Əli Kərimlinin qorxduğu qol - Taleh Şahsuvarlının yazısı

Əli Kərimlinin qorxduğu qol - Taleh Şahsuvarlının yazısı
 

AXCP sədri Azərbaycanın Avropa İttifaqı ilə saziş imzalamasına qarşı olan qüvvələrə hansı mesajı verir?

 

Üç həftə öncə qardaş Türkiyədə bələdiyyə seçkiləri keçirildi. Seçki kampaniyasının gedişi, səsvermənin nəticələri, İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni başqanının mazbatasının təqdimatındakı gecikmə ölkəmizdə də böyük diqqət və maraqla izlənildi.

Mən harada keçirilməsindən, kimin qalib - kimin məğlub olmasından asılı olmayaraq dünyanın istənilən ölkəsindəki seçkilərə Azərbaycanın dövlət maraqları rakursundan yanaşanlardanam və elə bu səbəbdən də Türkiyədə "Cümhur” ittifaqının üstünlük qazanmasını arzu edirdim. Seçkilərin nəticələri artıq məlumunuzdur. AKP və MHP ittifaqı açıq fərqlə qələbə qazansa da, böyük şəhərlərdə, o cümlədən İstanbulda başqanlıq postunu ana müxalifətə verməli oldu. Bəs, necə oldu ki, Türkiyə müxalifətinin namizədləri, konkret olaraq, CHP-nin cəmiyyət tərəfindən yetərincə tanınmamış, mediada boy göstərməyən, partiya rəhbərliyində belə təmsil olunmayan bir adayı İstanbul kimi meqapolisdə baş nazir, parlament sədri kimi vəzifələr tutmuş qos-qoca bir dövlət xadimindən çox səs topladı?

Bu sualı verməkdə qəsdim Türkiyədə, o cümlədən, az sonra söz açacağım Ukraynadakı seçkiləri eninə-boyuna təhlil etmək deyil, AXCP sədri Əli Kərimlinin dünən Qənimət Zahidlə virtual söhbətində ifadə olunan bəzi fikirlər üzərində diqqət cəmləməkdir.

Hər şeydən əvvəl AXCP sədrinin o mülahizəsini yersiz hesab edirəm ki, guya Türkiyədə və Ukraynadakı seçkilərdə müxalif namizədlərin qazandığı uğurlar Azərbaycanda hakimiyyət əleyhdarları üçün stimul səciyyəsi daşıyır. Prinsipcə, mümkündür. Lakin 1993-cü ildən bəri Azərbaycan müxalifətinin xaricdə stimul almadığı, örnək götürmədiyi, hətta simvolikalarını belə mənimsəməkdən çəkinmədiyi siyasi hərəkat qalmayıb. Öz "Yurd”unu Əfqanıstandakı "Taliban” hərəkatı ilə müqayisə etməkdən belə çəkinməyən Əli Kərimlinin 2005-ci ildə narıncı köynək geyinib narıncı qalstuk taxdığı günlər hər kəsin yadındadır. Demək ki, problem yaxın və uzaq ölkələrdə hakimiyyət dəyişikliyini sadəcə bir fakt olaraq nümunə göstərməkdə, prosesin lalə, qızılgül, qərənfil sayaq güllərlə bəzədilməsində, məxməri, bənövşəyi, narıncı kimi rənglərə boyanmaqda deyil.

Bir ölkədə hakimiyyət o zaman dəyişir ki, - fərqi yoxdur seçki, yoxsa inqilab yolu ilə - həmin ölkədə dövlət başçısı, hakim siyasi qüvvə öz məşruyyətini xalqdan, cəmiyyətin çoxluğundan almasın. Bu günlərdə Fransanın dünyaca məşhur "Opinion Way” İnnovativ Araşdırmalar Şirkətinin keçirdiyi sorğudan da bəlli oldu ki, Azərbaycan cəmiyyəti öz dəstəyini prezident İlham Əliyevin siyasi kursuna verməkdə qərarlıdır. Hətta bu sorğu keçirilməsəydi də dövlət başçısının reytinqinin yüksəkliyi heç bir ciddi müşahidəçidə şübhə doğurmurdu. Odur ki, istər Əli Kərimli, istərsə də digər müxalifət liderləri Ukraynadakı seçkilərdən nəticə çıxarmaq istəyirlərsə, o zaman papaqlarını qarşılarına qoyub onu düşünməlidirlər ki, özünü siyasətçi saymayan, partiyası, partiya fəalliyəti olmayan bir şoumen - Vladimir Zelenski narazı elektoratı öz ətrafında necə birləşdirdi? Bəli, Zelenski örnəyi onu göstərir ki, qeyri-sistemli müxalifət rəsmi seçki kampaniyalarında öz namizədini irəli sürə, qısa müddətdə siyasi xadimə çevrilə və hakimiyyətə real iddiaçıya çevrilə, hətta xalqın əksəriyyətinin dövlət başçısına inamını itirdiyi cəmiyyətlərdə iddasını gerçəkləşdirə bilər. Azərbaycan hakimiyyəti "Zelenski modeli”ndən narahat deyil, ona görə ki, xalqın prezidentə inamına arxalanır. Amma bu örnək Əli Kərimli kimi ömrü boyu siyasətdən savayı heç bir işin qulpundan yapışmamış, başqa heç bir sahədə özünü təsdiq etməmiş, siyasətdə isə dostlarını, komandasını, partiyasını, perspektivini itirə-itirə bu günlərə gəlmiş Əli Kərimli üçün neqativ simptonlar məcmusu olmalıdır.

İndi qayıdaq Əkrəm İmamoğlu məsələsinə!

Əkrəm İmamoğlunun Türkiyədəki 31 mart seçkilərindəki qələbəsinin təməlində iki əsas faktor dayanırdı.

Birincisi, sağ kökənli İmamoğlunun namizədliyini CHP kimi yaxşı təşkilatlanmış bir təşkilat irəli sürmüşdü. Həmin təşkilatın üzvləri İstanbulu sokak-sokak, qapı-qapı gəzərək həm öz namizədlərinin təbliğatını aparmış, həm vətəndaşları səsverməyə cəlb etmiş, həm də sandıq başında gözünü qıprmadan keşik çəkərək səslərini mühafizə etmişdilər. Yanında Qənimət Zahidin internet kanalına çıxartmağa belə adam tapmayan Əli Kərimli hansı təşkilata güvənir bəs? Hakimiyyət uğrunda gerçək siyasi rəqabətin subyekti olmaq üçün istənilən iddiaçıya Azərbaycanda mövcud olan 5 mindən çox məntəqədə təmsil olunmaq, müşahidə aparmaq və vətəndaşları səsverməyə cəlb etmək üçün minimum 150 min nəfəri əhatə edən fəal və prinsipal tərəfdar ordusu lazımdır. Əli Kərimlinin isə ortaya çıxara biləcəyi insan resursunun kəmiyyəti az qala adbaad bəlli olmaqla 1500 nəfəri keçmir. Bu resurs isə ancaq və ancaq AXCP sədrininin deputat mandatı uğrunda mübarizə aparmasına şərait yaradır, lakin həmin mübarizədən qalib çıxmasına təminat vermir.

İkincisi, İstanbulda CHP-nin qələbəsini təmin edən əsas amillərdən biri Əkrəm İmamoğlunun üslubu oldu. Əkrəm İmamoğlu kampaniya boyu kimsəyə qəzəblənmədi, heç kimi hədələmədi, hər kəsə təbəssüm sərgiləyərək qucaq açdı. Əli Kərimli isə elə dünən Qənimət Zahidə verdiyi müsahibə boyunca dəfələrlə qeyzləndi, kükrəyərək ultimatumlar yağdırdı, barış və əmin-amanlıq havası yox, nihilizm havası əsdirdi. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun bu gün yayımlanan yazısında da vurğulandığı kimi, "nifrət dili” cəmiyyətin qulağında xoş sədaya çevrilmir. Təsəvvür edin, illərdir Azərbaycan hakimiyyətinin ən üst qatlarında təmsil olunan siyasi istibleşmentə qarşı kin-küdurət aşılayan AXCP sədri indi də "trol” deyə onun çıxışlarını bəyənməyən sosial şəbəkə istifadəçilərini "cavab verəcəklər” deyə hədələyir. Məgər YAP-ın, BAXCP-nin, Müsavatın, "Real”ın, ADP-nin üzv və tərəfdarları Əli Kərimlinin söylədiklərinə "aşağı tuşlanmış başbarmaq” işarəsi ilə reaksiya göstərə bilməzlərmi?

AXCP sədrinin dünənki deməcində bir vacib məqam da vardı, hansı ki, onun üstündən sükutla keçmək mümkün deyil.

Məlum olduğu kimi, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın güclənməsinə töhfə verəcək bir saziş mətninin üzərində intensiv iş gedir. Məmləkətimizin aqibətini düşünən, Azərbaycanımızın tərəqqisinə çalışan hər kəs bu sazişin imzalanmasının əhəmiyyətini də, onun imzalanmasına qarşı olan qonşularımızın kimliyini də yaxşı bilir. Əli Kərimli isə dili ilə deyir ki, biz may ayında iki mitinq keçirmək istəyimizlə hakimiyyəti fakt qarşısında qoymaq istəyirik. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti mitinqlərin keçirilməsinə razılıq verməyəcəyi təqdirdə hakimiyyət AB nəzərində xəcil olacaq, mitinq baş tutarsa isə, müxalifət təşəbbüsü ələ alacaq. Sözünün canı bu idi. Diplomatik dildən tərcümə edəndə bu mesajı belə anlamaq lazım ki, Əli Kərimli Azərbaycanın Avropa İttifaqı ilə saziş bağlamasından əndişə duyan mərkəzlərə açıq-açıq "bu prosesi pozmaq istəyirəm, məni himayə edin” deyir.

Əks halda, Əli Kərimli nədən narahat olmalıdır?

Doğrudanmı, Avropa İttifaqı kimi bir qurum öz strateji maraqlarını, prinsip və dəyərlərini "saziş xatirinə saziş imzalamaq” xatirinə heçə saya bilər?

 
 

Doğrudanmı, Azərbaycan "it izinin at izinə qarışdığı” bu gen dünyada işləri heç də rəvan getməyən Avropa İttifaqı ilə yaxınlaşmaq naminə öz milli maraqlarından, ərazi bütövlüyü prinsipindən vaz keçə bilər?

Əlbəttə, yox!

Deməli, hazırda üzərində iş aparılan sözləşmə mətnindən nə Avropa İttifaqı acısından narahat olmağa dəyər, nə də Azərbaycan Respublikası.

Belə olduqda, az öncə səslənən suala yenidən dönməyə zərururət yaranır: Əli Kərimli nədən narahatdır?

Bu sualın cavabı Əli Kərimlinin 2005-ci ildən bəri yürütdüyü siyasətin məğzindədir. O, Azərbaycanın xaosa yuvarlanmasını hakimiyyətə gəlməsi üçün yeganə və ən əlverişli zəmin hesab edir, Avropa İttifaqı ilə imzalanması gözlənilən saziş isə həmin ehtimalı tamamilə aradan qaldırır.

Sonuc?

Əminəm ki, Azərbaycan Avropa İttifaqı ilə mütləq saziş imzalayacaq. İlham Əliyevin həmin sənədə qoyduğu qol həm də Əli Kərimlinin "Məhsul” stadionundakı qapısına penalti zərbəsi olacaq.

Bizim prezident qol çəkməkdə də təcrübəlidir, qol vurmaqda da!

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031