Ekspert: \"BTQ Azərbaycan üçün həm siyasi, həm də iqtisadi cəhətdən vacibdir\"
16:38 / 04.02.2020
1769
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Ermənistanı iqtisadi blokadaya alır, bu ölkənin ərazisi ilə heç bir yük keçmir”.
Bunu "Finans.az”a açıqlamasında siyasi ekspert İlqar Vəlizadə Prezident İlham Əliyevin "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının I ilinin yekunlarına həsr olunan konfransda BTQ-nin Azərbaycanın tarixi qələbəsi olması və Ermənistanın əbədi dalanda qalması fikirlərini şərh edərkən deyib.
O vurğulayıb ki, Azərbaycan Gürcüstana Ermənistanın BTQ-nin imkanından istifadə etməməsi ilə bağlı şərt qoyub: "BTQ Azərbaycan üçün iqtisadi və siyasi cəhətdən vacibdir. Bu layihənin reallaşması onu göstərir ki, Azərbaycanla düşmənçilik siyasəti yürüdən, ərazisini işğal etmiş Ermənistan regionda bütün böyük layihələrdən kənarda qalacaq”.
İ.Vəlizadə BTQ-nin reallaşması istiqamətində ölkəmizin üzləşdiyi problemləri xatırladıb: "Dəmir yolu xəttinin çəkilməsi ilə bağlı ilk addımlar 2007-ci ildən atıldı. Həmin vaxt Azərbaycan müxtəlif risklərlə üzləşmişdi. Bu dəmir yolu xəttini Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) bir hissəsi kimi təqdim etmək istəyirdik, amma TRASECA rəhbərliyi bundan imtina etmişdi. Onların tələbi Ermənistanın BTQ-yə qatılması idi. Digər tərəfdən, Rusiyada müxtəlif ekspertlər, tanınmış siyasətçilər BTQ-ni tənqid atəşinə tuturdular və iddia edirdilər ki, səmərəsi olmayan və riskli regionda həyata keçirilən bir layihədir. Onlar vurğulayırdılar ki, BTQ Mərkəzi Asiyadan gələn yüklərin Rusiyadan yan keçməsinə xidmət edəcək. Lakin Azərbaycan öz hesabına bu dəmir yolu xəttini çəkməyə nail oldu və Gürcüstana kredit verdi. Əsas məqam BTQ-nin fəaliyyət göstərdiyi müddətə köklənilməlidir. Bu gün BTQ-dən bir sıra ölkələr ilə yanaşı, Rusiyanın da yükləri daşınır və Rusiya bu layihədə iştirak edir”.