Eldar Mahmudovun işdən çıxarılması: sirlər açılır

Eldar Mahmudovun işdən çıxarılması: sirlər açılır

"Əqidəsinə və baxışlarına uyğun davranın insanın ləyaqətli, ədalətli şəxs olduğunu düşünməyə tələsməyin. Əvvəlcə onun əqidəsinin ləyaqətli olub-olmadığını yoxlayın"

(F.Dostoyevski)

Milli Təhlükəsizlik Nazirliyinin başçısı Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılması və bu qurumun bir sıra yüksək vəzifəli çinovniklərinin - zabit yazmaq düz olmazdı, çünki onların baxışları zabitəli, çiyinləri paqonlu olsa da, əməlləri zabit ləyaqətinin çərçivəsindən çox uzaqdı - saxlanması son günlər ölkədə ən çox müzakirə olunan məsələdir.
Bu olayı anlamağa çalışırlar.
Mediada ən müxtəlif versiyalar, ən fərqli proqnozlar, ziddiyyətli ehtimallar var.
Anlaşılandır.
İşdən çıxarılan Eldar Mahmudov ölkənin kənd təsərrüfatına və ya kommunal strukturuna cavabdeh deyildi.
Amma görünən budur ki, artıq sabiq nazir Azərbaycanın milli təhlükəsizliyinin təminatını elə kənd təsərrüfatının bilicisi səviyyəsində anlayıb, başçılıq etdiyi qurumdakılar isə özlərini az qala kommunal strukturda hiss ediblər.
Nazir belə istəyib, buna çalışıb.
MTN-in ilin əvvəlindən bəri yaydığı bəyanatları, yəni məmur lüğəti ilə desək, "press-reliz"ləri xatırlayın.
Qanunsuz kolbasa sexi aşkarlanıb, saxta araq satanlar tutulub, 3 qram narkotik vasitənin aşkarlanması üçün xüsusi əməliyyat keçirilib, saxta pulkəsənlər saxlanılıb, radikal dini qruplaşmaların üzvləri tutulub və sair və ilaxır.

Milli Təhlükəsizlik Nazirliyi ciddi strukturdur və o, bilavasitə ölkənin üzləşdiyi təhdidlərin qarşısını almalı, dövlətin və vətəndaşların təhlükəsizliyinin təminatı üçün bütün zəruri addımları atmalıdır.
Bu nazirliyin əməkdaşlarının xarici ölkələrdəki həmkarlarını "gözəgörünməz mühafizlər" adlandırırlar.
Amma Azərbaycanda tam tərsinə idi.
Eldar Mahmudov əməkdaşlarına ya belə göstəriş vermişdi, ya onun göstərişlərindən əməkdaşlar elə nəticə çıxarmışdılar - dəqiq bəlli deyil - amma faktdır ki, cəmiyyətin çirkinliklərinin qarşısını almağa çalışdıqlarını düşünən neoçekistlərimiz çirkabları təmizləməyə başlamışdılar və olmuşdular kommunal təsərrüfat əməkdaşlarının yeni formatdakı təzahürləri.
Onlar çirkab qismində pulu görürdülər və pulu çox olanları da həmin nəsnədən qurtarmağa can atırdılar.
Sahibkarların sürəkli olaraq MTN-ə "söhbət"ə çağırılmaları, belə dəvətlərin sonradan başağrısına çevrilməməsi üçün səslənən "təklif"lər ahəstə şəkildə reketə və quldurluğa çevrilirdi.
Soyulanlar, qarət olunanlar, "haqq və hörmət" edilməsi əmrləri ilə üzləşənlər susurdular.
Qorxurdular, çünki MTN-dən harasa, kiməsə şikayətlənməyi ağıllarına da gətirmirdilər.
Beləcə, Eldar Mahmudovun bilavasitə idarəetmə taktikası sayəsində MTN-in bir sıra əməkdaşları özlərini az qala Haitidəki tonton-makutlar, Suriyadakı "Muhabarat" işçiləri kimi hiss edirdilər.
Nazirliyin yüksək rütbəli işçiləri varidatlarını artırır, şirkətlər açır, banklardan "güzəştli" kreditlər götürür, ölkə büdcəsini faktiki talamaqla məşğul olurdular.
Fantasmaqoriya o həddə çatmışdı ki, MTN-in əməkdaşları arasında milli təhlükəsizliyin təminatının ən təməl prinsiplərinin nə olduğunu bilməyənlərin sayı yağışdan sonra göbələk təki artmışdı. 
Fəqət, onlar vəzifələrindən sui-istifadə edərək varlanmağın, kiçik və orta bizneslə məşğul olanların "hesaba oturdulması"nın yollarını əla bilirdilər.
Bu isə reket, quldurluq, başıpozuqluq idi.
Nazir Eldar Mahmudov bütün bunları bilmirdi, baş verənlərdən xəbərsizdi?
Lütfən, bu qədər sadəlövh olmayaq.
Onun işdən kənarlaşdırılmasının başlıca səbəbi də elə bu idi - yəni Xose Orteqa-i-Qassetin təbirincə desək, "ən ağır çətinliklərə dözməli olan insanları dözülməz şəxslərə çevirməsi".

Olanlara baxış

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə iqtisadiyyatın qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa dövlət dəstəyi, investisiya iqliminin yaxşılaşdırılması, biznes mühitinin daha da sağlamlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı və məqsədyönlü tədbirlər haqqında danışdı.

Azərbaycan Prezidenti icra hakimiyyəti və hüquq-mühafizə orqanları tərəfindən sahibkarlara problemlər yaradıldığını, onlara qarşı qanunsuz tələblər irəli sürüldüyünü, bu səbəbdən bəzən iş yerlərinin bağlandığını və ayrı-ayrı sahələrdə gözlənilən inkişafın olmadığını bəyan etmiş və problemlərin aradan qaldırılmalı olduğu haqda son xəbərdarlıq etdi. 

Dövlət başçısı yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olduğunu, göstərilən sahədə sui-istifadə hallarını qeyd etmiş, korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində ciddi sistem, institusional və cəza xarakterli tədbirlə həyata keçirildiyini və bu prosesin qarşıdan gələn dövrdə daha da gücləndiriləcəyini bəyan etdi.

Tədbirdən sonra qəbul edilmiş qərarlar və atılan addımlar əyani şəkildə sübut etdi ki, İlham Əliyev ölkədə iqtisadi inkişafın, liberal biznes mühitinin təhdid edilməsi, vətəndaşların, sahibkarların qanunla qorunan hüquq və mənafelərinin pozulması halları ilə barışmaq niyyətində deyil və belə pozuntulara yol verən şəxslərə qarşı ciddi tədbirlər görüləcək.

Dövlət rəhbərliyinə daxil olan çoxsaylı şikayətlərin əsaslı şəkildə araşdırılması zamanı müəyyən edilmişdir ki, biznes subyektləri ən çox Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının öz səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olması və onlara qarşı qanunsuz tələblər irəli sürməsindən narazıdırlar.

Milli Təhlükəsizlik Nazirliyinin bir sıra əməkdaşları əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozub, səlahiyyətlərini aşaraq müxtəlif texniki vasitələrdən istifadə etməklə ayrı-ayrı vəzifəli şəxsləri, iş adamlarını dinləyib və bundan öz məqsədləri üçün istifadə ediblər. 

Nazirliyin əməkdaşları xidməti səlahiyyətlərinin hüdudlarını açıq-aşkar surətdə aşaraq ayrı-ayrı şəxslərin, qurumların hüquqlarını məhdudlaşdırıb, onların qanuni mənafelərinə zərbə vurublar, bununla da ümumilikdə cəmiyyəti və dövlətin maraqlarını tapdayıblar. 

MTN əməkdaşlarının xidməti vəzifələrindən sui-istifadə etməklə mənfəət əldə etməsi, bununla da digər şəxslərin mənafelərinə ciddi zərbə vurmalarına dair çoxsaylı faktlar aşkarlanıb.

Milli təhlükəsizlik nazirinin vəzifəsindən azad olunması, nazirliyin bir sıra vəzifəli şəxslərinə qarşı cinayət işinin qaldırılması, sahibkarlığın inkişafına maneə törədən amillərin aradan qaldırılması üçün qanunvericilik təşəbbüsü cənab İlham Əliyevin öz qərarında qəti olduğunu və heç kimə güzəşt olmayacağını əyani şəkildə nümayiş etdirdi.

Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən, noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Yersiz yoxlamaların dayandırılması sahibkarlar təbəqəsinin dövlətə inamının daha da artmasına səbəb olacaq, biznes sahəsinin genişləndilrilməsinə, sahibkarların gəlirlərinin artaraq yeni iş yerləri yaratmasına, yeni investisiyalar qoymasına və beləliklə də, vergi ödənişlərinin çoxalmasına stimul olacaq.

Prezident tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının azaldılması, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıqla bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulur.

Bütün bu addımlar onu göstərir ki, ölkənin siyasi rəhbərliyinin korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmaq və neqativ halları aradan qaldırmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq.

Azərbaycan vətəndaşları, ziyalılar, tanınmış şəxslər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və s. dövlət başçısının qətiyyətini, onun atdığı addımları alqışlayırlar.

Çoxlu səbəblər və bir nəticə

MTN-də köklü dəyişikliklər, yenilənmələr və problemlərin ən qısa zamanda həlli qaçılmazdır. Nazirlikdəki islahatlarda artıq mülayim mərhələyə zaman yoxdur - cərrahiyyə əməliyyatları aparılmalıdır və aparılacaq da.
Bu isə Azərbaycanda qanunların işlək olduğunu göstərən amildir - "MTN şefi" çağırılan və bundan həzz alan Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılmasını "hakimiyyət daxilində gərginlik" kimi təqdim edən psevdoanalitiklərinin dediklərinin tam əksinə olaraq.
Milli təhlükəsizlik nazirinin dövlət başçısının göstərişi ilə vəzifəsindən kənarlaşdırılmasından sonra sosial şəbəkələrdən tutmuş, mediaya və mətbəx söhbətlərinədək uzanan ehtimallar, fərziyyələr, təxminlər arasında həmişə olduğu kimi, müxalifət liderləri ilə yanaşı, Azərbaycandan xaricə qaçanların və orada da Azərbaycana çirkab atmağı yaşam prinsipinə döndərənlərin paranormal açıqlamaları da var.

"Etibarlı mənbədən alınan dəqiq məlumat"lara istinad edən bu şəxslər şüur primitivizminin yeni hədlərini müəyyənləşdirərək Eldar Mahmudovun işdən çıxarılmasını, onun əlaltılarının tutulmasını reallığa diametral tərs mövqedən şərh edirlər.
Etsinlər - artıq alışmışıq.
Belələri həmişə qaranı bəmbəyaz, ağı da zülmət qara kimi qələmə verməyə aludə olduqlarından dedikləri əsla önəmli deyil - zatən, həmin şəxslərin "ifa"larının sifarişinin haradan verildiyi, kimlər tərəfindən maliyyələşdirildiyi Polişinel sirrinə çevrildiyindən, izafi şərhə lüzum görmürük. 
Önəmli olan Azərbaycan rəhbərliyinin ölkədə qanunun aliliyini təmin etməkdə qətiyyətli olması, qanun qarşısında hər kəsin eyni mövqedə durduğunu hər bir vətəndaşa anlatmağa çalışmasıdır.
Və əgər kimlərsə vəzifəsinə, puluna, əlaqələrinə və qeyri "üstünlük"lərinə güvənərək qanunları tapdalamaqda, qanunsuzluqları artırmaqda sərbəst olduqlarını düşünürlərsə, səhv edirlər.
Səhvlər isə kimlər tərəfindən necə edildiyindən asılı olaraq cəzalandırılır.
Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra daha da sərtləşəcək.
MTN-in daxilində baş verən və indiyədək sirr kimi saxlanan qanunsuzluqların hamısı faş ediləcək.
Şübhəniz olmasın.  //milli.az

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...