Əli Bəy Hüseynzadə - Türkün tərəqqisi naminə...

Əli Bəy Hüseynzadə - Türkün tərəqqisi naminə...
Bu gün Azərbaycanın ədibi, filosofu və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuş Əli Bəy Hüseynzadənin doğum günüdür.
 
Əli Bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Ə.Hüseynzadə Tiflis gimnaziyasını bitirib. Uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətlər göstərib.

Ə.Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışmışdır.

Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə "Kaspi" qəzeti ilə əməkdaşlığa başlayır, publisistik yazılarını dərc etdirir və "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınıb. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayıb. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana "ağır başlı" filosof, "sədrə şəfa verən" sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdıb. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb.

Xatırladaq ki, 2014-cü il yanvarın 21-də Azərbaycan prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Nihat Hüseynzadə

OXŞAR XƏBƏRLƏR