Dünya

Dünyanın ən məşhur qatili, 51 ilin dustağı - Kennedini güllələyən Sərxan Sərxan kimdir? - FOTO

Dünyanın ən məşhur qatili, 51 ilin dustağı - Kennedini güllələyən Sərxan Sərxan kimdir? - FOTO
Bu adam (şəkildəki) dünyanın ən məşhur qatilidir. Çünki o, ABŞ prezidenti seçilməsi yüzdəyüz olan bir adamı - Robert Kennedini öldürüb.
Bu, o, Robert Kennedi idi ki, mərhum qardaşı, prezident Con Kennedinin dönəmində ədliyyə naziri və baş prokuror olmuşdu. Daha sonra isə qardaşının kreslosunda oturmuş Lindon Consonla işləmək istəməyərək vəzifəsindən getmiş, senator seçilmişdi və 1968-ci il seçkilərində prezident olmaq iddiasını ortaya qoymuşdu. Qətlə yetirilməsəydi, 5 aydan sonra ABŞ prezidenti olacaqdı.
Bu adam - Sərxan Sərxan isə onun ömrünə və karyerasına son qoyub, ABŞ tarixini başqa istiqamətə yönəldib. 
Dünən Sərxan Sərxanı - 51 ildir həbsxanalarda cəza çəkən 75 yaşlı məhbusu həbsxanada bıçaqlayıblar. Hadisə San-Diyeqo şəhərinin Riçard Donovan həbsxanasında baş verib. 50 il həbs cəzası almış Sərxan bu həbsxana saxlanılırdı.
Əslində, qalmaqallı qətli törədəndən sonra ələ keçən, mühakimə olunan S.Sərxana öncə edam cəzası veriblər və gözlənilirmiş ki, onu elektrik stuluna oturdub edam edəcəklər. Amma sonradan məhkəmə onun cəzasını bir qədər yumşaldıb, ömürlük cəza ilə əvəz edib.
Hazırda həyatına qəsd edilmiş məşhur qatilin vəziyyəti yaxşıdır. Onun qatili uğursuz olub, ya onu öldürə bilməyib, ya da öldürmək istəməyib.
Bəs Sərxan Sərxan kimdir və onun Robert Kennedi ilə nə alıb-verəcəyi olub?
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Sərxan Bişar Sərxan (ingiliscədə Sirhan Bishara Sirhan, ərəbcədə. سرحان بشارة سرحان‎) fəsəstinlidir, İordaniya vətəndaşı olub, 1944-cü ilin 19 martında Yerusəlimdə (Qüds) varlı və xaçpərəst ərəb ailəsində doğulub. Onun atası Bişar Sərxan şəhər su təchizatı xidmətində yüksək vəzifəli şəxs olub. 1948-ci ildə baş verən ərəb-İsrail müharibəsindən sonra Sərxan ailəsinin maddi vəziyyəti kəskin şəkildə pisləşib. 1956-cı ildə ailə ABŞ-a köçüb. O zamanlar gələcək qatilin 12 yaşı olub.
Orta məktəbi bitirəndən sonra Sərxan mehtər və satıcı işləyib, okkultizmlə maraqlanıb və tapançadan atəş açmaq vərdişlərinə yiyələnib. O, ərəb millətçisi olaraq, anti-İsrail baxışlara malik olub. Onun 1968-ci ilin may ayında öz gündəliyində belə bir qeyd etdiyi ortaya çıxıb: "R.F.K.-nı məhv etmək arzum getdikcə daha qarşısıalınmaz xarakter alır... Robert F. Kennedi öldürülməlidir. Robert F.Kennedi 68-in 5 iyununa qədər öldürülməlidir". Hesab olunur ki, senator Robert Kennedi Sərxanda öz İsrailpərəst siyasəti ilə nifrət oyadıb. 5 iyun isə İsrail və ərəb dövlətlərinin arasında baş verən "altı günlük müharibə"nin ildönümü günüdür.

1968-ci ili iyun ayının 4-dən 5-nə keçən gecə Robert Kennedi mühafizəçiləri ilə birlikdə Los-Ancelesdəki "Ambassador" otelinin konsert salonundan (o, burada nitq söyləyib) çıxıb, mətbuat konfransı keçirmək üçün başqa zala daxil olduğu vaxt mətbəx dəhlizindən keçərkən bir dəstə adam gələcək prezidentin əlini sıxmaq istəyib, basabas salıblar. Həmin anda Sərxan 22 çaplı tapançadan ona atəş açıb və R.Kennedi 3 güllə yarası alıb. Güllələrdən biri onun başına dəyib və Kennedi 26 saatdan sonra xəstəxanada vəfat edib. Həmin vaxt daha beş nəfər ölümcül olmayan güllə yaraları alıblar.
Sərxan cinayət yerindəcə yaxalanıb. O, məhkəmədə bildirib ki, Kennediyə atəşi bilə-bilə açıb və 20 yaşından bu niyyətdə olub (1968-ci ildə onun 24 yaşda imiş). Ancaq sonradan o, bu ifadəsindən tamamilə imtina edib, deyib ki, atəş açması ilə bağlı yadında heç nə qalmayıb. Onun vəkilləri sübut etməyə çalışıblar ki, Sərxan o qədər də ağlı başında biri deyil. Bununla belə, məhkəmə S.Sərxana ölüm cəzası kəsib. 1972-ci ildə isə Kaliforniyanın ali məhkəməsi bu edam cəzasının konstitusiyaya zidd olduğu əsas götürərək, Sərxanın cəzasını yüngülləşdirib, ona ömürlük həbs cəzası təyin edib.
Belə bir nəzəriyyə var ki, əslində Robert Kennedi Sərxanın gülləsindən ölməyib. O, senatora tərəf atəş açsa da, guya Kennedini ikinci bir atıcı vurub. Məhkəmə tibb ekspertləri də belə bir versiyanın mümkünlüyünü istisna etməyiblər. Hadisə şahidləri bildiriblər ki, Kennedi əlində silah olan Sərxana qarşı yeriyirmiş. Amma ölümcül güllə yarası onun başının arxasındadır. Ancaq FTB-nin 1975-ci ildə yaydığı hesabata görə, "ikinci atıcı" barədə hər hansı bir tutarlı dəlil yoxdur. Güman olunur ki, Kennedinin başının arxasından dəyən güllə onun kiminsə əlini sıxmaq üçün geri döndüyü zamana təsadüf edib.
Onu da qeyd edək ki, ABŞ tarixinin ən sirli, müəmmalı və qalmaqallı qətlləri (Con Kennedi, Merilin Monro, Martin Lüter Kinq, Robert Kennedi və s.) FTB-nin başında Edqar Huver ad-soyadlı adamın durduğu 50 illik dönəmdə baş verib.
Bu üzdən hesab olunur ki, Kennedinin qətli ABŞ "dərin dövləti" tərəfindən planlaşdırılıb, onun prezident olmasının qarşısını almaq istəyiblər ki, qardaşı Con Kennedinin əsl qatillərinin aşkara çıxarmasına mane olsunlar. Bu, kifayət qədər tutarlı versiyadır. Bir qardaşın qatillərinin əlində ikinci qardaşı da qətlə yetirmək çətin deyildi. Bundan ötrü istənilən cür motiv uydurmaq və qətli icra edəcək adam tapmaq asan iş idi.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031