Elektron protokol cərimə üstünə cərimə gətirir
Bakıda yol polisi sürücüyə telefonla danışdığına görə 50 manat cərimə yazıb. Sürücü 1 ay ərzində dəfələrlə onu bankdan ödəməyə cəhdlər etsə də deyiblər ki, cərimə sistemdə yoxdur. Ancaq sürücü bir ay sonra yol polisinin sisteminə baxanda cərimənin üzərinə faiz gəldiyini görüb. Nəticədə o, cəriməni ödəyə bilmir, bir tərəfdən isə cərimənin üzərinə faiz gəlməyə davam edir.
Sfera.az-ın xəzərxəbər-ə istinadən xəbər verir ki, cərimə fevralın 11-də yazılıb, ancaq 1 ay ərzində sistemə düşmədiyi üçün sürücü cəriməni ödəyə bilməyib.
Ekspertlər bildirir ki, sürücü məsuliyyətli davranıb cəriməni ödəmək istəsə də cərimə sistemə salınmayıbsa məsuliyyət yol polisinin üzərinə düşür.
Bəs sistemə düşmədiyi üçün ödənməyən cərimənin artan faizləri necə olacaq? Mütəxəssislər bu situasiyada vətəndaşın heç bir faiz ödəməməli olduğunu deyirlər.
Son zamanlar yol polisinin elektron sistemində müşahidə olunan nöqsanlar sistemin yeni inzibati xətalar məcəlləsinə uyğunlaşdırılması ilə əlaqələndirilir. Bununla belə mütəxsislər nöqsanların vətəndaşa ziyan vurmamalı olduğunu qeyd edir.