Əhali dəmir yolu nəqliyyatından niyə az istifadə edir? - Ekspert səbəbləri göstərdi

Əhali dəmir yolu nəqliyyatından niyə az istifadə edir? - Ekspert səbəbləri göstərdi
 

"Azərbaycanın sərnişin daşınması üzrə dəmir yolu sistemi mövcud çağırışlara uyğunlaşdırılmayıb”

 

 

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda sərnişin daşınmasında dəmir yolunun çəkisinin biabırçı vəziyyətdə olmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, qiymət məsələsi, sürət və zaman amili bu prosesə öz mənfi təsirlərini göstərib:


"Ölkəmizdə infrastruktur inkişaf etdiyi üçün insanlarımız dəmir yolu deyil, digər növ nəqliyyatdan istifadə etməyə daha çox üstünlük verir. Bakı-Gəncə və Bakı ilə digər rayonlara dəmir yolundan istifadə etməklə getmək avtomobildən istifadə edərək getməkdən zaman baxımından daha artıq vaxt tələb edir. Bu da nəticə etibarı ilə vətəndaşların mütləq əksəriyyətinin dəmir yolu nəqliyyatına marağını azaldır. Dəmir yolu ilə sərnişin daşınmasının azalaraq simvolik rəqəmə düşməsinin digər səbəbi Azərbaycanda sürətli qatarlardan istifadə olunmamasıdır. Baxmayaraq ki, Bakı-Gəncə arasında sürətli qatar sistemi formalaşıb, amma yenə də onun sürətli olduğunu iddia etmək doğru deyil. Çünki, avtomobillə həmin yola sərf edilən zaman demək olar ki, eynidir”.

 

İnkişaf etmiş ölkələrin təcrübəsindən yararlanmağın vacibliyini önə çəkən ekpert hesab edir ki, dəmir yolu sistemi mövcud çağırışlara uyğunlaşdırılmalıdır: "Sərnişinlər əvvəlki dövrlərdə olduğu kimi, bir sutka, yaxud da sutkanın bir hissəsini yollarda keçirməklə mənzil başına çatmaqda maraqlı deyil. Ona görə də sürət qatarları gətirilməli, onların sürəti qənaətbəxş səviyyədə olmalıdır. Bu baş verərsə, əhalinin dəmir yolundan istifadə etməsinə maraq artacaq. Eyni zamanda dəmiryolu nəqliyyatında qiymətlər də tənzimlənməlidir. Sərnişinlərə optimal qiymətlər təklif edilmədən problemin həll olunacağına inanmıram”.


 

Qeyd edək ki, Azərbaycanda dünyada mövcud olan bütün nəqliyyat növlərindən istifadə edilməklə sərnişin daşınması həyata keçirilir. Ancaq vaxtilə dəmir yolu ilə sərnişin daşınması perestijli olsa da, indi ölkəmizdə bu sahə tamamilə bərbad hala düşüb. Belə ki, Dövlət Stratistika Komitəsinin məlumatına görə müstəqilliyin ilk illərində dəmir yolu ilə sərnişin daşınması Azərbaycanda ümumi sərnişin daşınmasının 1,5 faizini təşkil edirdisə, hazırda 0,1 faizə enib. Bu isə həmin sahənin çökdüyündən xəbər verir.

 

 

ELÇİN


OXŞAR XƏBƏRLƏR