Ekspert: “Azərbaycan Ordusunun tibbi təminatı yüksək səviyyədədir”

Ekspert: “Azərbaycan Ordusunun tibbi təminatı yüksək səviyyədədir”
 

"Azərbaycan Ordusunda həm həkim heyəti, həm də tibbi avadanlıq baxımından təminat yetərli qədərdir”.

Bunu "MediaPost"a açıqlamasında hərbi ekspert Abuzər Əbilov deyib.

Ekspertin fikrincə, ordu lazımi qədər tibb məntəqələri, hospital, tibbi personal və avadanlıqlar ilə təmin olunub:

"Öz gördüklərimin əsasında deyirəm ki, bu gün Azərbaycan Ordusunda tibb personalın peşəkarlığı, tibb məntəqələrindəki və hospitallardakı şərait yüksək səviyyədədir. Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirakı da bu sahəyə olan diqqəti göstərir”.

Onun sözlərinə görə, ölkənin hər tərəfində olan hospitallarda ən ağır cərrahiyyə əməliyyatları keçirmək mümkündür: "Əsgərlər, zabitlər, müddətdən artıq xidmət edən hərbi qulluqçular üçün bütün tibbi xidmətlər təmin olunur. Bundan əlavə Silahlı Qüvvələrin arsenalında həm də müasir tibb maşınları var. Bunlar hərbçilərin döyüş yerindən çıxarılması, təxliyə olunması üçündür. Eyni zamanda bu maşınlar hərbi hissələrdə şəxsi heyəti rentgen və digər tibbi müayinələrədn keçirmək üçün lazımı avadanlıqlarla təmin olunub".

Hərbi ekspert bildirib ki, hərbi hospitallarda və döyüş bölgələrində tibbi personaldan, tibbi avadanlıqlardan əlavə hərbi hissələrdə dərman preparatlarının, zəruri avadanlıqlarının ehtiyat fondu var: "Şəxsi heyət üçün preparatlar, avadanlıqlar, hətta qan lazım olarsa Bakıdan çatdırılmasına lüzum qalmayacaq. Çünki bütün bu ehtiyatlar Müdafiə Nazirliyinin hər bir bölgədə olan hərbi hospitallarında, hərbi hissələrin tibb məntəqələrində yüksək səviyyədədir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.

Hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üçüncü müalicə korpusunun açılış mərasimi keçirilib.

Tədbirdə iştirak edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti istifadəyə verilən müalicə korpusunda yaradılan şəraitlə tanış olublar.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Müdafiə nazirinə məruzə edib ki, üç mərtəbədən və bir zirzəmidən ibarət müalicə korpusunun ümumi sahəsi 4 000 kvadratmetrdir. Burada stomatoloji və oftalmoloji kabinetlər, manipulyasiya, qan götürmə, reanimasiya, növbətçi həkim, oksigen, dezinfeksiya, sterilizasiya, eləcə də digər xidməti və inzibati otaqlar, laboratoriya, yeməkxana, qazanxana, camaşırxana və müalicə alanların reabilitasiyası üçün nəzərdə tutulmuş idman zalı mövcuddur.

Bildirilib ki, dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.

Müalicə korpusunda yaradılan şəraitlə tanış olduqdan sonra Müdafiə naziri Tibb Baş İdarəsinin rəhbərliyi qarşısında tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.

OXŞAR XƏBƏRLƏR