Əli Kərimlinin ucuz şousu: “öldürdülər” dediyi adam qardaşı ilə görüşdü və...

Əli Kərimlinin ucuz şousu: “öldürdülər” dediyi adam qardaşı ilə görüşdü və...
Razi Nurullayev: "Yurdçular belə şantajlarla zaman-zaman gündəmdə olublar”

Azərbaycan siyasətində son 25 ildə ən çox şantaj, hədə-qorxu gəlmək, şər-böhtan atmaq kimi üsullardan istifadə edən AXCP sədri Əli Kərimli "missiyasını” davam etdirir. Son olaraq, həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovla bağlı partiya sədrinin təşkil etdiyi kampaniya buna sübutdur.

Əvvəlcə facebookda paylaşdığı statusda guya işgəncələr yolu ilə keçmiş icra başçısının onun əleyhinə ifadə verdiyini bəyan edən AXCP lideri ardınca S.Rüstəmovun öldürüldüyü barədə dezinformasiyalar yaymağa başladı. Bunu da onun tərəfdarları tirajladılar. Mayın 24-ü axşam saatlarında Fransada yaşayan "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin S.Rüstəmovun öldürüldüyü, bunun gizlədildiyi və bir neçə gündən sonra sabiq icra başçısının intihar etməsi barədə xəbərlərin yayılacağı ilə bağlı facebookda açıq status paylaşdı. Ə.Kərimli sosial şəbəkədəki elektoratına komanda verdi və onlardan olan hər kəs profilinə "mərhum” Salehin fotosunu qoydu. Lakin onun planı və yalanı tez pozuldu. Belə ki, bu gülünc kampaniyanın vüsət götürdüyü gecənin səhəri günü Daxili İşlər Nazirliyi açıqlama yayaraq, S.Rüstəmovla bağlı dezinformasiyaları təkzib etdi. Keçmiş icra başçısının yaxınları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olundu və S.Rüstəmovla görüşən qardaşı Valeh Rüstəmov mətbuata açıqlamasında onun səhhətinin normal olduğunu, bədənində heç bir işgəncə izinin olmadığını söylədi.

Razi Nurullayev ile ilgili görsel sonucu

Yeni AXCP-nin sədri Razi Nurullayev "Yeni Müsavat”a açıqlamasında Ə.Kərimlini tutduğu yoldan geri çəkilməyə çağırdı: "Öncəliklə onu deyim ki, Azərbaycan siyasətinə ilk növbədə, şantajı, hədəni, insanları qorxutmağı, qorxu altında saxlamağı, müxalifət içərisinə daxili diktaturanı AXCP deyil, Əli Kərimli gətirib. Bu partiyanın da sədri o deyil. AXCP sədri Razi Nurullayevdir. Əli Kərimli sadəcə ”Yurd" sədridir. Yurdçular belə şantajlarla zaman-zaman gündəmdə olublar. Siyasətdə əxlaqlı davranışın tərəfdarıyam. İstəyirəm ki, bütün siyasətçilər əxlaqla davransınlar, bir-birini qurşaqdan aşağı vurmasınlar. Şəxsi maraqlar üçün istənilən şəxsin həyatını puç etmək olmaz. Siyasətdə bu və ya digər məsələlərə icazə verilsə də, bunlara müsəlman nöqteyi-nəzərindən baxmaq lazımdır. Biz müsəlmanıq, adət-ənənələrimiz, əqidəmiz var. Hazırda Ramazan ayıdır, Allahdan qorxmaq lazımdır. Kiməsə şər atmaq, ayağının altını qazımaq olmaz. Təəssüf ki, bu təkcə müxalifətə aid məsələ deyil. Sadəcə müxalifət içərisində bunu ən çox edən Əli Kərimlidir".

R.Nurullayev Azərbaycanda məhbuslar üzərindən daim siyasi alverin getdiyini də qeyd etdi: "Məhbuslar üzərindən siyasi karyeraların qurulduğu, pulların alınıb verildiyi az olmayıb. Hətta məhbus üzərindən kimlərsə deputat da olub. Bunlar bir reallıqdır. Bu reallıqların nə məhbuslara, nə də onların ailələrinə heç bir xeyri olmayıb. Bu məsələyə rəvac verənlər üçün deyə bilərəm ki, bu çox iyrənc bir yoldur. Həbsdə olan bu cür insanların ailələrinə səslənirəm ki, öz övladlarını, atalarını, bacı-qardaşlarını belə siyasi oyunlarda iştirakdan çəkindirsinlər, onların üzərindən siyasi oyunların qurulmasına imkan verməsinlər”.

Yeni AXCP sədri belə dezinformasiyaların ölkə daxilindən xaricdəkilərə ötürüldüyünü bildirdi: "Xaricdə oturanlar Azərbaycana kamera qoyub nələrisə izləmirlər. Onlar təhlükəsizlik orqanı deyillər ki, hər hansı bir məsələni çözə bilsinlər. Bu məlumatlar onlara Azərbaycandan ötürülür. Onlar sadəcə bunu tirajlayırlar. Bu cür xəyanətkar addım atanları, oyunlar quranları Azərbaycanda zərərsizləşdirmək, bu yolla belə halların qarşısını almaq lazımdır. Ölkə daxilindən kimlərsə belə məlumatlar ötürməklə siyasi oyunlar qurur, özlərinə şəxsi gəlirlər əldə etmək istəyirlər. Bu baxımdan Azərbaycanda öncəliklə belə insanları cəzalandırmaq vacibdir. Çünki onlar cəzalandırılsa, xaricdəkilər belə ”dezo"lar yaya bilməyəcəklər. Kimsə Azərbaycanda bunu yayımlayarsa, onun üçün ciddi təhlükə yaranar, bu məsələyə görə qanunla cavab verər. Əgər doğru məlumatı kimsə yayırsa, bu çox gözəldir, hər bir şəxsin də bu haqqıdır. Vətəndaşlar haqsızlığa qarşı biganə qalmamalıdırlar. Xaricidəkilər üçün yalan və ya düz məlumat yaymaq problem deyil. Onların əli ilə bir çox məsələlər tirajlanır".

"Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR