Dünya skautları Bakıya toplaşır
Avqustun 14-18-də Bakıda 41-ci Dünya Skaut Konfransı keçiriləcək.
Sfera.az xəbər verir ki, dünyanın 157 ölkəsindən ümumilikdə 1500-dən artıq skautun qatılacağı bu beynəlxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) üzvlərinin nümayəndələrinin, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqları da iştirak edir.
Avqustun 7-10-da Qəbələdə keçirilmiş Dünya Skaut Gənclər Forumunun iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparmış, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi etmişlər. Forumda 133 ölkədən 320 gənc iştirak edib.Forum çərçivəsində "Mədəniyyət axşamı”nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirib.Azərbaycanlı təmsilçilrin milli mədəniyyətimiz təqdim etməsi maraqla qarşılanıb.
Avqustun 13-də paytaxtımızın gözəl məkanlarından biri olan Fəvvarələr meydanında 41-ci Dünya Skaut Konfransı çərçivəsində fotosərgi açılıb.
Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində 14-18 avqust tarixlərində keçirilən Dünya Skaut Konfransında isə əsas mövzu skaut təşkilatlarının gələcək inkişafından, strategiya və fəaliyyətlərinin yaradılmasından, eləcə də gələcək dövrlərə təşkilatın rəhbər orqanlarına sədrin və üzvlərin seçilməsidir.
13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirlər olacaq.
Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevralında DSHT-nin əsas tədbirləri olan və üç ildə bir dəfə keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürüb. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.
Tarixi arayış:1907-ci ildə Lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır.
Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il oktyabrın 11-də təsis edilmiş və hazırda təşkilatın 16 regiondan 1750-dən artıq üzvü vardır. Təşkilat 2000-ci ildən etibarən ölkəmizi Dünya Skaut Hərəkatında təmsil edir.