Cəmİyyət

DYP getdi, BNA gəldi… Bakıda dayanma, durma “cəngəlliyi” hökm sürür – FOTOREPORTAJ

DYP getdi, BNA gəldi… Bakıda dayanma, durma “cəngəlliyi” hökm sürür – FOTOREPORTAJ
Paytaxtda nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinə nəzarətin Bakı Nəqliyyat Agentliyinə verilməsi şəhərdə bir xaos yaradıb. Buna hər gün şəhərdə sükan arxasında olanlar şahiddirlər. Paytaxt sanki bir maşın bazarına çevrilib. Üstəlik, 3 gün sonra başlanacaq yeni dərs ili Bakının altını üstünə çevirəcək. Amma gəl ki, dayanma, durma və parklanmanın təşkili, nəzarəti prezident fərmanı ilə iyuldan bəri Bakı Nəqliyyat Agentliyinə verilsə də, qurum sanki "yay yuxusu”na gedib.Şəhərin istənilən ərazilərində dayanma, durma qaydalarının kobud şəkildə pozulduğunu görmək mümkün olsa da, BNA tərəfindən 2 ay ərzində heç bir tədbir görülməyib.

Digər tərəfdən, sual yaranır ki, fərman qüvvəyə mindiyi tarixdən bu proqramları həyata keçirməyə ayrılan vəsaitlər hara yönəlib? Agentlik özünü bu məsələdə tamamilə "fransız” aparır. 

Sfera.az olaraq Bakıda apardığımız müşahidələr zamanı sürücülərin əksəriyyətinin bu qaydalara əməl etməməsinin şahidi olduq. Lakin onlara cərimə kəsəcək nəqliyyat müfəttişləri şəhərə ezam olunmadığına görə, bu sahədə bir cəngəllik qanunları hökm sürür. Yaranmış boşluqdan istifadə edən bir çox sürücülər də cərimə yazılmayacağına arxayınlaşdığı üçün avtomobilini könlü harda xoşdursa, orda saxlayır.  

Əslində, prezidentin fərmanı ilə dayanma, durma və parklanmanın Dövlət Yol Polisindən alınıb Bakı Nəqliyyat Agentliyinə verilməsindən sonra sonuncu tərəfindən müfəttişlər ayrılmalıydı. Çünki DYP əməkdaşlarının dayanma, durma qaydalarını pozanlara cərimə yazmaq hüququ yoxdur. BNA isə 2 aydır işçi bazasını yaratmır və buna görə də sürücülər şəhərdə "kef edirlər”. Kim avtomobilini harda istəyirsə, saxlayır - kimisi piyada zolağının üstündə, kimisi səkidə, kimisi işıqforda ... 

Monitorinqlərimiz zamanı bu cür qayda pozuntularının Bakının əksər ərazilərində müşahidə etdik. Hazırda şəhərin həm mərkəzində, həm ətraf ərazilərində xaotik vəziyyətdir.

Fərmanda qeyd olunub ki, BNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür.
Amma BNA tərəfindən bunların heç biri təşkil olunmayıb. Fərman iyulun əvvəlində verilib, təxminən 3 aya yaxındır ki, qüvvədədir, di gəl Bakının səkiləri, dayanma, durma qadağan olunan əraziləri sürücülərin cəngindədir. 

Bu özbaşınalıqdan, nəzarətsizlikdən şikayətlənən obyekt sahibləri, habelə qaydalara əməl edən sürücülərin sözlərinə görə, BNA tezliklə nəqliyyat müfəttişlərini Bakının yollarına səfərbər etməlidir. Ona görə yox ki, sürücülər inzibati qaydada cərimələnsinlər, ona görə ki...onları maarifləndirmək lazımdır. 

Məsələn, çəkiliş apardığımız Babək prospektində, "Neftçilər” metrosu yaxınlığında, o cümlədən Bakıxanov qəsəbəsi ərazisində, Nərimanov və Yasamal rayonlarında sürücülərin səkidə, piyada zolağının üstündə, dayanma, durma qadağan edilmiş yerlərdə maşınlarını park etmələrini gördük.
Sürücülər nəzarətsizlikdən və cərimə yazılmayacağından arxayınlaşdığı üçün qaydaları pozmaq, avtomobili harda gəldi saxlamaq onlarda vərdişə çevrilir.
Yeni dərs günü isə bu cür cəngəllik mənzərəsi davam edərsə, Bakıda nəqliyyat xaosu yaşanacaq.

"Mən həmişə dayanma qaydasına əməl etmişəm. Bu mədəniyyət olmasa, şəhər "kaşa” olar. Sürücülər də gərək düşüncəli olsunlar. İndi 4 gün sonra məktəblər başlayır, tıxaclar olacaq. Ona görə bu sahəyə nəzarət yoxdursa, o demək deyil ki, biz də necə istədik, harda gəldik maşını park edib getməliyik. 
Çünki axırda əziyyətini nə DYP, nə başqası çəkir, yenə yollarda qalan da biz oluruq, tıxaca düşən də, sıxlıqdan çıxa bilməyən də...” -, deyə söhbətləşdiyimiz sürücülərdən Vüqar Seyidov bildirdi.

Taksi sürücüsü Malik isə deyir ki, dayanma, durma qaydalarını ən çox pozan bahalı avtomobillərin sürücüləridir: 

"Taksi şoferi kasıb adamdır, bilir ki qaydanı pozsa, cəriməsi gələcək. Həm də biz bütün günü şəhərdəyik, ilk növbədə biz nümunə olmalıyıq. 
Amma bu bahalı maşın sürənlər, "Cip”lərdə gəzənlərin bəzilərinə elə gəlir ki, şəhər bunların həyət evidir ya da yaşadığı kəndin boş sahəsidir, harda istədilər saxlayırlar, çıxıb gedirlər”.       

BNA isə rəsmi açıqlamasında hələlik bu sahəyə nəzarət etmək imkanının olmadığını bildirib. Bildirilib ki, bunun üçün geniş işçi bazası formalaşmalı, baza sistemi yaradılmalı, avadanlıqlar qurumalı və texnologiyaların tətbiqi ilə bağlı bir çox işlər görülməlidir.  

Belə görünür ki, Nazirlər Kabineti BNA öz sistemini qurana qədər paytaxt ərazisində parkinqə nəzarəti başqa bir təşkilata verməlidir. 

Çünki agentlik baza sistemini qısa vaxtda qura bilməyəcək. Buna görə də müəyyən tədbirlər görülməlidir,  bu işi nə vaxta kimi qura biləcəklərini BNA və DYP rəhbərliyi görüşüb müzakirə edə bilərlər. 

Sentyabrın 17-də məktəblər açılır. Görək, nəzarətsiz qalan Bakı küçələrində nələr baş verəcək...

Aslan Mirzə  
  


AdRiver

XƏBƏR LENTİ