Əli Kərimli öz övladlarını xaricdə restoranlara göndərir, başqalarını isə dəyənək altına...

Əli Kərimli öz övladlarını xaricdə restoranlara göndərir, başqalarını isə dəyənək altına...
Sfera.az xəbər verir ki, Musavat.com -a daxil olan məlumatda bildirilir: Aksiya təyin olunan gün istənilən qanunsuz hərəkətin qarşısı ən sərt formada alınacaq və həmin şəxlər barəsində ciddi tədbirlər görüləcək
 
Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinqə icazə verilib-verilməyəcəyi bəlli olmasa da, artıq AXCP sədri Əli Kərimli və partiyanın fəalları icazəsiz aksiya keçirməyə israrlı olduqlarını bəyan ediblər. Görünür, Bakı Şəhər İcra Hakimiyyəti müraciətdə göstərildiyi kimi, şəhərin mərkəzində aksiya keçirilməsinə icazə verməyəcək və ötən dəfə olduğu kimi, mitinqin Lökbatanda keçirilməsi məqsədəuyğun hesab olunacaq. Lakin Milli Şura və AXCP-dən verilən ultimativ bəyanatlara əsasən demək olar ki, onlar bu qərarla razılaşmayacaqlar və razılaşdırılmamış mitinq təşkil edilməsinə cəhd olunacaq. Hüquq mühafizə orqanlarıə da buna yol verməmək, mümkün qeyri-qanuni hərəkətlərin qarşısını almaq məqsədilə artıq profilaktik tədbirlər görməyə başlayıblar.

Redaksiyamıza daxil olan məlumata görə, aidiyyəti orqanlar razılaşdırılmamış aksiyanı önləmək və hər hansı qanunazidd hərəkətlərə yol verməmək üçün qanun çərçivəsində bütün mümkün tədbirləri görəcəklər. Mitinqin təşkilatçıları və aksiyada iştirak edəcəyi şübhə doğurmayan şəxslər artıq saxlanılır, onlar barəsində inzibati qaydada həbs qərarı seçilir. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin də verdiyi açıqlamada bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən aksiyanın qarşısı alınacaq. Onun sözlərinə görə, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qanunla müəyyən edilir: "Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcəkdir".

Musavat.com -a daxil olan məlumatda o da bildirilir ki, rayonlardan Bakıya gəlib aksiyaya qoşulacağı barədə şübhəli olan bütün şəxlər də nəzarətə götürülüb. Aksiya təyin olunan gün istənilən qanunsuz hərəkətin qarşısı ən sərt formada alınacaq və həmin şəxlər barəsində ciddi tədbirlər görüləcək. İştirakçıları müəyyənləşdirmək və kimsənin məsuliyyətdən yayınmasına imkan verməmək üçün xüsusi çəkiliş qrupları da fəaliyyət göstərəcək.

Məsələ ilə bağlı açıqlama verən siyasi ekspert Arzuman Abdulkərimov Musavat.com -a bildirib ki, Milli Şura və AXCP-nin simasında radikal müxalifət davamlı şəkildə ölkədə sabitliyi pozmağa, qarşıdurma mühiti yaratmağa cəhd göstərir. Bu qrupların elektoratı olmadığına görə, BŞİH tərəfindən müəyyənləşdirilən yerlərdə aksiya keçirmək istəmirlər. AXCP fəallarının yayılmış səs yazıları da göstərir ki, onlar insanların bu aksiyalara qoşulmayacaqlarına əmin olduqlarına görə, mitinqi paytaxtın mərkəzində, insanların gur olduğu yerlərdə keçirmək istəyirlər ki, kənar müşahidəçilərin hesabına izdiham görüntüsü yaratsınlar. Yeri gəlmişkən, oktyabrın 8-də İstiqlaliyyət küçəsində, BŞİH-in bir addımlığında keçirilmiş piket də təsdiqlədi ki, bunlar qanuna uyğun şəkildə, sivil formada aksiya təşkil etmək istəmirlər və istənilən yollarla izdiham yaradıb güc nümayiş etdirmək, alınacağı təqdirdə daha uzaqgedən məqsədlərini reallaşdırmaq niyyətindədirlər. Onları vətəndaşların rahatlığı, nəqliyyatın hərəkəti, paytaxtın ahəngdar, sabit həyat ritmi maraqlandırmır. Bunu vətəndaşlar da, hakimiyyət də görür və qanunların, ictimai asayişin pozulmasına yol verməmək üçün lazımi tədbirlər görürlər.
Digər tərəfdən, vətəndaşlar bilirlər ki, AXCP sədri Əli Kərimlinin öz övladlarını Avropada ən yaxşı şəraitlə, onların restoran və müxtəlif əyləncə mərkəzlərində öz keflərini çəkməsi üçün əlindən gələni etdiyi halda, başqalarını dubinka qabağına verir, tutdurur, həyatları ilə ən qəddar şəkildə oynayır. Elə buna görədir ki, insanlar radikal qrupların çağırışlarına laqeyd yanaşır və onları dəstəkləmək fikrindən uzaqdırlar. Əli Kərimli və ətrafı süni ajiotaj yaratmaq, hansısa hüquqlar tələb etmək əvəzinə, öz fəaliyyətlərinə nəzər salıb qanunlara, cəmiyyətə hörmətlə yanaşsalar, bəlkə də nəyəsə nail ola bilərlər. Amma görünən odur ki, onların gözünü nifrət və qisasçılıq hissi elə örtüb ki, artıq emosiyalarını ram etmək imkanlarını da itiriblər. Buna görə də hakimiyyətin və cəmiyyətin bu qrupların siyasi iddialarına neqativ münasibətini tam başa düşmək olar.

OXŞAR XƏBƏRLƏR