Ekspert: \"Bəziləri infeksiyanın mövcudluğunu dərk etmək istəmir\"

Ekspert: \

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tədbirlər davam etdirilir.

Bu məqsədlə son olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkətini 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırdı. Bu isə insanların yerüstü nəqliyyata üz tutmasına səbəb oldu.

Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bəziləri infeksiyanın mövcudluğunu dərk etmək istəmir:

"Qəbul etmək lazımdır ki, pandemiya var və artıq qlobal problemə çevrilib. Azərbaycan dövləti pandemiyanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür. Bununla əlaqədar hava, su, quru sərhədləri bağlanıb, yük daşımaları istisna olmaqla dəmiryolu ilə sərnişin daşımaları dayandırılıb. Atılan addımlar infeksiyanın yayılmasının qarşısını qismən alsa da, lakin infeksiyaya yoluxanların sayının son dövrdə artması bəzi insanların hələ də məsələyə qeyri-ciddi yanaşdığını göstərir".

Ekspertin sözlərinə görə, pandemiyanın böyük həddə yayılmasının qarşısını almaq üçün atılan növbəti addım metronun fəaliyyətinin dayandırılması oldu:

"Metro daha qapalı məkan olduğundan, təhlükəsizlik baxımından yerüstü nəqliyyatdan istifadə daha məqsədəuyğundur. Lakin bu, o demək deyil ki, zərurət yaranmadığı halda insanlar ictimai nəqliyyatdan istifadə etməlidir. Hazırkı vəziyyətdə vətəndaşlar sosial izolyasiya qaydalarına əməl etməli, işə getməsi vacib olan şəxslərin ictimai nəqliyyatdan istifadəsi üçün şərait yaratmalı, sıxlığa səbəb olmamalıdırlar. Yerüstü nəqliyyatın üzərinə daha çox məsuliyyətin düşdüyü bu günlərdə ehtiyac olmadan avtobuslara minməyərək onlara dəstək ola, sosial məsafə qaydalarına əməl edə bilərik".

Ekspert əlavə edib ki, bir çox şirkətlər işçilərinin ofisə gəlmədən məsafədən çalışmasına icazə versə də, hələ də qeyri-rəsmi çalışan şəxslər var:

"Belə işçilər müxtəlif səbəblərdən işə getməli olurlar ki, bu da nəqliyyatda sıxlığı yaradan amillərdən biridir. Həmçinin, insanlara "evdə qal" çağırışları etdiyimiz vaxtda paralel olaraq onlayn ödənişləri, kuryer xidmətlərini, evə daşınmanı inkişaf etdirməyə ehtiyac var. Mobilliyi azaldırıqsa, onun alternativini təşkil etməliyik. Bununla bərabər, müxtəlif şirkətlər işçilərinin daşınması üzrə servis xidmətləri təşkil edə bilər ki, bu da öz növbəsində ictimai nəqliyyatda sıxlığın yaranmasının qarşısını ala bilər".


OXŞAR XƏBƏRLƏR