Ekspert: Prezident İlham Əliyevin siyasətində sosial məsələlər prioritetlik təşkil edir

Ekspert: Prezident İlham Əliyevin siyasətində sosial məsələlər prioritetlik təşkil edir
Prezident İlham Əliyevin siyasətində sosial məsələlər prioritetlik təşkil edir.
 
Sfera.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində dövlət başçısının çıxışını şərh edərkən deyib.

Ekspert bildirib ki, Prezident İlham Əliyev daim öz çıxışlarında məcburi köçkünlərin problem və qayğılarının, ümumiyyətlə, onların sosial məsələlərinin daim dövlətin diqqət mərkəzində və hər zaman ön planda olduğunu vurğulayıb:

"Əbəs deyil ki, ölkə başçımız Azərbaycana rəhbərlik etdiyi son 15 ildə verdiyi vədləri əməli işləri ilə yerinə yetirib. Ümumiyyətlə, dövlət başçısının apardığı siyasətin tərkib hissəsi olaraq, sosial məsələlər prioritetlik təşkil edir və bu mənada, qaçqın və məcburi köçkünlər üçün yaradılan yüksək şərait bu reallığı özündə kifayət qədər ehtiva etməkdədir. Xatırlaya bilərik ki, cənab İlham Əliyev hələ 15 il öncə öz çıxışında bildirmişdi ki, qısa zamanda Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və bu gün bu vədə qətiyyətlə əməl olunub. Gördüyümüz kimi, regionlarımızda, şəhərlərimizdə məcburi köçkünlərimiz üçün ən yüksək səviyyədə sosial məişət məsələləri həyata keçirilib, demək olar ki, bu istiqamətdə aparılan işlər uğurla təsdiqini tapıb. Lakin onu da qeyd etmək istərdim ki, bu gün istər regionda, istərsə də beynəlxalq aləmdə əsas təşəbbüskar və ideyaverici olaraq çıxış edən Azərbaycan dövləti torpaqlarının Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal olunmasına faktına baxmayaraq, inkişaf və tərəqqi yolunu tutmaqdadır”.

Baş redaktorun sözlərinə görə, cənab İlham Əliyev bu kimi nüanslara toxunaraq qeyd edib ki, işğal altında qalan torpaqlarımız azad edildikdən sonra şəhər və kəndlərimiz yenidən qurulacaq, abadlaşdırılacaq: "Bu, həm də belə deməyə zəmin yaradır ki, təcavüzə məruz qalan Azərbaycan ona qarşı işğalçılıq siyasəti yürüdən Ermənistandan qat-qat güclü və qüdrətlidir. Bu gün Ermənistandakı vəziyyətin necə olduğunu hər birimiz görürük. Orada kimlərin, hansı siyasi güclərin hakimiyyətdə olmasından asılı olmayaraq, vəziyyət get-gedə daha böhranlı hala düçar olmaqdadır. İqtisadi tənəzzül, sosial ədalətsizlik, yoxsulluq və s. sahələrdə mövcud olan iflas, eyni zamanda, daxili və xarici siyasətlərində buraxdıqları ardıcıl səhvləri Ermənistan hakimiyyətinin idarəolunmaz xaosa doğru sürüklənməsindən xəbər verir. Əlbəttə ki, bütün bunlar qarşı tərəfin səhvlərinin bariz nəticəsidir və əgər ermənilər işğalçılıq siyasətindən əl çəkməzlərsə, daha ağır vəziyyətə düşməli olacaqlar”.

B.Quliyev ölkə rəhbərinin Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz təmin olunacağı barədə fikirlərini də şərh edərkən xatırladıb ki, bu, Azərbaycan dövlətinin və xalqının haqqıdır: "Söz yox ki, Ali Baş Komandan, Prezident İlham Əliyev bu məsələdə öz qətiyyətli mövqeyini qoruyub-saxlayacaq. Əbəs deyil ki, dövlət başçısı son bəyanatında 2019-cu ilin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola biləcəyini vurğulayıb və bu bəyanat həm də işğalçılar üçün bir mesaj olmalıdır. Onlar bu yanlış siyasətlərindən əl çəkməlidirlər. Əks halda, dövlət başçımızın da dediyi kimi, Azərbaycanın ərazi bütövlüyünün istənilən yolla bərpası bizim suveren hüququmuzdur”.
 

OXŞAR XƏBƏRLƏR