Ekspert baş bankirin dediklərini təsdiqlədi: “DOLLAR BAHALAŞMAYACAQ…”

Ekspert baş bankirin dediklərini təsdiqlədi: “DOLLAR BAHALAŞMAYACAQ…”
 

"Əslində, mövcud vəziyyət Mərkəzi Bank rəhbərinin dediklərini hardasa təsdiq etmək üçün imkanlar yaradır”.


Sfera.az-a açıqlamasında bu sözləri Mərkəzi Bankın sədri Elmar Rüstəmovun dolların bahalaşmayacağı ilə bağlı verdiyi açıqlamasına aydınlıq gətirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:


"İndiki situasiyada məsələni Elmar Rüstəmovun 2015-ci ildə verdiyi bəyanatlardan sonra onun əksinin baş verməsi kontekstində qiymətləndirmək doğru deyil. Əslində, mövcud vəziyyət baş bankirin dediklərini hardasa təsdiq etmək üçün imkanlar yaradır. Çünki, faktiki olaraq bu gün hökumətin ortaya qoyduğu mövqe 2019-cu il ərzində manatın mövcud məzənnəsinin qorunub saxlanılması ilə bağlıdır. Xarici və daxili faktorlar da bunu müəyyən mənada dəstəkləyir. Belə ki, neftin hazırkı qiyməti, ixrac həcminin əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artması, strateji valyuta ehtiyatının həcmində 2 milyard manatdan artıq profisitin formalaşması, müsbət ixrac saldosu, daxili bazarda sərt pul kredit siyasətinin həyata keçirilməsi kimi faktorlar manatın məzənnəsinin indiki səviyyədə qalması üçün müəyyən potensial formalaşdırıb. E. Rüstəmov da böyük ehtimalla bu kontekstdən yanaşmaqla öz mövqeyini ortaya qoyub. OPEK-in hasilatın tənzimlənməsilə bağlı saziş müddətini 9 ay artırması növbəti dövrlər üçün enerji bazarlarında neftin qiymətinin azalması ehtimalını nisbətən sıfıra endirir. Belə bir vəziyyət, hökumətin məzənnə siyasətini ən azından daha 6 ay ərzində sabit saxlamağa çalışacağını deməyə əsas verir”.

 

Bununla bahəm, həmsöhbətimiz onu da vurğuladı ki, iki ildən sonra başlıca hədəf üzən məzənnə sisteminə keçmək olacaq: "2021-ci ildə hədəf üzən məzənnə rejiminə keçməkdir. Bu fonda artıq bazarlar üzərində hökumətin mövcud alətlərdən daha düzgün istifadə etməsi gərəkir. İndiki halda isə, məzənnənin sabitliyini qorumaq nisbətən daha asandır. Neft satılır, valyuta daxil olur və bu fonda da prosesi tənzimləmək mümkün olur. Ancaq üzən məzənnə dövründə ciddi funksional hazırlıqların görülməsinə ehtiyac vardır”.


Qeyd edək ki, son günlər Gürcüstanda dollar və avronun lariyə nisbətdə bahalaşması fonunda bəzi iqtisadçı ekspertlər Azərbaycanda da xarici valyutanın bahalaşacağını istisna etmirlər. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov isə bildirib ki, Azərbaycanda dolların bahalaşması üçün hər hansı bir əsas yoxdur. Hansı ki, əksər hallarda Mərkəzi Bank rəhbərinin dediyi fikirlərin əksinin baş verdiyinin şahidi olmuşuq.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR