan insanlar üçün bir örnəkdir.

 Qeyd edək ki,  muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsində 341 nəfər iştirak edib və münsiflər heyətinin qərarına əsasən onlardan 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb, 25 nəfər isə baxış-müsabiqənin qalibləri olub.

Qala konsertinin sonunda baxış-müsabiqəsi qaliblərinə diplom və mükafatlar təqdim edilib.   

Tədbir bütün əlilliyi olan şəxslərin ifasında "Yaşa Azərbaycan” mahnısının ifası ilə yekunlaşıb. (oxu.az)



OXŞAR XƏBƏRLƏR